Gənclərin təyinatlı parlamenti

«Məni kim inandıra bilər ki, müstəqil olmayan adamların formalaşdırmaq istədiyi Gənclər Parlamenti gənclərin problemlərini həll etmək iqtidarında olacaq?»

Bundan bir neçə il əvvəl hakimiyyətə yaxın gənclərin təşəbbüsü ilə Gənclər Parlamenti yaradılmışdı. Yenidən 50 fəal gəncdən ibarət, seçkili qaydalar əsasında formalaşdırılacaq Gənclər Parlamentinin yaradılması layihəsi başlayıb. Layihənin əsas məqsədi gəncləri narahat edən problemləri dövlət və ictimaiyyət qarşısında qaldırmaq, gənc vətəndaşların ictimai-siyasi proseslərdə iştirakını təmin etmək və gənclərə aid digər məsələlərdir. Maraqlıdır ki, parlamentin üzvlərini seçəcək təşəbbüs qrupuna Milli Məclis sədr müavini Valeh Ələsgərov, deputatlar Çingiz Qənizadə, Musa Qasımlı, Rasim Musabəyov, Mübariz Qurbanlı, Ceyhun Osmanlı, Qənirə Paşayeva və APA-nın rəhbəri Vüsalə Mahirqızı daxildir.
Seçim Şurasında Prezident Administrasiyasının, Gənclər və Idman Nazirliyinin rəsmiləri də təmsil olunacaqlar.
Sizin bundan öncəki Gənclər Parlamentinin fəaliyyəti haqda hər hansı təsəvvürünüz, məlumatınız varmı?

AXCP Gənclər Komitəsinin koordinatoru Dadaş Sadiqli Gənclər Parlamentinin mövcudluğundan xəbərdar olsa da, hər hansı sahədə onun fəaliyyətini görmədiyini deyir. Onun fikrincə, yeni parlament də əvvəlkindən müsbət mənada fərqlənməyəcək: “Iki il əvvəl Gənclər Parlamentinin fəaliyyətilə maraqlandım və orada təmsil olunan gənclərin deputat övladları olduğunu gördüm. Düşünürəm ki, Gənclər Parlamentinin yaradılması gənclərin maraqlarının başqa istiqamətə yönəldilməsi məqsədi güdür. Bu parlamentin tərkibini müəyyənləşdirən insanların kimliyinə nəzər yetirsək, seçkilərin nə dərəcədə şəffaf olduğunu müəyyənləşdirmək olar. Odur ki, yaradılacaq növbəti Gənclər Parlamentinin də əvvəlkindən yaxşı olacağını düşünmürəm”.

“Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənli də bu məsələdə ümidli deyil. O, yada salır ki, bir neçə il əvvəl də hakimiyyət belə bir layihəyə başlamışdı, amma bu layihənin heç bir funksionallığı olmadı. Səbəbini də belə izah edir: “Çünki hamısı kiminsə tanışı, qohumu olduğuna görə orada oturdulmuşdu. Necə ki, Azərbaycanın hazırkı parlamentində oturanların heç biri xalqın səsilə orada oturmayıb, xalqın problemlərini həll etmir. Parlament onlar üçün sadəcə, pul mənbəyi, çörək ağacıdır. Onlar müstəqil şəkildə heç bir problemi həll edə bilməzlər. Çünki iradələri öz əllərində deyil. Indi məni kimsə inandıra bilərmi ki, müstəqil olmayan adamların formalaşdırmaq istədiyi Gənclər Parlamenti funksional olacaq, gənclərin problemlərini həll etmək iqtidarında olacaq? Əlbəttə ki, yox. Digər tərəfdən, axı o parlamentdə müstəqil gənclərdən heç kim olmayacaq. Çünki seçimi aparan adamların kimə, hara xidmət etdiyi aydındır. Onlar şərə qulluq edirlər. Üstəlik, onların xidmət etdikləri, başbilənləri də maraqlı deyil ki, Azərbaycanda problemsiz, yaxud problemləri az olan bir gənclik olsun. Onlar istəyir ki, gənclərin, tələbələrin başı öz problemlərinə qarışsın, yoxsa, birdən qalxıb hakimiyyətdən demokratik ölkə, rüşvətsiz təhsil, normal şərtlərlə ipoteka, iş tələb edərlər. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, yeni Gənclər Parlamenti də gənclərin həyatına zərrə qədər təsir göstərməyəcək. Özlərinə yaxın bir neçə gənci o parlametə salıb, Siyavuş Novruzov tərzində danışdırmaqla, Gənclər Parlamentinin fəaliyyətini yola verəcəklər. Bunların hansı uğurlu işi olub ki, Gənclər Parlamenti də uğurlu olsun…”

Vətəndaş Həmrəyliyi Partiyasının gənc funksioneri Samir Əsədli də o fikirdədir ki, Gənclər Parlamenti adlı qurumun yaradılması heç nəyi dəyişməyəcək. Bu da kağız üzərində mövcud olan qurumlardan biri olacaq: “Bunlar hər il gənclər forumu keçirirlər, gənclərin inkişafıyla bağlı proqram qəbul edirlər, gənclərə ipoteka verirlər. Amma bütün bunlar kağız üzərində və hesabatlar üçün olur. Gənclər Parlamentinin yaradılması da bu qəbildən olan bir formatdır. Bu hakimiyyətin gənclər siyasəti yoxdur. Gənclərə də heç bir qayğı göstərilmir. Əgər belə olsaydı, minlərlə gənc işsiz qalmazdı. Azərbaycan gənclərinin öndə gedən isimləri həbsxanalara atılmazdı. Bütün bunlara görə də mən Gənclər Parlamenti adlanan qurumun yaradılmasını lüzumsüz sayıram. Bizim gənclər parlamentimiz Gənclərin Hüquqlarının Müdafiə Komitəsidir. Çünki bu qurum gənclərlə bağlı çox böyük işlər görür”.

Bəyim Həsənli