İsgəndər niyə Diogen olmadı?

Böyük Nizami deyirdi ki, sözün də su kimi lətafəti var. Bu mahnı festivalı ilə bağlı o qədər danışırlar ki, adam lap bezir. Mən başa düşürəm, ilk dəfədir ki, ölkə belə böyük mədəni tədbirə sahiblik edir. Lakin mən başqa bir şeyi başa düşə bilmirəm. Ona yaxın insan bir neçə gündür ki, aclıq edir, amma bunun haqqında heç bir telekanal danışmır, göstərmir.
Mahnı festivalı bir tərəfə, bir də görürsən ki, uzaq Çində baş vermiş avtomobil qəzasını göstərirlər, lakin ölkənin içində baş verən ictimai aksiyadan bir kəlmə də danışmırlar. Mən bu cür situasiyanı 1988-ci ildə, izdihamlı mitinqlər zamanı görmüşdüm. O vaxt da mərkəzi televiziya hansısa zooparkda balaca heyvanın dünyaya gəlməsi haqda süjet verirdi, amma yüz minlərlə insanın etirazını göstərmirdi. Bəli, o zaman deyirdik ki, öz dövlətimiz yoxdur, ona görə belə edirlər. Indi özümüz də çaşıb qalmışıq: Bəs indi nə deyək? Indi səbəb kimi nəyi göstərək? Artıq deyiləsi söz yoxdur.
Bəli, bu bizim öz dövlətimizdir, özgəsi deyil. Amma onu öz əlimizlə elə adamların əlinə verdik ki, bu gün özümüzə qənib kəsilib. V.Hüqo yazırdı ki, inqilab balalarını yeyir. Amma mən inqilabın bu dərəcədə hannibal olduğunu zənn etməzdim! Mən gözəl başa düşürəm ki, inqilabların sükanı gec-tez konformistlərin əlinə keçir və onlar həmin inqilabların fanatı olan şəxsləri, onların fədailərini bir-bir təmizləyirlər. Amma bir sual məni o qədər narahat edir ki, onu yazmaya bilmərəm. Bu günün gerçəkliyi neçə faiz obyektiv qanunauyğunluqların nəticəsidir? Onun neçə faizini tarixin, fəlsəfə və politologiyanın hesabına yaza bilərik? Qarşıdan iyun ayı gəlir. Mənim bu haqda yazmağa o qədər də meylim yoxdur. Çünki bir qədər öncə söylədiyim suallara cavab tapa bilməmişəm. Çox güman ki, heç özünü lider sayanların və hətta əsl liderlərin də bu suallara cavabı yoxdur. Ürəyində hamı həqiqəti bilir, amma heç kim onu dilə gətirmir. Səbəbi aydındır. Bu, psixoloji məqam sayıla bilər. Axı insan bütün ömrü boyu aldadıldığını necə etiraf etsin? Mən bunu başa düşməyəcək qədər aciz deyiləm, başa düşürəm.
Bəlkə də bir Diogen kimi bu cür xırdalıqların fövqünə qalxmaq daha yaxşı olardı. Bir çox insanlar məhz belə də etməyə çalışırlar. Böyük Isgəndər Diogendən soruşur ki, mən sənin üçün nə edə bilərəm? Diogen deyir ki, sən Günəşin qarşısını kəsmisən, bir az kənara çəkil! Onda böyük Isgəndər də qayıdır ki, əgər mən Isgəndər olmasaydım, Diogen olardım!
Bu kiçik misaldan mən bir qədər fərqli nəticə çıxarmaq istərdim. Nəticə budur ki, Isgəndər də özünün Isgəndər olmasının fərqində idi. Amma bizim bəzi qəhrəmanlar öz kimliyinin fərqində olmadı. Nəticədə isə rəvayətlər yarandı, amma onların bir adı vardı – YALAN!
Indi bu hakimiyyət də rəvayətlər, yalanlar uydurmaq istəyir. Amma əbəsdir, çünki bizim öz sözümüzdü – yalan ayaq tutar, yeriməz. Mən tarixi faktları bir qədər interpretasiya etməyi sevirəm. Amma ötən yazımı bütünlüklə yalana həsr etdiyimdən bu dəfə onun üzərində dayanmayacağam. Çünki Nizami deyir ki, sözün də su kimi lətafəti var və əlbəttə, hər sözü az demək daha xoş olar, həm də çox ibrətamiz olar. Məgər belə deyilmi?
 Kiçik sözardı
Yenə də yalana toxundum, sovetləri xatırladım. Hərdənbir düşünürəm ki, ola bilsin, sovet sisteminin dinc transformasiyası, onun Qərb sosializmi stilində dəyişməsi mümkün idi. Amma 70 illik yalan insanlarda o qədər ikrah, nifrət yaratmışdı ki, onlar buna inanmadı, kommunistlərə səhvlərini düzəltmək üçün bir daha şans vermədilər və beləcə, sovet sistemi süqut etdi. Bu ikrah hissi o qədər güclü idi ki, hətta yaxşı şeylərin üstündən də xətt çəkdi.
Bu yaxınlarda bir əcnəbi müəllifin K.Marks haqda fikrini oxudum. O, Marksı “kapitalizmin məğlub olmuş vicdanı” adlandırmışdı. Inanmıram ki, keçmiş sosialist düşərgəsindən kimsə Marks haqda belə bir epitet yazmağa cəsarət etsin. Çünki Marks da, marksizm də 70 illik yalanın qurbanı oldu. Və indi heç kim bunun haqlı olub-olmaması haqda düşünmür, çünki heç kimin belə işlərlə məşğul olmağa vaxtı yoxdur…