Əlipaşa bəylə başlanan qəhrəmanlıq dastanı
Bundan öncə Azərbaycan tarixində önəmli yeri olan soylar haqqında bir neçə yazı təqdim etmişik. Bu dəfə məşhur Sultanovlar nəslindən söhbət açılacaq. Bu soyun ulu babası Hacı Samdır. O, XVIII yüzilin ortalarında Qarabağın Alpout hissəsində yaşamışdır. Xanlıq yaranadan sonra Qaraçorlu mahalının naibi olmuşdur. Onun 4 oğlu vardı və nəslin davamçıları sonralar Sultanov soyadını qəbul etmişdilər.
Sultanov Əlipaşa bəy Xanmurad bəy oğlu – Zəngəzurda böyük mülkləri olan bəy, bölgədə müdrik kəlamları və öz igidliyi ilə tanınmışdır. O, Xosrov bəy, Sultan bəy, Isgəndər bəy və Rüstəm bəy Sultanovların atasıdır.
Əlipaşa bəyin doğulduğu Kürdhacı kəndi XVIII yüzildə boş sahə olub. Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən gəlmiş Hacısamlı camaatının Qasımuşağı tayfasına verib. Həmin tayfa orda binə bağlayıb. Nəbi bəyin Xıdır bəy adlı oğlu, Xıdır bəyin Xanmurad bəy adlı oğlu vardı. Əlipaşa bəy də Xanmurad bəyin oğludur.
Xalq arasında Paşa bəy adı ilə şöhrət tapan bu şəxs sənədlərdə Əlipaşa bəy kimi qeyd olunmuşdur. Əlipaşa Xanmurad oğlu bəy rütbəsi almaq üçün Sultanov familiyasını qəbul edir. Əlipaşa bəy Xanmurad oğlu Sultanovun bəylik alması barədə tarixi sənəd Azərbaycan Dövlət Arxivində saxlanılır. Həmin sənəddə qeyd edilir ki, Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 saylı protokoluna əsasən, Əlipaşa bəy Xanmurad oğlu Sultanovun bəy nəslinə mənsub olması təsdiq edilir. Şuşa bəy komissiyasının çıxardığı bu qərar 1877-ci ildə Qafqaz canişini M.Vorontsov tərəfindən təsdiq edilir və Əlipaşa bəy Xanmurad oğlu Sultanovun adı Yelizavetpol quberniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edilir. Beləliklə, Əlipaşa bəy Sultanov Hacısamlı nahiyəsinin bəyi təyin edilir. Əlipaşa bəyə verilən sənəddən məlum olur ki, 1872-ci ildə onun 35 yaşı var imiş.
Əlipaşa bəyin atası Xanmurad bəy, anası isə Hətəmlər Şahverdinin bacısı Ağapəri olmuşdur. Əlipaşa bəy əvvəlcə Bəyim xanımla ailə qurmuşdur. Bəyim xanım 1844-cü ildə anadan olmuşdur. Bəyim xanımdan Sultan bəy, Isgəndər bəy, Xosrov bəy, Rüstəm bəy və Aftab xanım dünyaya gəlmişdir. Bir müddət sonra Əlipaşa bəy Seyid Mirəzizin qızı Ağaxanımla da evlənir. Ağaxanımdan Bahadur bəy, Israfil (Srafil) bəy, Zülü bəy, Ziba xanım və Məhbub xanım dünyaya gəlmişdir.
Əlipaşa bəy öz övladlarının tərbiyəsi ilə ciddi məşğul olmuşdur. Sultan bəy və Xosrov bəyin tərbiyəsinə, onların bir şəxsiyyət kimi yetişmələrinə xüsusi səy və böyük qayğıkeşlik göstərmişdir. Onlara şərqin qəhrəmanlıq və müdrik keçmişini öyrətmişdir. Hər zaman el-obanın qayğısına qalmağı, camaatın ağır güzəranını yaxşılaşdırmağı övladlarına tərbiyə etməyə çalışmışdır. Sultan bəyin hərb sənətinə, Xosrov bəyin tibb elminə yiyələnmələrinə hər cür lazımi şərait yaratmışdır.
Tarixi salnamələrin yazdıqları
Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsərində Əlipaşa bəy Xanmurad bəy oğlu haqqında yazır:
“Piçənis müsəlman kəndindən və başqa müsəlman kəndlərindən 300 nəfərə qədər igidlər və qeyrətli cavanlar toplaşaraq Paşa bəy Murad bəy oğlunun sərkərdəliyi ilə atlanıb, Minkəndin üzərinə yeridilər. 160 evdən ibarət olan bu kəndin yarısı müsəlman idi. Paşa bəyin dəstəsi ermənilərin bir qismini öldürdülər və yaraladılar, bir qismi isə qaçıb, dağıldılar. Piçənisli müsəlmanlar bu kənddən qənimət kimi 190 baş qoyun, 70 baş at və qatır apardılar. Bundan sonra onlar 200 evdən ibarət olan Xoznavar kəndinə hücum etdilər. Paşa bəyin dəstəsi bu kəndə də böyük zərbə vurub, qənimət kimi özləri ilə 1010 baş qoyun və 8 at apardılar.
