Vicdan məhbusları aclığa başladı

İlqar İbrahimoğlu: «Görün, vəziyyət nə qədər faciəvidir ki, öz canlarına qəsd edirlər»

Novella Cəfəroğlu: «Vicdan məhbusları günü sabah azad olunmalıdır»

Dünəndən etibarən vicdan məhbusları saxlanıldıqları cəzaçəkmə müəssisələrində aclıq aksiyasına başlayıblar. Aksiyaya AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP funksionerləri Məhəmməd Məcidli, Şahin Həsənli, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli, partiyanın üzvləri Ülvi Quliyev, Rüfət Hacıbəyli və hüquq müdafiəçisi Vidadi Isgəndərli qoşulub. Bununla yanaşı, həbsdə olan T.Abbaslının anası Başxanım Abbasova və Müsavat başqanının müşaviri Dünyaxanım Cərullayeva da aclığa başlayıblar. Onlar aclıq aksiyasını Müsavat Partiyasının mərkəzi qərargahında keçirirlər.
Qeyd edək ki, vicdan məhbusları bu aksiya ilə “Eurovision”a gələn qonaqların və əcnəbi jurnalistlərin diqqətini həbslərinin qanunsuz olmasına çəkmək istəyirlər.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, aclıq etmək hər bir məhkumun hüququdur: “Qanunvericiliyə əsasən, aclıq edən hər bir məhkum digər məhkumlardan təcrid olunur və həkim nəzarətində saxlanılır. Əgər səhhətində hər hansı problem olarsa, həkim tərəfindən müdaxilə edilir”.

Ictimai Palatanın Koordinasiya Şurasının üvzü Hacı Ilqar Ibrahimoğlu hesab edir ki, vicdan məhbuslarının həbsxanada aclığa başlması vəziyyətin nə qədər dramatik və faciəvi olduğunu göstərir: “Mən aclıq aksiyasını məqbul yol saymıram. Amma görün, insanlar hansı həddə çatıblar ki,  canlarına qəsd etməyə məcbur olurlar. Bu vəziyyətin dramatikliyinin və faciəviliyinin göstəricisidir.   
Siyasi məhbusların, vicdan məhbuslarının hamısı qeyd-şərtsiz, dərhal azadlığa buraxılmalıdılar. Bura dini və siyasi mövqeyindən asılı olmayaraq bütün məhbuslar aid edilməlidir”.
I.Ibrahimoğlu Ictimai Palatanın vicdan məhbuslarının bu aksiyasına dəstək verəcəyini də bildirib: “Ictimai Palatanın Koordinasiya Şurasının ilk gündən vicdan məhbusları və siyasi məhbuslarla bağlı konkret mövqeyi olub. Bu mövqe bundan sonra da davamlı və daha qətiyyətli olacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə vicdan məhbuslarının aclığa başlamasının təəssüfedici olduğunu bildirib: “Çox təəssüf ki, onlar hələ də azadlığa buraxılmayıblar və məcburən belə bir aksiyaya başlayıblar. Hesab edirəm ki, vicdan məhbusları və siyasi məhbuslar dərhal, hətta günü sabah azad edilməlidilər. Bunu ən çox istəyənlərdən biri bizik ki, onlar azad edilsinlər, bizim də siyahımız yüngülləşsin”.

Gültəkin