Rüstəm İbrahimbəyov Azərbaycanı qəddar diktaturalarla müqayisə etdi

“Heç vaxt ölkənin idarə edilməsinə bu qədər acgöz və səriştəsiz adam cəlb edilməmişdi”

Tanınmış ziyalı Rüstəm Ibrahimbəyov “Contact.az” saytında ölkənin aktual problemlərinə toxunan geniş məqalə dərc etdirib. Oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb məqaləni ixtisarla təqdim edirik.

Zəng kimin üçün çalınır?

Heç kimə sirr deyil ki, demokratik respublika olan Azərbaycanı kiçik məmur-olaqarxlar tamamilə qeyri-demokratik şəkildə idarə edir. Hamımız hiddətlənirik ki, ərazilərimizin böyük hissəsini qonşu dövlət işğal edib, ancaq nəyə görəsə ölkənin digər hissəsinin öz xalqı ilə düşmən kimi amansız rəftar edən adamların əlində olması ilə barışırıq. Heç vaxt – nə çar, nə sovet, nə də psevdodemokratik dövrlərdə ölkənin idarə edilməsinə bu qədər acgöz və səriştəsiz adam cəlb edilməmişdi. Bizim poeziya və fəlsəfənin çoxəsrlik ənənələri unudulub, Şərqdə ilk müstəqil demokratik dövlətin idealları tapdanıb, sovet vaxtının elmi-humanitar nailiyyətləri fəal şəkildə dağıdılır.
Tez-tez kütləvi informasiya vasitələrində maliyyə cinayətləri barədə dəhşətli faktlar üzə çıxır, özü də əksər hallarda bu məlumatlar xaricdən gəlir. Ölkədə antikorrupsiya kampaniyası elan edilib, hətta xüsusi komissiya yaradılıb. Ancaq korrupsiya ilə mübarizə onu sistemli şəkildə yaradanlara tapşırılıb. Eyni zamanda özəl mülkiyyətin kütləvi şəkildə yenidən bölünməsi həyata keçirilir: minlərlə vətəndaş öz evlərindən bayıra atılır, onların torpaq sahələri zəbt olunur, özü də bütün bunlar dövlət maraqları bəhanəsi ilə həyata keçirilir. Polis, prokurorluq, məhkəmələrə müraciət etmək mənasızdır – məhkəmə-hüquq sistemi həmin məmur-oliqarxların əlindədir. Insanların torpaqları daha çox neft sahəsinin ehtiyacları adı altında əlindən alınır, əgər Dövlət Neft Şirkəti özəlləşdirilsə, onda sərvətlərlə birgə böyük ərazi həmin adamların əlində olacaq. Total korrupsiya və vətəndaşların elementar hüquqlarının mütəmadi olaraq tapdanması ona gətirib çıxarıb ki, Azərbaycan daim dünyanın ən qeyri-azad ölkələri siyahısına düşür. Təcavüzkar qonşu tərəfindən iyirmi ildir torpaqlarımızı qaytara bilməməyimizin əsas səbəblərindən də biri budur. Hamıya bəllidir ki, beynəlxalq münaqişələrin həlli zamanı dünya ictimaiyyəti şübhəli ictimai-siyasi reputasiyası olan ölkələri dəstəkləmir.
Əgər bütün bunlara insanların kütləvi toplaşmasına qoyulan faktiki qadağa və azad sözə iddia edən hər kəsin təqib edilməsini də əlavə etsək, ölkədə yaranan situasiya normal adamda utanc və kədər hissi yaratmaya bilməz, hətta o, bir çoxları kimi susmağa məcbur olsa da.
Bizim bugünkü mövcudluğumuzun bir çox başqa xüsusiyyətləri də utanc hissi yaradır. Məsələn, Azərbaycan dünyada yeganə ölkədir ki, burda oxumamaq üçün pul ödəyirlər. Uşaq baxçasından başlayaraq bizim uşaqlar dəhşətli mühitə düşür, burda böyüklər onları rüşvətxorluq elminə öyrədərək mənəvi zorakılığa məruz qoyur (Orta məktəbi qurtarana kimi bizim gənclik rüşvət verməyi öyrənir, ali təhsil alandan sonra isə həvəslə özü də alır).
Televiziyada baş verənlərə etinasız yanaşmaq mümkün deyil, verilişlərin səviyyəsi mənim gəncliyim zamanındakı kənd klublarındakından aşağıdır. Biz hamımız xalq mahnısı ilə böyümüşük, ancaq bizim müsiqi nailiyyətlərimiz təkcə bununla bitmir axı. Bəzən elə gəlir ki, xalqın, xüsusən də gənclərin yaddaşında qəsdən tanınmış musiqi xadimlərinin adları silinir. Görkəmli yazıçılar, rəssamlar, aktyorlar, elm xadimləri də unudulub. Bizim xalqın ən böyük nailiyyəti – Şərqdə ilk demokratik respublika – ADR barədə yaxşı heç nə deyilmir və bu da ciddi problemdir. Böyük mədəni ənənələri olan Azərbaycan uzun zaman parçalanmış durumda olub və yalnız iyirminci əsrdə tarix bizə formalaşmın milli ideyası olan vahid müstəqil dövlət yaratmaq imkanı verdi. ADR-in konstitusiyası hətta öz müddəalarına görə ABŞ konstitusiyasını da geridə qoyurdu, məsələn, qadınlara kişilərlə bərabər hüquq verməklə.
Bir neçə on illik ərzində biz böyük inkişaf yolu keçdik. Ancaq təəssüf ki, son vaxtlar 20-ci əsrdəki bir çox nailiyyətlərin üstündən sükutla keçmək tendensiyası yaranıb. Bununla da xalqın tarixi yaddaşı 70 il, 1993-ci ilə qədər qısaldılır. Bununla da gənclərin mükəmməl milli şüurunun yaranmasına sağalmaz zərbə vurulur.
Qarabağ münaqişəsinin araşdırılmasına dair elmi mərkəzin olmaması həyəcan doğurur. Belə təəssürat var ki, Qarabağ problemi ciddi elmi təminatı olmayan kiçik qrup adamı narahat edir.
Bir neçə il əvvəl mən bəyan etdim ki, Azərbaycanda ziyalılar var, amma təsirli ictimai güc kimi ziyalılıq yoxdur. Siyasətdən uzaq adam kimi ümid edirdim ki, ölkənin maraqlarına laqeyd olmayanlar ölkədəki vəziyyəti düzəltmək üçün gec-tez səylərini fəallaşdıracaq. Ancaq zaman keçdi və anladım ki, özünün etmədiyini başqalarından tələb etmək olmaz. Ona görə də bir qrup dostum ölkənin ən vacib problemləri ilə bağlı ictimai dinləmələr təşkil etdi. Ziyalılar Forumu adı ilə bizim hərəkat 10-dan artıq konfrans keçirib, bu da Azərbaycan cəmiyyətində geniş rezonans doğurdu və hakimiyyəti ciddi narahat etdi.
Ölkədə yaranan situasiya bütün ziyalıların səylərinin fəallaşdırılmasını tələb edir. Ziyalılar Forumunun fəaliyyəti də məhz buna yönəlib, ancaq bu nəyə görəsə hakimiyyətin kəskin cavab reaksiyasına səbəb olur. Əslində əskinə olmalıdır.
Qəddar diktaturaların sonunun necə olduğu tarix kitablarından məlumdur. Tunis, Misir, Liviyadakı son hadisələr də diktatorların acı aqibətinin necə olmasının sübutudur. Hələ 1918-ci ildə özünün demokratik ənənələrinin təməlini qoyan Azərbaycanın da öz xalqının devirdiyi diktaturalar sırasında olmasını heç istəmirik. Ancaq bu baş versə, onun məsuliyyəti hamımızın üzərinə düşəcək. Bizim nəsil, istər-istəməz, artıq bu gün sivil dünyanın qınadığı dövlətin qurulmasında iştirak etmişik (yeni doğulan azərbaycanlıya 75 manat verib 60 milyon manatlıq təmtəraqlı gül bayramı keçiririk).
Əlbəttə, hər birimiz gözü qarşısında baş verənlərə birbaşa aidiyyyəti olmadığını deyə bilər. Ancaq Con Donnun məşhur ifadəsini yada salıram: “Soruşma zəng kimin üçün çalınır, o həm də sənin üçün çalınır, hətta sən sağ olsan da”.