Rafiq Tağının qatilləri niyə tapılmır?

Eynulla Fətullayev: «Qətlin üstü açılmırsa, deməli, arxasında siyasi motiv dayanır»

Yazıçı Rafiq Tağının qətlindən altı ay keçsə də, cinayəti törədənlərin kimliyi məlum olmayıb. Qətldən sonra əsas versiya kimi hadisənin törədilməsində Iranın əlinin olduğu bildirilirdi. Bunun üçün müəyyən əsaslar da var idi. Çünki Iran ayətullalarından biri hətta Rafiq Tağının qətlinə fətva da vermişdi. Hazırda Iranla Azərbaycan arasında münasibətlər son dərəcə gərgindir. Əgər qətldə həqiqətən də Iranın əli varsa, hakimiyyət cinayətin üstünün açılmasında maraqlı olmalıdır. Versiya sübuta yetirilsə, Azərbaycan tərəfi Iranı ittiham etmək üçün tuturlı əsas əldə edə bilər. Belə olan halda qətlin üstü niyə açılmır? Rafiq Tağının ailəsinin vəkili Elçin Sadıqov “Mediaforum” saytına açıqlamasında bildirib ki, Elmar Hüseynovun qətli kimi bu cinayətin istintaqını da illərlə uzadacaqlar. Çünki istintaq qətlin üstünün açılmaması üçün çalışır.
Rafiq Tağınınÿqətlini araşdıran Jurnalist Təhqiqat Qrupunun üzvüÿEynulla Fətullayev də Rafiq Tağının qətlinin üstünün açılmayacağını ehtimal edir. Buna səbəb isə cinayətin isti izlərlə açılmamasıdır. E.Fətullayevin fikrincə, Azərbaycanda hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış fəaliyyətinin potensialı nəzərə alınsa, şəhərin mərkəzində törədilən bu tip cinayətlərin açılmaması şübhə doğurur. Hüquq-mühafizə orqanları istəsələr, bir gün ərzində həm Elmar Hüseynovun, həm Rafiq Tağının qətlinin üstünü açar. Bu baş vermirsə, deməli, arxasında siyasi motiv dayanır.
E.Fətullayev qətlin törədilməsində Iran versiyasına inanmadığını da qeyd etdi: “Rafiq Tağının qətlində Iran versiyası bir fon kimi istifadə edilə bilər. Ancaq bu hadisənin Iran tərəfindən təşkil olunmasına məndə inam yoxdur. Biz qətllə bağlı biz xüsusi qrup təşkil etmişdik. Bizim Jurnalist Təhqiqat Qruppu belə qənaətə gəlib ki, burda daxili amil faktoru ehtimalı daha güclüdür, nəinki Iran versiyası. Düşünmürəm ki, Iran xüsusi xidmət orqanları bu qədər bayağı və eyni zamanda primitiv qətl ssenarisini təşkil edib”.

Fizzə