Cəlilabadda ara qarışıb

Rayon prokuroru Mobil Ismayılovun köməkçisi Arif Sadıqovun əməlləri yerli müxalifətçilərin və sıravi sakinlərin ayağa qalxmasına səbəb olub

Cəlilabad rayon prokuroru Mobil Ismayılovun köməkçisi Arif Sadıqovun əməlləri rayonda ciddi narazılığa səbəb olub. Cəlilabaddan verilən xəbərlərə görə, 20 ildir ki, prokurorluqda çalışan Arif Sadıqov bir sıra qanunsuz əməlləri və prokurorluq işçisinə yaraşmayan hərəkətlərilə məşhurdur. Sonuncu dəfə o rayon sakini Rafiq Rüstəmovun hüquqlarını pozub.
Məlumatlara görə, o, vətəndaşın xırda ticarətlə məşğul olan qohumlarından pul tələb edib. Buna etiraz edən Rafiq Rüstəmovu hədələyib. Vətəndaş baş verənlərlə bağlı rayon rəhbərliyinə, Respublika Prokurorluğuna, ölkə başçısı Ilham Əliyevə müraciət edib. Onun həmçinin Ictimai Palatanın yerli şöbəsinə müraciət etdiyi də bildirilir. IP-in Cəlilabad şöbəsinin üzvləri Arif Sadıqovun qanunsuz əməllərinə son qoyulması və onun barəsində tədbir görülməsilə tələbilə mayın 15-də rayon prokurorluğunun qarşısına toplaşıblar. Prokuror Mobil Ismayılov təşkilatçıları qəbul edib və onlardan iki gün vaxt istəyib. Mobil Ismayılov bildirib ki, iki gündən sonra Arif Sadıqov barədə ciddi tədbir görüləcək. Lakin həmin müddət bitsə də, Mobil Ismayılov vədinə əməl etməyib. Bu baxımdan IP-in yerli şöbəsi yenidən rayon prokurorluğunun qarşısına toplaşmağı planlaşdırıb.
Məlumatda adı hallanan Rafiq Rüstəmovla da əlaqə saxladıq. O, Arif Sadıqovun qohumlarından pul tələb etməsi və onu hədələməsi faktını təsdiqləyib: “Bəli, mən Arif Sadıqovdan şikayətçiyəm, bunun danmıram. Çünki bu adamın əlindən boğaza yığılmışıq”.
Lakin Rafiq Rüstəmov IP-in yerli şöbəsinə müraciət etməsilə bağlı xəbərin yanlış olduğunu bildirib: “Xeyr, mən Ictimai Palataya müraciət etməmişəm. Onlar özləri Arif Sadıqovun əməllərindən xəbərdardırlar və bir vətəndaş kimi buna etiraz ediblər”.