Özünə qəbir qazan

“Pəs, vallahi, pəs… ” – türkiyəli qardaşlarımız heyrət məqamında belə deyirlər. Bizdə isə, belə anların heyrətini ifadə eləyəcək söz bir az quru çıxır, obrazsızdı, bədiilikdən uzaqdı, ancaq çox dəqiqdi: “Daha sözüm yoxdu…”
Əliyev rejiminə də elə bu lazımdı ki, bizim daha deməyə sözümüz olmasın. Lakin iki halda deməyə söz qalmır: biri – gördüyün ən murdar əməldən sonra, biri də, görülən işə mız qoyulacaq bir yer olmayanda. Tərslikdən bizdə birincisidi. Rejim isə elə bilir ki, gördüyü yaxşı işlərə görə sözümüz qalmayıb deməyə.
Nə isə. Məlum olur ki, “Eurovision” yarışmasına xərclənən, həm də arada yeyilən maliyyə vəsaiti Azərbaycanın pensiya fondundan götürülübmüş. Almaniyanın məşhur “Der Spiegel” jurnalında Paşayevlərdən və həm də Azərbaycandakı hər şeydən bəhs edən “Ailə naminə…” başlığıyla dərc olunan məqalədə təkcə yarışma üçün zalın hazırlanmasına 49 milyon avro (ümumilikdə təxminən 214 milyon avro) vəsait xərcləndiyi deyilir və ardıyca bildirilir:
“Transitions” yazır ki, bu pullar pensiya fondundan götürülüb. Hökumət isə bu haqda yazılanlarla bağlı açıqlama vermək istəmir”.
Demək, yarışmaya görə mülkiyyət hüququnun pozulması bir yana, hətta bu yarışma ölkənin ən məzlum təbəqəsinin hesabına araya-ərsəyə gətirilirmiş. Bu qədər paranı özünü bütün dünyanın gözündə biabır eləməyə xərcləmək yerinə qocaların, ahılların, şikəstlərin, əlillərin pensiyalarının artmasına xərcləmək və xalq arasında xeyli nüfuz qazanmaq olardı. Yox, onları ancaq dünya maraqlandırır, yabançıların “afərin”i, “əhsən”i. Fatmanisələrin, Məmmədlərin sevgisinə ehtiyacları yoxdu zərrəcə. Onsuz da o sevgini hakimiyyətin əlində olan KIV-lər təmin eləyir. Efirdəki sevginin gerçəkliyinə, ümumiyyətlə, efirin həyatın güzgüsü, az qala, özü olmasına dövlət başçısının sidq-ürəkdən inanmasındandı ki, o, efirdə mətbəx verilişlərində hazırlanan yeməklərin camaatın sağlamlığına zərər verəcəyinə də şübhə eləmir və buna görə hətta ürəyinin ağrıdığını da səmimi şəkildə dilə gətirir.
Axı körpü, keçid, musiqi yarışması ilə nə pensiyaçıların qarnını doyuzdurmaq olar, nə də sevgisini qazanmaq. Təkcə bu il təqaüdə çıxarılan 65 yaşı tamam olmuş təcrübəli həkim və müəllimlərin absurd şəkildə işdən uzaqlaşdırılması, qəpik-quruşla ifadə olunan təqaüd ümidinə qoyulması ilə onların necə çətin bir duruma düşməsi indi ölkədə kimsəyə sirr deyil. Lakin o təqaüdçülərin gözünə nə bəzəkli fontanlar, nə az qala, hər ay təmir edilən, ərazisi artırılan Milli Park, nə Heydər Əliyevin doğum gününə gətirilən 116 ton gül-çiçək görünür. Bir həftə içində zibilə çevriləcək bu güllərə xərclənən milyonlar da bu xalqın boğazından kəsilib və hamı da bilir ki, hakimiyyət bunun üçün qətiyyən narahat deyil. Çünki AzTV və o biri tv-lər xalqın sevgisi haqqında ayrı şey deyir. Üstəlik, rejim enerji məsələlərilə bağlı dünyanın öz köləsi olduğunu düşünməkdədi.
Avropa Birliyinin Genişlənmə üzrə komissarı Ştefan Fülenin rəsmi Bakıya ünvanlanan çağırışı isə ayrı şey deyir: “Onlara mesajımız budur ki, biz işbirliyimizin çərçivəsini genişləndirib enerji məsələlərinə dair strateji tərəfdaşlığımızın sərhədlərindən kənara çıxarmaqda çox maraqlıyıq”. Və çağırışın sonundakı fikirlər: “Gəlin, bu genişmiqyaslı yanaşmada insan haqları və s. əsas hüquq və azadlıqlarla bağlı məsələlərlə də məşğul olaq. Mesajımız aydındır: Avropa Birliyi ilə strateji tərəfdaşlığa nail olmağın yolu budur”.
Iş ondadır ki, Əliyev rejiminin Avropaya, mədəni dünyaya verdiyi mesajlar da, qayət aydındı: “Bizim öz yolumuz var!” Yaxşı ki, tarix bu yolun hara aparıb çıxardığını yaxşı bilir. Yoxsa ki, bircə gün də yaşamağa dəyməzdi…