“Şpigel”in hədəfi bu dəfə Paşayevlər oldu

“Məmurlar və biznesmenlər məsuliyyətdən yayınmaq üçün Heydər Əliyev Fonduna «xeyriyyə yardımı» edirlər”

«Eurovision» arenasının tikintisi üçün vəsait pensiya fondundan götürülüb?

Dünyanın nüfuzlu media orqanlarında Azərbaycandakı diktatura rejimini hədəf alan, hakimiyyətdə təmsil olunanların qanunsuz əməllərini tənqid edən materialların yayımı davam edir. Bu sırada ən fəal mətbu orqanlardan biri Almaniyanın “Der Spiegel” jurnalıdır. Bu dərgidə yayımlanan Azərbaycanla bağlı növbəti materialda Əliyevlər ailəsinin idarəçiliyi və biznes imperiyasından bəhs olunur. “Der Spiegel”də “Ailə naminə…” başlığıyla dərc olunan məqaləni təqdim edirik:

Süni gülüş

“Eurovision”un təşkilatçıları özlərinə tam əmindir. Çünki imic kampaniyasında uğur qazanmaq baxımından bu, hakim Əliyevlər klanı üçün hər şey deməkdir. Bütün bunların neçəyə başa gələcəyi isə onlar üçün o qədər də vacib deyil.
Səliqəli geyinmiş Tahir Məmmədov “Eurovision” mahnı yarışmasının Informasiya Mərkəzinə xoş gəlmisiniz” – deyərək süni şəkildə gülür.
Piar agenti Bakının mərkəzində yerləşən mənzərəli pəncərənin qarşısında dayanıb. Mənzərə Xəzər dənizinin dərinliklərinə doğru uzanır. Məmmədovun sağ tərəfində fontan görünür. Bəziləri deyir ki, onlar kanalizasiya sularını dənizə axıdırlar. Göyə qalxan çirkli sular isə yoldan keçənlərin üstünə çilənir.
Məmmədov bu barədə heç nə demək istəmir.
– Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə yarışmanı boykot edib?
– Ermənistan boykot etməyib, sadəcə, iştirak etməyəcəklər. Əvvəlcə onlar gəlməyə söz vermişdilər, amma sonra hər şeydən imtina etdilər. Halbuki, biz onların təhlükəsizliyinə təminat verirdik.
“Eurovision”un təşkilatçılarından olan Ictimai Televiziya Azərbaycanda bir sıra hüquq-müdafiə təşkilatlarının başladığı “Sing for Democracy” (Demokratiya naminə oxu!) kampaniyasının iştirakçılarını ittiham edir.
Tahir Məmmədovdan onu da soruşduq ki, minlərlə izləyicinin, habelə 1500 jurnalistin təhlükəsizliyi necə təmin olunacaq?
– Bütün bunlar Avropa Yayım Birliyinin standartlarına uyğun həyata keçiriləcək. Biz plan hazırlamışıq və nə lazımdırsa, edəcəyik.
Azərbaycanda yarışmanın Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevadan söz düşəndə Tahir Məmmədovun tərzi kəskin dəyişir. O, əllərini ibadət edirmiş kimi tutaraq, “Qoy, hər şey gözəl olsun” deyir.

Bakıdakı “Eurovision” rekord məbləğdə xərc çəkilən tədbirlər sırasında…

“Eurovision” Azərbaycanda zəngin olan neft və qazın üzərinə işıq saçır. Əliyev klanı və oliqarxlar bu zəngin ölkəni “dəmir əllə” idarə edirlər. Bir neçə həftədir ki, Qərb mətbuatı bu ölkədə insan haqlarını pozulması, jurnalistlərə və etirazçılara qarşı hücumların artması haqda yazır. Ölkəni idarə edən binadan isə qəzəbli cavab verirlər. “Siz bayramı məhv etməyə nail olmayacaqsınız” – Mehriban Əliyeva belə deyir.
Ölkəyə sərmayəçiləri cəlb etmək və insanların döyülmə səhnələrini ört-basdır eləmək üçün Azərbaycan hökuməti dünya üçün meqa-tamaşa hazırlayır. “Transitions” jurnalının siyahısında Azərbaycandakı “Eurovision” dünyada rekord məbləğdə xərc çəkilən tədbirlər sırasında göstərilir. Müxtəlif mənbələrdən cəlb olunan pulları da nəzərə alsaq, təxminən 214 milyon avro vəsait xərcləndiyi bildirilir.
Bakı buxtasında çoxfunksiyalı, 23 min tamaşaçı tutumlu “Crystal Hall” arenası yerləşir. 26 mayda orada yarışmanın finalı keçiriləcək. Burada “Alman keyfiyyəti” çox məşhurdur. Almaniyanın “Alpine Bau AG” şirkətinin inşa işlərini həyata keçirdiyi tikinti meydançasında – nəhəng bayraq dirəyinin kölgəsində gecə-gündüz 1500 nəfər çalışıb.
“Azərbaycanla əməkdaşlıq əla idi. Xüsusilə, belə çətin vəziyyətdə… Hökumət istəyir ki, layihə həyata keçsin. Bu səbəbdən onlar hər şeyi edirlər”, – deyə “Alpine” şirkətinin mətbuat katibi tərifləyir.
Zalın hazırlanmasına 49 milyon avro vəsait xərclənib.
“Transitions” yazır ki, bu pullar pensiya fondundan götürülüb. Hökumət isə bu haqda yazılanlarla bağlı açıqlama vermək istəmir.

