Bəşər Əsədin ən yaxın adamlarının öldürüldüyü xəbəri yayıldı

Suriyada yüksək səviyyəli rəsmilərin və Bəşər Əsədin ən yaxın adamlarının öldürüldüyü haqda xəbər yayılıb. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, müxalif Suriya Azadlıq Ordusu “YouTube” saytında açıqlama yayaraq şənbə gecəsi keçirilən əməliyyat nəticəsində Suriya kəşfiyyatının rəhbəri, prezident Bəşər Əsədin dayısı Asif Şevket, daxili işlər naziri Muhammed Şaar, müdafiə naziri Davud Racih, Bəşər Əsədin özəl təmsilçisi Hasan Türkmani, Milli Təhlükəsizlik Şurasının sədri, general Hişam Bəxtiyar və BƏƏS Partiyasının rəsmisi Muhammed Said Bahityanini öldürdüklərini bəyan edib.

Açıqlamada qeyd olunub ki, öldürülən şəxslər tanınmamaları üçün fərqli adlarla Şami Xəstəxanasına aparılıblar. Azad Suriya Ordusunun üzvləri əməliyyatla bağlı sübutların də təqdim ediləcəyini bildiriblər.

Suriyanın rəsmi SANA agentliyi isə iddianı təkzib edib və həmin şəxslərin vəzifələrini yerinə yetirdikləri barədə xəbər yayıb. Agentlik Bəşər Əsədin özəl təmsilçisi Hasan Türkmaninin adından açıqlama da yayıb. Açıqlamada Suriya xalqının bu kimi yalanlara inanmadığı deyilir.

Qeyd edək ki, ötən gün Bəşər Əsədin qardaşı Mahir Əsədin 30 güllə yarası ilə öldüyü xəbəri də yayılmışdı. Lakn bu məlumatların heç biri dünya xəbər agentliklərində əksini tapmayıb.