Ölkənin istənilən yerində texniki baxışdan keçmək olar

Kamran Əliyev: «Texniki baxış mərkəzlərində növbələrin yaranmasında sürücülər günahkardır»

Qəzetimizin ötən sayında “Texniki baxış” biznesi” yazısında yol hərəkət qaydalarına edilən dəyişiklərin sürücülər üçün yaratdığı problemlərdən bəhs edilirdi. Yazı ilə bağlı qarşı tərəfin reaksiyası özünü gözlətməyib. Baş Dövlət Yol Polisi Idarəsinin şöbə rəisi Kamran Əliyev məqalədə qeyd edilən bəzi məqamlarla razılaşmadığını deyərək məsələ ilə bağlı mövqeyini bildirib.
K.Əliyev Qanunvericiliyə müvafiq dəyişiklik əsasında texniki baxışın ancaq xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirildiyini və bu məqsədlə regional texniki baxış şöbələrinin yaradıldığını deyir. Burda da əsas məsələ nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə yollarda hərəkətini təmin etməkdir.
K.Əliyevin sözlərinə görə, əvvəllər texniki qurğular bir çox rayonlarda olmadığından texniki baxış formal xarakter daşıyırdı. Amma artıq qanun nəqliyyat vasitələrinin yalnız xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə texniki baxışdan keçməyi tələb edir. Rayonların hamısını isə Almaniya istehsalı olan bu avadanlıqlarla təchiz etmək mümkün deyil. Ancaq regional şöbələrlə yanaşı sürücülər ölkənin istənilən yerində avtomobilini texniki baxışdan keçirə bilər.
Texniki baxış mərkəzlərində növbələrin yaranmasında isə K.Əliyev sürücələrin özlərinin günahkar olduğunu deyir: “VAZ markalı avtomobillər yanvarın 1-dən mayın 1-nə qədər texniki baxışdan keçməlidir. Ancaq sürücülər yalnız aprelin 20-dən sonra bunu edirlər. Nəticədə növbələr yaranır”.
Şöbə rəisi etibarnamələrin təkrar qeydiyyatı məsələsinə də toxundu: “Insanlar tanımadığı adamdan 20-30 il sərəncam vermək hüququ ilə avtomobil alır. Sabah avtomobilin birinci sahibinin problemi yarananda, əmlakı əlindən alınanda, ən çox avtomobilin faktiki sahibi zərər çəkir. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, müqavilələr notariusda təsdiqlənibsə, onların təkrar qeydiyyatına ehtiyac yoxdur. Etibarnamənin təkrar qeydiyyatı artıq elektron üsulla aparılır və nə nəqliyyat vasitəsi, nə onun sahibi, nə də etibarnamə verən şəxs ora gedir”.
K.Əliyev bu prosesdə rüşvətə ehtiyac olmadığını da qeyd etdi: “Əgər etibarnamənin konkret rüsumu varsa, nəyə görə kimsə rüşvət verməlidir. Rüşvət versə də, ona bir ildən yuxarı etibarnamə verməyəcəklər”.

Fizzə