Dərs vəsaitində reklamlar yerləşdirilib
Əlövsət Osmanlı: «Bu, cinayət xarakterli əməldir, başında da təhsil naziri Misir Mərdanov dayanır»
Təhsil Nazirliyinin həyata keçirdiyi siyasət ən çox müzakirə olunan məsələlərdəndir. Təhsilin səviyyəsi ilə yanaşı nazirliyin buraxdığını dərsliklər də daim tənqid hədəfi olub. I-V siniflər üçün hazırlanan “Məktəbli kitabçası” da öz orijinallığı ilə diqqət çəkib. Belə ki, birinci səhifəsində Heydər Əliyev və Ilham Əliyevin şəkilləri olan kitabça gündəlikdən daha çox reklam broşürünü xatırladır.
Kitabçada müxtəlif növ reklamlara rast gəlmək olar. Burda telefon, internet, mətbəə və digər çap xidmətləri, neft şirkəti, dil kursları, treninq və test mərkəzləri, bank xidmətləri, kafel, metlax, alçipan, alkopon və s. reklamlara da rast gəlmək mümkündür. I-V siniflərdə təhsil alan uşaqların belə reklamlarla tanış olmasına hansı zərurətin olduğu kimsəyə məlum deyil. Burda xüsusilə internet və telefon reklamlarını qeyd etmək olar. Məktəblərə telefonların gətirilməsi qadağan olduğu halda aşağı sinif uşaqların gündəliklərində bu tip reklamların verilməsinə nə ad vermək olar? Kitabçada diqqət çəkən başqa məqam isə Azərbaycan barədə məlumatların və şagirdlər üçün zəruri olan digər qeydlərin ata-oğul Əliyevlər, həmçinin dövlət bayraq meydanı barədə məlumatlardan sonra verilməsidir. Qeyd edək ki, kitabçanın qiyməti 80 qəpikdir və bütün şagirdlərin onu alması məcburidir.
Təhsil Nazirliyinin təsdiqlədiyi “Məktəbli kitabçası”nın bu formada buraxılmasına mütəxəssislərin də münasibəti müsbət deyil.
Təhsil üzrə ekspert Əlövsət Osmanlının sözlərinə görə, dərslik siyasəti sənədində göstərilir ki, dərslik və dərs vəsaitlərində təhsildən kənar reklam xarakterli materiallar ola bilməz. Əgər Təhsil Nazirliyi bu kitabçaları təsdiq edir və onları məktəblərə məcbur satdırırsa, deməli, nazirlik həmin təşkilatların reklamı ilə məşğul olur. Bu da qətiyyən yolverilməzdir.
Ekspertin fikrincə, Təhsil Nazirliyi belə işlərlə məşğul ola bilməz. Nazirin dünyanın hər yerində belə şeylərin olduğunu deməsi isə ağ yalandır: “Misir Mərdanov deyir ki, dünyanın hər yerində belə şeylər olur. Dünyanın heç bir yerində Təhsil Nazirliyinin təsdiq etdiyi vəsaitdə bu cür reklam ola bilməz. Belə şeylərlə uşaqların mənəviyyatını pozurlar, onların fikrini dağıdırlar. Bu, cinayət xarakterli əməldir, başında da təhsil naziri Misir Mərdanov dayanır. O, belə şeylərin məktəblərə sırınmasında bilavasitə iştirak edir. Bu, pedaqoji baxımdan da düz deyil. Dövlətin digər qanunlarına, hətta Təhsil Nazirliyinin dərslik siyasətinə də ziddir.
Ekspert kitabçaların Türkiyədə 20 qəpiyə başa gəldiyini, burda isə 80 qəpiyə satıldığını da qey etdi. Bu azmış kimi nazirlik reklam olunan təşkilatlardan da külli miqdarda vəsait alır.
Fizzə