Azərbaycanda səhiyyə üzrə dövlət xərcləmələri Afrikadan da aşağı səviyyədədir
“Dövlət səhiyyə müəssisələrində xidmətə görə qeyri-formal ödəmələrə yol verilir. Səbəb həkimlərin aşağı əməkhaqqı almalarıdır”
BMT-nin insan hüquqları və sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi, BMT Baş Məclisinə hesabat və məsləhət verən müstəqil ekspert Annand Grover Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, mayın 16-dan Azərbaycanda olan A.Grover 2013-cü ilin iyun ayında BMT İnsan Hüquqları Şurasına təqdim ediləcək yekun hesabatda daha ətraflı əksini tapacaq ilkin müşahidələrinin bəzilərini açıqlayıb.
A.Grover Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda səhiyyə üzrə dövlət xərcləri son illərdə artsa da, beynəlxaql göstəricilərdən aşağı səviyyədədir. “Səhiyyə xərclərinin artmasından görünür ki, hökumət ölkədə səhiyyənin vəziyyətini yaxşılaşdırmağa meyl edir. Lakin səhiyyə üzrə cari dövlət xərcləri Azərbaycanın iqtisadi artımı və başqa sahələr üzrə dövlət xərclərinin tempi ilə uzlaşmayıb. Hazırda səhiyyə üzrə dövlət xərcləri Ümumi Daxili Məhsulun 1,5%-ni təşkil edir. Bu, beynəlxalq standartlar baxımından aşağı göstəricidir və Amerika (8,1%), Avropa (7,4%), keçmiş sovet respublikaları (5,9%) və Afrika (3%) üzrə 2010-cu ilin müvafiq orta səviyyəsindən aşağıdır. Azərbaycanın dövlət büdcəsinin yalnız 4,5%-i səhiyyə sahəsinə ayrılır, halbuki Avropa üzrə bu göstəricinin orta səviyyəsi 2010-cu ildə 15,3% təşkil edib. Hökumət də səhiyyəyə xərclənən vəsaitin çox az olduğunu etiraf edir”.
Eksper qeyd edib ki, qanunla dövlət səhiyyə müəssisələrində səhiyyə xidmətlərinin pulsuz göstərilməsinin tələb edilməsinə baxmayaraq, bu xidmətlər müqabilində qeyri-formal ödəmələrə yol verilir. A.Grover bildirib ki, bu problem həkimlərin və başqa səhiyyə işçilərinin aşağı, bəzi mərhələlərdə ölkə üzrə minimum əmək haqqından bir qədər artıq əməkhaqqı almalarından irəli gəlir: “Əmək haqqının aşağı olması səhiyyə xidmətlərinin aşağı keyfiyyətində özünü göstərir”.
Xüsusi məruzəçi deyib ki, həkimlərin və başqa səhiyyə işçilərinin əmək haqları əhəmiyyətli dərəcədə artırılmalıdır.
A.Grover hökumətə icbari tibbi sığorta proqramının həyata keçirilməsinin ön sıraya çıxarılmasını tövsiyə edib. Bu proqramın bir neçə dəfə təxirə salındığını diqqətə çatdıran A.Grover, hökumət rəsmiləri ilə görüşdə bu proqramın nə zaman və necə həyata keçirilməsi barədə məlumat verilmədiyini söyləyib.
A. Grover səfəri zamani həbsxanalarda və istintaq təcridxanalarında sağlamlıq hüququnun icra edilməsi ilə bağlı vəziyyəti də öyrənib. O, həbsxanalarda, xüsusilə həbsxanaların tibb bölməlindəki qeyri-adekvat sanitariya və natəmizlik şəraitindən və vərəm xəstəliyinin yayılmasından narahat olduğunu bildirib.
A.Grover deyib ki, Azərbaycanda cinsi və reproduktiv sağlamlıq hüququnun yerinə yetirilməsinin sürəti də narahatlıq doğurur. Qonaq bəyan edib ki, ölkədə abort dərəcəsi dünyada müşahidə edilən ən yüksək göstəricilərdəndir: “Bu, qismən uşağın cinsi səbəbindən abortun edilməsi, cinsi və reproduktiv sağlamlıq mövzusunda maariflənmə və məlumatlandırma proqramlarının çatışmazlığı ilə bağlıdır”.
A.Groverin səfəri bu gün başa çatır. O, səfəri zamanı hökumət rəsmiləri, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.