Rəsmi Bakı Avropa Parlamentindəki deputatları ələ almaq üçün kürü və başqa bahalı hədiyyələr paylayır
Avropa Birliyinin qeyri-rəsmi mətbu orqanı sayılan “euobserver.com” saytında Azərbaycan hakimiyyətinin lobbi fəaliyyətini ifşa edən məqalə yayımlanıb. Məqalənin əvvəlində Avropa Parlamentinin ölkəmizlə bağlı sonuncu qətnaməsinə istinadə olunur. Əlavə edək ki, həmin qətnamədə deyilir ki, Azərbaycanda jurnalistlər döyülür, siyasi müxalifət həbsə atılır, vətəndaşların evləri uçurdularaq yerində ticarət mərkəzləri tikilir.
Məqalə müəllifinin fikrincə, son günlər “Eurovision” ərəfəsində dünyanın aparıcı KİV və insan haqları təşkilatlarının ölkəyə diqqət ayırmasına Azərbaycan hökuməti həssaslıqla yanaşır. Ölkə başçısı İlham Əliyevin xanımı Mehriban Əliyevanın “Eurovision” yarışmasının təşkilində şəxsən iştirakı, qızının isə Bakını tanıtmaq üçün jurnal çapına başlaması göstərir ki, bu həssaslıq “yuxarı”ya doğru gedir. Bunula yanaşı qeyd olunur ki, Azərbaycan hökuməti ABŞ-da lobbiçiliklə məşğul olmaq üçün “Bob Lawrence & Associates”, “Jefferson Waterman International”, “Fabiani” və “Company and Patton Boggs” kimi 4 lobbi firmasının xidmətindən yararlanır. Avropa Birliyində Azərbaycanın təbliğatı ilə əsasən “Avropa Azərbaycan Cəmiyyəti”nin (TEAS) Berlin, Brüssel, London və Parisdəki ofisləri məşğul olur. Xatırladaq ki, TEAS-ın rəhbəri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.
“Azərbaycanın Avropa Birliyi mərkəzində təbliğatı ilə məşğul olan digər fond – OCAZ (Communication of Azerbaijan) bir sirrə çevrilib. Fondun internet səhifəsindəki telefon nömrələrinə və email-lərə cavab verilmir. Eyni zamanda, Azərbaycan Avropa Şurası və Avropa parlamenti üzvlərini Bakıya gətirir və onlara bahalı hədiyyələr verir”, – deyə məqalədə bildirilib.
Saytda dərc olunan məqalədə Azərbaycan hakimiyyətinin lobbi fəaliyyətinin qaranlıq məqamları da ifşa olunub:“Mayın 24-də Berlində yerləşən “Avropa Sabitlik Təşəbbüsləri” adlı qeyri-hökumət təşkilatı Azərbaycan rəsmisinə istinadən məlumat yayıb ki, Azərbaycana gələn avropalı parlamentarilər ipək xalçalar, qızıl və gümüş əşyalar, içkilər, balıq kürüsü və pul hədiyyələri alır. Bakıda ortalama bir hədiyyə 2 kiloqram balıq kürüsüdür ki, bunun da dəyəri 2500 avroya bərabərdir. TEAS-ın Brüssel ofisindən bildirilib ki, qurum müstəqil bir QHT-dir. Təşkilatın başında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun milyonçu oğlu Tale Heydərov dayansa da qurum Azərbaycan diasporunun adi üzvləri tərəfindən maliyyələşdirilir”.
Müəllif Tale Heydərovun təşkilatının ölkəmizlə bağlı qətnamələrə marğına da toxunulub. Əvvəllər “Burson-Marsteller”də işləmiş hazırda TEAS-ın sözçüzü olan Leon Cuk Avropa təsdiq edib ki, Tale Heydərovun rəhbəri olduğu təşkilat Avropa Birliyinin son iki qətnaməsinə – Avropa və Ermənistan münasibətləri və Azərbaycanda insan haqlarına dair qətnamələrə maraq göstərib. Bundan başqa mayın 24-də qəbul olunan qətnamədə bəzi cümlələrin daxil edilməsi də şübhəli məqam kimi təqdim olunub:“Mayın 24-də Avropa Parlamentinin sağ-mərkəzçi qrupu Azərbaycanda insan haqları ilə bağlı növbəti qətnaməsinə “Müxalifətlə siyasi dialoqlarda müsbət inkişaf” və “Bakının demokratiya və qanunun aliliyini gücləndirməkdə cəhdləri” kimi “şirin” cümlələr daxil edib. Avropa Parlamentin rumıniyalı deputatı Monika Makoveyi Avropa Birliyinin müşahidəçisinə bildirib ki, bu cümlələr qətnaməyə “qrupda məndən üstün olan” şəxs tərəfindən saldırılıb. O, bundan məmnun olmadığını da əlavə edib.
İnformasiya şöbəsi