14-cü “kalonda” vicdan məhbusları aclığı dayandırdı

14 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirən vicdan məhbuslarının hamısı aksiyanı dayandırıb. AXCP-dən aldığımız xəbərə görə, aclıq aksiyasını davam etdirən Məhəmməd Məcidli, Babək Həsənov və Vidadi İsgəndərli də mayın 18-də günortadan sonra səhhətlərinə görə aksiyanı dayandırıblar.

Məhbusların karsa salındığı haqda İP mətbuat mərkəzinin T.Abbaslının ailəsinə istinadən yaydığı xəbər də təsdiqlənməyib.

***

İctimai Palatanın 14 saylı cəzaçəkmə müəssisəsində (CM) aclıq aksiyası keçirən 4 üzvü aksiyanı dayandırıb.
Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, mayın 15-dən yemək qəbulundan imtina etmiş məhkumlar Sahib Kərimov, Tural Abbaslı, Əhəd Məmmədli və Şahin Həsənli bu gün – mayın 18-də aclıq aksiyasını dayandırıblar.

Həmin CM-də həbsdə saxlanılan digər üç nəfər isə aksiyanı davam etdirir. Bunlar Vidadi İsgəndərli, Məhəmməd Məcidli və Babək Həsənovdur.
Bu arada İctimai Palatanın mətbuat mərkəzi məlumat yayıb ki, 14 saylı CM-də  aclıq aksiyası keçirən vicdan məhbusları Tural Abbaslı, Əhəd Məmmədli, Sahib Kərimli, Məhəmməd Məcidli, Vidadi İsgəndərli, Babək Həsənov və Şahin Həsənlinin karserə salındığı təsdiqlənir. Məlumata görə, həbsxanadan T.Abbaslının ailə üzvlərinə xəbər daxil olub ki, vicdan məhbusları ayrı-ayrı karslarda saxlanılır.

Deyilənə görə, Sahib Kərimli, Vidadi İsgəndərli və Şahin Həsənlinin səhhətində problemlər olduğundan onların durumları ağırlaşıb.
Vicdan məhbusları karsda həkim nəzarətində qalmağın mümkün olmadığını deyiblər.
Vicdan məhbusları Ombudsman Elmira Süleymanovanı, ATƏT, Avropa Şurası və Avropa Birliyinin nümayəndələrini cəzaçəkmə müəssisəsinə dəvət ediblər.

azadliq.info