Tibbi xidmət pulsuzdur?

Anormal səhiyyə sistemi barədə acı düşüncələr
(Ikinci yazı)

Yazmışdım ki, ayağımdakı “Qızıl yel”-ə görə şəfa ocaqlarına üz tutmağıma peşman olmuşdum. Nədən ki, bəsit bir xəstəliyə üç professorun və bir neçə həkim mütəxəssisin fərqli yanaşması, diaqnozun diferensasiyasında zorlanmaları bir yana, həmkarlarımın humanistlikdən nə qədər uzaqlaşdıqlarını müşahidə etmək çox acınacaqlı idi.
Məni müayinə edən üç professordan ikisinin təyin etdiyi prosedur və yazdığı resept nüsxəsi sırf kommersiya xarakteri daşıyırdı. Çünki təyin olunan prosedura və yazılmış dərmanlara görə ödəyəcəyim məbləğdə professorların təxminən 20 faiz payı var idi. Ən maraqlısı o idi ki, professorların təyin etdikləri prosedurlar və dərman preparatları “Qızıl yel” xəstəliyi üçün o qədər də önəm daşımırdı.
Müayinəmə qoşulan həkim dostlarımın tibbi savadları barədə yazmaq gerçəkdən həddən artıq üzücüdür. Qətiyyətlə demək olar ki, həkimlərin böyük əksəriyyəti tibbi kitablar oxumur, tibbdə olan yeniliklərdən bixəbərdir və xəstələrə müştəri gözü ilə baxırlar. Onları ilgiləndirən yeganə kriteriya puldur və hər hansı həkim humanistlikdən dəm vurursa, əmin olun, bu humanistliyin içində də çoxlarının görə bilmədiyi qazanc dayanır.
Bəlkə də həkim olmasaydım, dərinə getməzdim, ancaq səhiyyənin gerçək mahiyyətini dərk etdiyimdən, ŞƏFA OCAĞI adlandırdığımız tibb müəssisələrində cərəyan edən ANALOQSUZ ANORMALLIQLARA göz yuma bilmədiyim üçün yazmaq zorundayam. Ki, ŞƏFA ocaqları bu gün daha çox CƏFA məkanına çevrilib.
Bir anlığa özün götür-qoy et, dəyərli oxucu, mənə – 30 il stajı olan həkimə müştəri gözü ilə baxan professorlar və həkimlər görün tibbi savadı olmayanların başına nə oyun açırlar.
Azərbaycanda həkim yoxdur, desəm, obyektiv çıxmaz, bizdə də humanistliyi itirməyən, mənliyini, şərəf və ləyaqətini pula təslim etməyən həkimlər var. Fəqət belələri çox deyil. Hər xəstəxanada, hər poliklinikada bir, maksimum iki həkimə rast gəlmək olar ki, onlar xəstələrə müştəri gözü ilə baxmır. Qalanlarının bazarlarda alver edənlərdən əsla fərqi yoxdur. Çünki bu gün Azərbaycan səhiyyəsi primitiv bazar prinsipləri ilə işləyir. Məgər kimsəyə sirdir ki, Azərbaycanın bütün tibb müəssisələrində həkimlər xəstələrin ciblərini soyur? Hökumətin verdiyi maaşla yalnız it günündə yaşamağın mümkünlüyünü anlayan həkim intiqamını xəstədən alır. Dünyanın bir sivil ölkəsində belə həkim ləyaqətinə, mənliyinə sığışdırıb gözünü xəstənin cibinə dikməz. Bu gün Azərbaycanda həkim qədər hörmətdən düşmüş, ucuzlaşmış ikinci bir məslək sahibi yoxdur, varsa, o da yalnız müəllim ola bilər.
Diqqət edin, elə siyasət qurublar ki, xalqın savadı və sağlamlığı üçün cavabdeh olanların özləri deqradasiyaya məruz qalıb. Bu bir mənəviyyat məsələsidir və gələcək nəsilləri düşünmək iqtidarında olanları çox ciddi narahat etməlidir. Televiziya ekranından Azərbaycanın səhiyyə sistemindəki uğurlardan ağzı köpüklənərək danışanlar, ölkənin səhiyyə sistemini idarə edənlər, ümumiyyətlə, əhalinin sağlamlığına cavabdehlik daşıyanlar, məgər dövlətə məxsus və özəl tibb ocaqlarında tüğyan edən biabırçılıqlardan, iyrəncliklərdən hali deyilsiniz? Xəbəriniz yoxdur ki, ŞƏFA ocaqlarında insanlar CƏFA çəkir?
Tibbi sığortadan məhrum vətəndaşa keyfiyyətli və pulsuz tibbi xidmətdən danışırsınız, mənliyiniz olsun, bu xalqı ələ salmağın sonu yaxşı olmayacaq. Səhiyyəni aqoniya vəziyyətinə gətirdiniz, səhiyyəni alverə çevirdiniz və utanmadan şəfa ocaqlarının qapısına “Tibbi xidmət pulsuzdur” yazmısınız.
Tibbi xidmət pulsuzdur, bəyəm? Yalançının…