Hava, yoxsa hava haqqında məlumat

Hakimiyyət mənsublarının yaxşı bir sözü var: “Müxalifət ölkənin imicini korlayır…”.
Kimsəyə sirr deyil ki, Azərbaycanda hakimiyyəti ələ keçirən gündən bu yana YAP iqtidarı Azərbaycanın imicini özü formalaşdırıb. Bütün imkanları, hətta oturmağa yeri olmayan müxalifət ölkənin imicinin formalaşmasında heç bir qatqıda buluna bilməzdi. Ölkənin imicini istisnasız olaraq onu idarə eləyənlər formalaşdırırlar.
Ümumiyyətlə, Azərbaycanın imici həmişə iki parametr üzrə formalaşdırılıb: hakimiyyət və dövlət. Hakimiyyət dövlətin büdcəsini talayaraq milyonlarla dolları xarici lobbilərin cibinə axıdıb, çalışıb ki, özlərindən mütərəqqi tipli, demokratiyaya, islahatlara meylli, Avropa dəyərlərinə can atan bir hakimiyyət obrazı yaratsınlar. Bu milyonların sayəsində paradoksal vəziyyət yaranıb. Bir yandan gerçəkdən də nəyəsə nail olublar, hakimiyyətin başında duranların “Avropaya meyilli” obrazı yaranıb, o biri yandan isə dövlət olaraq bütün hesabatlarda Azərbaycan avtoritar, diktaturaya meyilli, rüşvətin, korrupsiyaının, qeyri-azad iqtisadiyyatın, monopoliyanın mövcud olduğu, insan hüquqlarının cəngəllik səviyyəsində pozulduğu şərq despotizmi şəklində bir dövlət imici qazanıb. Indi belə çıxır ki, dövlət son dərəcə mənfi imicli, onun başında duranlar isə öz frakları qədər mütərəqqidirlər.
Bəs müxalifət Azərbaycanın dövlət olaraq imicini necə korlayır? Axı dedik ki, bu mənfi imici var qüvvəsini sərf edərək hakimiyyət özü yaradıb. Müxalifət isə məhz həmin imici tənqid eləyir, beləliklə də nəinki o imici korlayır, əksinə, onu daha da gözəlləşdirir, dolğunlaşdırır. Deməli, məntiqlə bu irad haqlı deyil. Imicin korlanması pis haldırsa, müxalifət isə həmin imici korlamayıb, daha da ətə-qana doldurursa, bu hesabla yaxşı iş görür və hakimiyyət buna görə müxalifətə yalnız təşəkkür eləməlidir.
Lakin onlar nədənsə narazı görünürlər. Belə çıxır ki, qarınağrısının səbəbi ayrıdı. Axı əvvəldə dedik ki, söhbət iki imicdən gedir. Birini danışdıq. Məlum oldu ki, müxalifət, satılmamış hüquq müdafiəçiləri, Ziyalılar Forumu elə hakimiyyətin yaratdığı imicə zərrəcə zərbə vurmayıb, əksinə hərəkət eləyiblər. Deməli, söhbət dövlətdən yox, məhz hakimiyyətdən gedir. O hakimiyyətdən ki, guya təəssübünü çəkdikləri dövlətin büdcəsini yelə sovuraraq, onu öz imiclərinin formalaşmasına xərcləyiblər, hətta dünyanı çaşdırmaq dərəcəsində buna az-çox nail olaraq bir paradoksa imza atıblar və elə korlanan, zədələnən imic də bu olub: hakimiyyətin ifşası, onların maskasının yırtılması, dövlətin imici ilə üst-üstə düşməyə başlaması. Artıq dünya onlara öz dövlətlərindən yaraşıqlı varlıqlar kimi baxmır. Demokratiyadan, insan haqlarından, söz, mətbuat, sərbəst toplaşma azadlığından söz düşəndə milli dəyərlərini gözə soxan bu təfəkkür sahibləri nədənsə öz təmtəraqlı məclislərində, müsamirələrində, açılışlarında frak geyinir, milli geyimi yada salmır, öz xüsusi geymiləri olduğunu söyləmir, xəncər qurşayıb, qurşaq bağlamır, qaragül papaq qoymurlar. Müxaliflərin korladığı imic də elə budu. Onlar Avropanın gözünü açır, gözü açılmayanda göz qapaqlarını əllərilə aralayıb göstərirlər ki, bu hakimiyyətin geydiyi frakın altında əslində nə yatır: xəncər, çərkəzi çuxa, qurşaq, patrondaş, uzunboğaz dəri çəkmə, qamçı…
Insan xislətində qəribə bir təzad var: havaya yox, hava haqqında hidrometeoroloqların verdiyi məlumata inanmaq və bayıra çıxanda əyin-başlarını ona görə geyinmək. Azərbaycan insanı kimi Avropa da bu günəcən ölkəmizdəki havaya yox, hakimiyyətin verdiyi hava haqqında məlumatlara inanıblar. Indi birdən-birə əynini nazik eləyib ölkəmizə gəlib, gözlənilmədən əsl havayla üz-üzə qalıblar. Bizim də dünyadan istədiyimiz elə budur: havaya inanın, qardaşlar, havayı söz-söhbətə yox…