Əbulfəz Qurbanlı YAP-ın gənclər sədrini debata çağırdı

«YAP-çı gəncin açıqlaması onu göstərir ki, cəbhəçi gənclərin hazırladıqları müraciət hədəfə dəyib»

AXCP Gənclər Komitəsinin “Eurovision-2012″ müsabiqəsi ilə bağlı ölkəmizə gələcək xarici jurnalistlərə ünvanladığı müraciətə hakim partiyanın təmsilçisindən cavab gəlib. Xatırladaq ki, cəbhəçi gənclər müraciətlərində vurğulamışdılar ki, hakimiyyət beynəlxalq media təmsilçilərindən ölkə reallıqlarını gizlətməyə çalışır. Ona görə xarici jurnalistlər şəhərin mərkəzindən kənarlara gedərək ölkədə baş verənləri öz gözləri ilə görə bilərlər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov AXCP-çi gənclərin müraciətlərinə münasibət bildirərkən vurğulayıb ki, bu bəyanat ölkəmizin imicinə zərbə vurmaq məqsədi daşıyır: “Bu müraciətdə reallıqlarla daban-dabana zidd olan fikirlərin əksini tapması bunu deməyə əsas verir. Azərbaycanda analoqu olmayan inkişaf baş verib. Amma Azərbaycan müxalifəti düzgün mövqedə deyil və inkişafımızı görmək istəmir. AXCP Gənclər Komitəsinin məlum müraciəti göstərir ki, həmin gənclər, deyəsən, nə ali təhsil alıblar, nə bir kitab, nə bir jurnal, nə də bir qəzet oxuyublar”.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirdi ki, YAP-çı gəncin açıqlaması onu göstərir ki, cəbhəçi gənclərin hazırladıqları müraciət hədəfə dəyib. Hakimiyyətin həqiqətən də xarici jurnalistlərə və qonaqlara yalnız paytaxtın abadlaşdırılmış küçələrini göstərmək niyyətində olduğunu deyən Ə.Qurbanlı vurğuladı ki, “Eurovision-2012″ müsabiqəsi zamanı şəhərdə fəaliyyət göstərəcək ”Aztur” şəhər gəzintisi xidmətinin avtobusları yalnız şəhərin mərkəzi və abad küçələrində hərəkət edəcək: “Ona görə biz xarici jurnalistlərə və qonaqlara müraciət edərək hakimiyyətin niyyəti barədə xəbərdarlıq etmək istədik. Bu, Azərbaycan gerçəklərinin dünyaya çatdırılmasıdır”.
AXCP-çi gənclərin təhsilli olmadıqlarına dair S.Orucovun ittihamlarına gəlincə, Ə.Qurbanlı bildirdi ki, YAP funksioneri görünür, məhz bu hakimiyyətin dövründə təhsilimizin acınacaqlı duruma salındığını unudur: “Hər il ali məktəblərə qəbulda göstərilən nəticələr təhsilimizin durumunu göstərir. Biz cəbhəçi gənclər kitab da oxuyuruq, hər gün qəzet də. Hətta Seymur Orucovun bəzən məqalələri olan ”Yeni Azərbaycan” və “Səs” qəzetlərinə də baxırıq və bu qəzetləri oxuyan zaman orda yer alan yazılar bizdə gülüş doğurur. Bu hakimiyyət ölkədə Siyavuş Novruzovların yetişməsini istəyir. Ona görə biz dəfələrlə mətbuata açıqlamalarımızda maariflənməyin vacib olduğunu bəyan etmişik”.
Ə.Qurbanlı onu da bildirdi ki, AXCP-çi gənclər dəfələrlə YAP funksionerlərini canlı debata dəvət etsələr də, sonuncular buna razılıq vermirlər. Indi də AXCP Gənlər Komitəsinin sədri YAP Gənclər Birliyinin sədrini debata dəvət edir: “Əgər Seymur Orucov dediklərini arqumentləşdirə bilərsə, buyursun, istənilən media qurumunda onu debata dəvət edirəm. AXCP Gənclər Komitəsinin Azərbaycanda ən savadlı, ən intellektual gənclər təşkilatı olduğunu həmin debatda sübut etməyə hazırıq”.

Hikmət