Əliyevlərin biznes imperiyası

Görünür ki, Əliyevlər ailəsi bu tikintidən həm də qazanc əldə edir. Çünki OCCRP-nin mütəşəkkil cinayətkarlıq və korrupsiya üzrə araşdırmasının nəticəsi olaraq, Azərbaycanla bağlı hesabatında göstərilib ki, “Eurovision” üçün tikilən “Crystal Hall” arenasını inşa edən “Azenco” şirkətinin səhmdarlarının arxasında Əliyevlər ailəsi gizlənib.
Ümumiyyətlə, Əliyevlər iqtisadiyyatın müxtəlif sahələrində aktiv iştirak edirlər. Jurnalist Xədicə Ismayılova deyir ki, prezidentin qızı Leyla Əliyeva Panamada qeydiyyatdan keçmiş “Azerfon” şirkətinin səhmdarıdır. Bundan başqa, qızıl və gümüş hasilatı ilə məşğul olan AIMROC konsorsiumu da hakim ailədən iki xanımın adına qeydiyyatdan keçib.
Bütün bunlarla bağlı da rəsmi səviyyədə açıqlama almaq mümkün olmadı.
Qeyd edək ki, Leyla Əliyeva həm də Böyük Britaniyada çap olunan “Baku” jurnalının redaktorudur. O, jurnalı Azərbaycan mədəniyyəti və özünün təriflənməsi məqsədilə çap etdirir. Jurnalda Brayan Ferrinin yorğun gözləri Bakının əzəmətli görünüşünü qiymətləndirir. Ağ-qara illüstrasiyalı jurnal səhifələrində az qala, hər addımda gülümsəyən Əliyevlərə uzadılan insan əlləri olan fotoşəkillər fəxrlə göstərilir.
Azərbaycanın 47 yaşlı birinci xanımı YUNESKO-nun xoşməramlı səfiri və Heydər Əliyev Fondunun prezidentidir. ABŞ-ın Bakıdakı səfirliyindən Dövlət Departamentinə göndərilən və “WikiLeaks”in açıqladığı məxfi teleqramda yazılmışdı ki, Yeni Azərbaycan Partiyasından deputat olan xanım Əliyeva Hillari Klintonun Demokrat olduğunu biləndə təəccüblənmişdi.
Buna baxmayaraq, “first lady” beynəlxalq aləmdə yaxşı imic qazanmaq üçün böyük pullar xərcləyir. Heydər Əliyev Fondunun prezidenti kimi, o, Parisdəki kilsəyə, Versal sarayına xeyriyyə məqsədilə yardımlar edib. Keçən il o, Berlində şəhər sarayının rekonstruksiyasına 500 min avro xərcləyib.
Heydər Əliyev Fonduna pullar neft və qaz biznesindən daxil olur. Düzünü desək, bu haqda da dəqiq informasiya yoxdur. Məlumat var ki, cinayət məsuliyyətindən yayınmaq üçün məmurlar və biznesmenlər Fonda “xeyriyyə yardımı” edirlər. Bununla da onlar öz bizneslərini vergi yoxlamalarından qoruya bilirlər. Bu məlumatlar haqda da rəsmi Bakı heç bir şərh vermir.
Mehriban Əliyeva Paşayevlər ailəsində doğulub. Onun yüksək səlahiyyətli əmisi Hafiz Paşayev 2006-cı ildən Xarici Işlər nazirinin müavinidir. Hafiz Paşayev 13 il ABŞ-da səfir olub. Bacısı Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. Atası Arif Paşayev Milli Aviasiya Akademiyasına rəhbərlik edir.
Paşayevlər sığorta, tikinti, turizm şirkətlərini birləşdirən “Paşa holdinq”ə və “Paşa Bank”a nəzarət edir. Bundan başqa, onlar müxalifətə qarşı sərt mövqedə dayanan “Lider” kanalının sahibidirlər.

“Eurovision” məşq xarakteri daşıyır

Azərbaycanda keçirilən “Eurovision” məşq xarakteri daşıyır. Çünki bu ölkə 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə verib. 2016-cı ildə isə burada 17 yaşlıların futbol üzrə Avropa çempionatı keçiriləcək.
Beləliklə, builki “Eurovision” Bakıda keçiriləcək. Prezidentin kürəkəni olan Emin Ağalarov da səhnədə qonaq qismində çıxış etməyə ümid edə bilər.

Siyasət şöbəsi