Hər şey biri-birinə qarışıb. Belə vəziyyətdə nikbinliyini saxlayan tək bizim hakimiyyətdir, çünki onlar bir çox şeylərin fərqində deyillər. Məsələn, onları belə bir detal narahat etmir ki, qonşu Gürcüstan addım-addım NATO üzvü olmağa yaxınlaşır. Mənim şəxsən buna paxıllığım tutur. Niyə onlar, biz yox?
Bu sual mənə rahatlıq vermir. Lakin mənə elə gəlir ki, Gürcüstanın bu yolda çətinlikləri hələ tamam çəkilməyib. M.Saakaşvilinin prezidentilik vaxtı, səhv etmirəmsə, 2013-cü ildə bitir. Gürcü siyasətçiləri xarici siyasətdə varisliyi saxlaya biləcəklərmi? Bunun hələ ki, dəqiq cavabı yoxdur. Saakaşvili indi o qədər nikbin görünür ki, bu nikbinlik hətta başqalarına da sirayət edir. Deyir ki, Gürcüstan 2014-cü ildə NATO-nun üzvü olacaq. Təbii ki, bütün bunları siyasi öncəgörmə hesab etmək və əlini yelləmək olar. Lakin mən bizlərin və gürcülərin milli özünüidentifikasiya meyllərinə çox diqqət yetirirəm. Onlar o qədər Avropaya can atırlar ki, gec-tez, bu, reallığa çevrilməlidi. Hətta bizim müxalifət də qurultayını Gürcüstanda keçirmək istəyirsə, bunun özü də artıq nəyəsə dəlalət edir. Bəli, Gürcüstan indi Qafqazda Avropanın guşəsi olmaq istəyir. Vaxtilə bizim də belə arzularımız var idi. Amma bu hakimiyyət gəlişi ilə hər şeyi öz mahiyyətindən ayırıb bazara çevirdi. Bunlar Gürcüstana sadə tranzit ərazisi kimi baxırlar. Düzdür, bunun üstündə çox əsirlər, çünki neftin və neft ticarətinin öz məntiqi və bunlar üçün müstəsna əhəmiyyəti var. Mən çox istədim ki, bu yazıda Qafqazda NATO ilə bağlı tendensiyaları bir daha o prosesin süzgəcindən keçirim. Lakin həvəs qalmayıb. Ən azı o səbəbdən ki, I.Əliyev NATO-nun da damarını tutub. NATO üçün indi əsas məsələ əfqan məsələsidir. Onlar Əfqanıstandan elə çıxmaq istəyir ki, bir neçə illik səyləri boşa çıxmasın. I.Əliyev isə onlara həm tranzit, həm də maliyyə təklif edir. O səbəbdən də NATO ölkələri Azərbaycandan razı qalmaya bilməzlər. Əgər bu ölkə, yəni Azərbaycan NATO-ya üzv olmaq üçün Gürcüstan qədər çalışıb-vuruşsaydı bəlkə də çoxdan hər iki ölkə NATO-nun üzvü idi. Lakin bunu I.Əliyev komandasından gözləmək əbəsdir. Bunlar mahnı festivalı ilə, bir-iki keçidlə millətin könlünü almaq istəyirlər. Özləri də düşünmürlər ki, indiki zamanda bütün bunlar çox xırda şeydir. Mən hələ onu demirəm ki, həmin o kiçik işlərin müqabilində onların dəyərindən qat-qat çox vəsait mənimsənir.
Bəli, keçmişdə də Şərq şahları özlərini şairlərlə, alimlərlə əhatə etməyi sevir və bundan görüntü kimi istifadə edirdilər. Indi idman və mədəni tədbirlər də bu ölkədə məhz həmin məqsədə dəlalət edir. Bunların heç biri əsl milli inam və güvənc yaratmaq iqtidarında deyil. Hə, hətta qara Afrika da bəzi hallarda öz idmançıları və öz folkloru ilə öyünə bilər. Amma Afrikanın adı elə Afrikadı və heç kim onlara həsəd aparmır. Bəlkə bizə həsəd aparırlar? Əsla. Hətta bu xaricilər bir tərəfə, özümüz özümüzdən qürur duymuruq. Bəli, indi Qafqazda dağlar arxasında üç ölkə var. Yox, mən onlara “dağlar arxasında üç dost və qardaş” deməzdim. Lakin onların Avropadan real məsafələri eynidir. Fəqət, onların hər biri bu yolu özü bildiyi kimi gedir. Kimisi Avropaya qaça-qaça gedir, kimisə də sürünə-sürünə, eləsi də var ki, heç yerimir, yerində oturub ağlayır. Bəli, qaçanlar, sürünənlər və bir də yerində sayanlar var. Hərə bunu özü müəyyənləşdirə bilər ki, kim hansı qrupa aiddir. Ağlayanlar haqda bizim M.Ə.Sabirin gözəl sözü var: ağladıqca kişi qeyrətsiz olur! Yəqin ki, indi başa düşdünüz ağlayanlar kimdir? Bəli, söhbət Ermənistandan gedir. Sürünənlər bizik, Avropaya doğru getmirik, zorla sürüdüb aparırlar. Bizim haqqımızda o qədər söz deyilib ki! Amma ən yaxşısı M.Qorkiyə məxsusdur. Bəli, deyib ki, sürünənlər uça bilməz! Özünüz də görürsünüz, ha çalışırıq, uça bilmirik, bu qədər əlləşirik-vuruşuruq, leyk uça bilmirik, çünki qanadlarımızı yolublar…
Bizim heykəllər niyə kədərlidir?
Bəli, bu yazını da belə bitirdik. Çox istərdim ki, yazıda məyus və kədərli, bir qədər də pessimsit notlar olmasın. Amma özümüz bir tərəfə, bir heykəllərə baxın. Onların hamısı kədərlidir. Hamısı kədərlə bizi seyr edir…

Qaçanlar, sürünənlər və yerində sayanlar
•