Bir-iki gün keçdikdən sonra həmin dəstə üç yüz erməni evi olan Əliqulu kəndinə hücum etdilər. Onlar həmin kəndin bir tərəfindən daxil olaraq, onu yarıya qədər dağıtdıqdan sonra əldə etdikləri qənimətlərlə geri döndülər.
Paşa bəyin dəstəsi bir gecə dincəldikdən sonra sabahısı günü Qaladərəsi kəndinə tərəf üz qoydular. Qaladərəsində yaşayan ermənilər qabaqcadan yaxşı silahlanmış və hər tərəfdə səngər qurmuşdular. Onlar Paşa bəyin dəstəsini səngərlərdə silahlanmış, hazır vəziyyətdə qarşıladılar. Bir qədər atışmadan sonra Paşa bəyin dəstəsinin bir hissəsi kəndin kənarında yerləşən 23 evi ələ keçirərək oradan 450 qoyun, 60 qaramal və dörd quyu buğda əldə etdilər. Buğdanı atlara yükləyərək mal-qoyunla birlikdə yola düşdülər. Onlar Qaladərəsi kəndindən uzaqlaşanadək Paşa bəyin dəstəsinin o biri hissəsi erməniləri məşğul etdi.
Paşa bəyin dəstəsi bir neçə gün istirahət etdikdən sonra atlanıb Cavanşir tərəfə hücum etdilər. Əvvəlcə 150 evdən ibarət olan Külədik kəndinin üstünə gəldilər. Ermənilər əllərində silah onların qarşısına çıxdılar. Müsəlmanlar “Ya Allah” deyib ermənilərin üstünə töküldülər və bir neçə saat ərzində onlardan yüz nəfərini qətlə yetirdilər. Bununla bərabər, neçə-neçə yararlılar da var idi. Bundan sonra onlar 250 baş heyvan da qənimət götürüb evlərinə qayıtdılar. Müsəlman kəndliləri həmin gecə istirahət etdikdən sonra ertəsi yenə də atlandılar. Bu dəfə onlar 60 erməni evi olan Damğalı kəndinə üz qoydular. Onlar az olmasına baxmayaraq, Paşa bəyin dəstəsinin qarşısına çıxaraq atışmağa başladılar. Müsəlmanlar onların üzərinə hücum edərək karıxdırıb və 90 nəfərəcən ermənini qətlə yetirdilər. Yaralananlar da çox idi. Bundan sonra onlar 200-ə yaxın qaramal və keçi qənimət götürərək geri qayıtdılar. Oradan Badara kəndinin üstünə gəldilər. Bu qorxmaz dəstə orada da 16 nəfər erməni öldürdükdən sonra 60 baş qaramal qənimət götürərək kəndlərinə qayıtdılar.
Gecə yatıb, istirahət etdikdən sonra səhər durub, atlarını yəhərləyərək atlandılar və Ballıca kəndinin üstünə hərəkət etdilər. Ermənilər onları hazır vəziyyətdə qorxulu qarşıladılar. Atışma başlandı. Hər iki tayfanın səs-küyü və nərələri dağa-daşa səs salmışdı. Bir qədər atışandan sonra müsəlmanlar 30 nəfər erməni öldürüb, neçəsini də yaraladıqdan sonra qənimət kimi 70 baş qaramal, 12 baş at və çoxlu miqdarda əşyalar əldə edərək geri qayıtdılar.
Ermənilərə qan udduran mübarizlər
Səhəri günü Paşa bəyin dəstəsi Xənəzək kəndinə hücum etdi, bu hücumdan əvvəl ermənilər öz ağaları Məmməd ağa Ata xan oğluna nankorluq edərək evini dağıtmış, bağını qırıb, çobanlarını öldürmüşdülər. 400 baş qoyunu isə yığıb aparmışdılar. Buna görə də ermənilər yəqin etmişdilər ki, müsəlmanlar bunun əvəzini çıxacaqlar. Odur ki, kəndə Qaladan çoxlu silah və kömək gətirmişdilər. Müsəlmanların gurultusu eşidilən kimi onlar səngərə, övrət-uşaq isə gizli yerlərə çəkilib çığırışdılar. Müsəlmanlar onları hər tərəfdən mühasirəyə alaraq gülləbaran etməyə başladılar.
