Rusiyadakı azərbaycanlı milyarder Nazim Ibrahimova qarşı hücuma keçib?
“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) Ibrahimovlardan alınmasının səbəbləri barədə yeni məlumatlar yayılıb. Qeyd edək ki, “Azadlıq” bunu hakim ailənin iqtidarın nəzarətində olan media quruluşlarını bir əldə cəmləmək planları və Diaspora Məsələləri üzrə Komitənin sədri Nazim Ibrahimovun vəzifəsinin öhdəsindən gələ bilməməsi ilə izah etmişdi. Xarici media ilə əlaqə qurmaq tapşırığ alan komitə sədri bu işi uğurla yerinə yetirdiyi barədə Prezident Administrasiyasına hesabatlar verib. Lakin “Eurovision” ərəfəsində bütün bunların yalan olduğu üzə çıxıb. Ilham Əliyev Nazim Ibrahimovun bu addımından hiddətlənərək onun cəzalandırılması qərarına gəlib. ATV-ni itirən komitə sədrinin yaxın vaxtlarda vəzifəsini də itirəcəyi bildirilir.
“Reytinq” qəzeti isə bu məsələdə Rusiya izinin olduğunu yazıb. Qəzetin məlumatına görə, Ibrahimovların teleməkandan uzaqlaşdırılmasında Rusiyanın prezidenti Putinə yaxın milyarder iş adamının müstəsna rolu olub. Bu, Rusiyanın Sankt-Peterburq şəhərindəki Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişovdur. Qəzet yazır ki, Vaqif Məmişovla Azərbaycanın Sankt-Peterburqdakı konsulu Qüdsi Osmanov arasında problemlər yarananda Nazim Ibrahimov konsulun tərəfini tutub. Üstəlik, o, milyarderi diasporun başından kənarlaşdırmağa çalışıb.
Bütün bunları unutmayan Vaqif Məmişov Putinin ikinci qayıdışından sonra Nazim Ibrahimovla haqq-hesab çəkməyi düşünüb. Məlumatda deyilir ki, təxminən 20 gün əvvəl Vaqif Məmişov şəxsi təyyarəsi ilə Bakıda olub. O, qısamüddətli səfər çərçivəsində diaspor ətrafında yaşanan əsl həqiqətləri də görüşdüyü yüksək çinli məmurlarımın diqqətinə çatdırıb. Bu görüşdən təxminən 15-16 gün keçdikdən sonra isə ATV Ibrahimovlardan alınıb. Qəzet yazır ki, Vaqif Məmişov Nazim Ibrahimovun tutduğu postdan uzaqlaşdırılmasını da qarşısına məqsəd qoyub.
Hikmət