Aclar və acgözlər

Öz müxalifətini sevən hakimiyyət varmı? Cavab verməyə çətinlik çəkirəm. Hakimiyyətin belə sevgisi olması şərtdirmi? Deməzdim. Ancaq sevginin olmaması bir hakimiyyətin müxalifətinə düşmən kimi baxmasını şərtləndirmir. Bu ölkəni idarə edən adamların Azərbaycan müxalifətinə münasibətinə düşmənçilikdən başqa nə ad vermək olar?
Mən bu sözləri xüsusən, vicdan məhbusları ilə cılız davranışı gözə alaraq yazıram. Bilmirəm, xəbəriniz varmı, bir ildən artıqdır ki, günahsız yerə həbsə atılan insanlarımız var. Onların fotolarını “Azadlıq”ın 3-cü səhifəsində görürsünüz.

Yatmış vicdanlara xitab

Bu insanların həbsinin kökündə heç bir kriminal olay dayanmır. Onlar ölkəmizdə baş alıb gedən yalan və talana etiraz etdikləri üçün həbs olunublar. Buna görə də dünya bu insanları “vicdan məhbusu” kimi tanıdı.
Biz də bu insanları bir daha tanıdıq, onların mətanəti qarşısında baş əydik. Bütün dünyanın azadlıq tələb etdiyi bu günahsız insanların azadlıq haqqını hökumət hələ də tanımaqda tərslik edir. Bu tərslik hara qədər davam edəcək – özləri də bilmirlər.
Vicdan məhbusları indi növbəti ağır döyüşdədirlər. Üzərlərində olan sərt təpkiyə, təzyiqə, sağlamlıq durumlarının ağırlığına baxmayaraq, dörd divar arxasından zülmə, şərə qarşı savaşı davam etdirirlər. Onlar günlərdir ki, aclıq aksiyası keçirirdilər. Heç ac qalmısınızmı? Mən qalmışam. Çox acı hissdir. Insanın gözünü qaraldan sitəmdir. Bizim məhbus dostlarımız özlərinə bunu rəva görürlər. Onlar bu yolla yatmış vicdanları oyatmaq istəyirlər. Acgözlüyə qarşı aclıq aksiyası! Mən baş verənləri belə dəyərləndirdim…

Nə etməli?

Türkiyədə həbsdə bir jurnalist var – Mustafa Balbay. Bir dostunun onun haqda yazdığı fikir indi necə də ürəyimdən xəbər verir. O yazmışdı: “Sənin həbsə nədən düşdüyünü yaxşı bilirəm, amma ordan çıxmağına necə yardım edə bilərəm – onu bilmirəm”.
Qarabağ qaziləri Məhəmməd Məcidli, Babək Həsənov… Erməni gülləsindən sovuşan bu qəhrəmanlar heydərizmin şərindən qurtula bilmədilər.
Fidan gənclik nümayəndələri Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli…
Ömürünün parlaq illərini bu ölkənin bayrağının ucalması üçün xərcləyən Arif Hacılı, Vidadi Isgəndərli, Şahin Həsənli, Sahib Kərimov…
Dörd divar arxasında qalan bu qiymətli insanların azadlığı üçün bir şeylər edirik, amma azadlıq hələ də onlara nəsib deyil. “Onları azad edin!” çağırışları ucaldıqca, sanki hakimiyyətin qulaqları daha da tutulur.

Müxalifət olmaq…

Vicdan məhbuslarına qarşı bu qədər qəddar münasibət Azərbaycanda siyasi sistemdən əsər-əlaməti olmayan kriminal rejimin varlığını aşkar təsdiqlədi. Müxalif olmaq Odlar Yurdunda hökumətin anlamında “yağı düşməndən də betər” olmaqdır. Bugünlərdə hökumətin bir rəsmisi heç gizlətmədi də, dedi ki, müxalifətin məqsədi hakimiyyətə gəlməkdir. Onların zehniyyətinə görə, hakimiyyəti dəyişmək istəyi ayıb və qanunsuz hərəkətdir. Bunlar özlərinin “cib müxalifət” proyektlərinə deyəsən, özləri də inanmağa başlayıb. Yəni, onların fikrincə, AXCP, Müsavat da fazilqəzənfəroğlu üslubu seçərək, “biz mübarizə aparmırıq, biz maarifləndirmə ilə məşğuluq” deməlidir. Və ya keçmişin Etibar Məmmədovu sayağı “öz diktatorumuzun dırnağını əcnəbilərin demokratına da dəyişmərik” söyləməlidirlər. XXI əsrdə bu cür nadan düşüncənin olması necə dəhşətdir?! Ən dəhşətlisi isə bu cür qaba təfəkkürün dominant, hakim olmasıdır.

Mərdlik defisiti

Mən bacardığım qədər, keçmişlərdə siyasi məhbusların həyatını, məhbəs xatirələrini oxumuşam. Çarın zindanında yatan siyasi məhbusların xatirələrini bizim vicdan məhbsularımızın xatirələrilə tutuşduranda ən böyük fərqin nə olduğunu deyimmi? Hakimiyyətin mərdliyi, comərdliyi. Təsəvvür edin, bolşeviklər rəsmən çarın, onun sülaləsinin kökünü kəsəcəyini, onları bir sinif kimi məhv edəcəklərini deyir, yazırdılar. Bəli, onları da buna görə həbs edirdilər. Hətta dar ağacından da asırdılar. Amma bütün bu dramatizmin içində mən Ilham Əliyevin “mənə əfv yazın, sizi bağışlayım” kimi ucuz davranışını görmədim, oxumadım. O, nə qədər uca pillədə otursa da, insani münasibətlərdə o qədər xırda hisslərin əsiridir. Vicdan məhbuslarına qarşı başlanan “əfv terroru” Azərbaycanın ən qara səhifəsi olaraq qalacaq. Və o səhifədə imza Ilham Əliyevindir. Gün gələcək, özü də tezliklə, vicdan məhbuslarının da, Azərbaycan insanının da aclığı bitəcək, unudulacaq. Unudulmayan isə o qara imza və bu rejimin acgözlüyü olacaq.