Ertəsi gün Paşa bəyin dəstəsindən səkkiz nəfər seçmə cavan atlanaraq Dəduq kəndinə tərəf çapdılar. Dəduq kəndinin ətrafında yerləşən dörd ev çox əmin və möhkəm yerdə durmuşdu. Ona görə də burada çoxlu erməni məskən salmışdı. Müsəlmanlar ermənilərin bu evlərdə tutduğu möhkəm möqeyi dağıtmaq üçün hündür bir yerə çıxaraq oradan bu evləri gülləbaran etdilər. Onlar dörd-beş nəfər qaçmağa başladılar. Müsəlmanlar qaçanları təqib edərək atəşə tutdular. Onlardan bir neçəsini öldürdülər, bir neçəsini də yaraladılar. Sonra evlərə qayıdıb orada olan əşyaları qənimət kimi götürdülər, erməniləri isə əsir kimi apardılar”.
Əlipaşa bəy həmişə ədalətin, düzgünlüyün, doğruluğun tərəfdarı olmuşdur. Ona görə də Zəngəzurda Əlipaşa bəy müdrik kəlamlar ustadı, böyük hörmət və şöhrət sahibi, el ağsaqqalı, müdrik, uzaqgörən bir şəxs kimi tanınmışdır. El arasında Əlipaşa bəyə sadəcə, Paşa bəy deyildiyindən bütün el deyimlərində bu adla adlandırılmışdır. Onun müdrik kəlamları bu gün də el arasında deyilməkdədir.
Əlipaşa bəyin igidləri
Sultanovlar soyunun tanınmış nümayəndələrindən biri olan Sultan bəy Sultanov Azərbaycan xalqının qəhrəman oğullarından biri, erməni zülmünə qarşı mübarizə aparmış xalq qəhrəmanıdır.
Sultan bəy Sultanov 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Laçın rayonunun Kürdhacı kəndində) anadan olub. Ibtidai təhsil aldıqdan sonra Gəncə gimnaziyasında orta təhsilini tamamlayıb, Sankt-Peterburq Hərbi Akademiyasına daxil olub. Ancaq naməlum səbəblərdən məktəbi bitirməyib və doğma kəndinə qayıdıb. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alınan Andranikin dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, Irana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı nəticəsində məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.
Sovet hakimiyyəti illərində Sultan bəy də qardaşları ilə birlikdə Azərbaycanı tərk edib, mühacirət həyatı yaşamağa məcbur olmuşdur. O, 1923-cü ildən Türkiyədə yaşayıb. Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.
1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur.
Xosrov bəy Sultanov 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Laçın rayonunun Kürdhacı kəndində) anadan olub. Gəncə gimnaziyasını bitirib, Odessada ali tibb təhsili almışdır.
Xosrov bəy Sultanov Xalq Cumhuriyyətinin birinci hökuməti kabinetində hərbi nazir, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.
1919-cu ilin 15 yanvarında Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin olunmuşdur. Erməni-daşnak hərbi dəstələri tərəfindən zəbt olunan Qarabağa yeganə keçid olan Əsgəran keçidi onun rəhbərliyilə geri alınmış, erməni daşnakları məhv edilmişdir.
Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurduqdan sonra general Xosrov bəy Sultanov da qardaşları Sultan bəy və Isgəndər bəy Sultanovlarla birlikdə mühacirət etmək məcburiyyətində qalır. O, Türkiyədə, Iranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır. Xosrov bəy 1947-ci ildə vəfat etmişdir.
Isgəndər bəy Əlipaşa bəy oğlu Sultanov Azərbaycanın Zəngəzur mahalının indiki Laçın rayonunun Qasımuşağı obasının Kürdhacı (Qurdqacı) kəndində anadan olmuşdur. Isgəndər bəy qardaşları Sultan bəy və Xosrov bəy Sultanovlarla birlikdə Iranda mühacirətdə olarkən SSRI-nin xüsusi təyinatlı dəstələri tərəfindən qətlə yetirilmişdir.
Isgəndər bəy Sultanov əsasən maldarlıqla məşğul olmuşdur. Lakin tarixi sənədlərdə qeyd edilir ki, 1926-cı il mart ayının 4-də Isgəndər bəyin qardaşı Xosrov bəy Parisdən Tehrana gələrək Azərbaycanla əlaqələrin möhkəmlənməsi üçün tədbirlər gördü. O, “Ittihad” partiyasının Tehran komitəsinə Aşur bəy Isabəylini, Təbriz komitəsinə isə Isgəndər bəyi təyin etmişdir. Buradan aydın olur ki, Isgəndər bəyin siyasi fəaliyyəti də olmuşdur.
Rüstəm bəy Sultanov 1875-ci ildə Zəngəzur qəzasının Qasımuşağı kəndində (indiki Laçın rayonu) anadan olmuşdur. úúSankt-Peterburq Texnologiya Institutunu bitirmişdi. Neftçala mədənində mühəndis-texnoloq işləmişdi. 1937-ci illər repressiyaları zamanı həbs olunmuş, 5 il həbs cəzası almışdır.
Rüstəm bəy Zeynəb xanım Bulqakova ilə ailə qurmuşdu. Isgəndər bəy adlı oğlu, Firuzə, Dilarə, Leyla adlı qızları vardı.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir