Azərbaycanın dövlət başçısı nə etdiyini və nə edəcəyini bilmədən hər yola baş vurur
Mayın 14-də Ictimai Palata Bakının mərkəzində növbəti etiraz aksiyasını keçirdi. Ilham Əliyev bilərəkdən, ya da instinktiv olaraq, prosesləri anlaşılmazlıq müstəvisinə çəkir. Müxalifətə, hətta şəhərin kənarında da mitinq keçirməyə imkan verməməklə vəziyyəti radikallaşdırır. Buradan isə iki mühüm versiya ortaya çıxır.
Əliyev “Eurovision”a qarşıdır
Dünən xarici mediada yer alan bir yazıda deyilir ki, Bakıda keçirilən etiraz aksiyası səbəbindən “Kristal zal”da yoxlama tədbiri təxirə salınıb. Göründüyü kimi, ilk addım artıq ortadadır. Ilham Əliyev bu tədbirin keçirilməsində maraqlı deyil. Ona görə də vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir.
Burada belə bir sual ortaya çıxır: vəziyyətin radikallaşması Əliyevi bu dalandan çıxara biləcəkmi? Əlbəttə ki, yox. Çünki Ilham Əliyev bu addımları sonuna qədər düşünüb atmır. Hər dəfə çətinliklə qarşılaşanda başqa bir istiqamətə üz tutur. Bütün hallarda isə özünü çətinə salır. Hazırda onu əhatəyə almış geopolitik çəmbər alov mühasirəsi kimi yaxınlaşır. Və bu alov yaxınlaşdıqca rəsmi Bakı bütün çıxış yollarını yoxlamaq üçün əlindən gələni edir. Avtoritarizmin əlindən isə zor tətbiq etməkdən başqa bir şey gəlmədiyindən heç bir çıxış yolu qalmır. Bu situasiyada da zor tətbiq etmək mədəni tədbirdən can qurtarmaq üçün bir vasitədir.
“Eurovision” siz deyən kimi deyil…
Ola bilsin, Əliyev bu cür radikal siyasət yürütməklə belə bir mesaj verir ki, musiqi yarışması və ya hər hansı başqa tədbir sizin istədiyiniz deyil, mənim istədiyim nəticələri doğurmalıdır. Bu, avtoritarizmin pozulmuş psixoloji dəngələrinin yaratdığı tablodur. “Pulun hər şeyi aldığına inananlar pul üçün hər şeyi etməyə hazır olanlardır” – dostum Natiq Ədilovun bu fikrini belə də ifadə etmək olar: “Zorla hər şeyin mümkün olduğuna inananlar zorla hər şeyi etməyə hazır olanlardır”. Çünki hakimiyyətin bu mahiyyətinin başqa bir çevrilmədə hansı formaya girəcəyi elə də sirr deyil. Bütün aqressivlər kimi, bu rejimin də bir gün daha aciz duruma düşəcəyi kimsədə sual yaratmır. Bununla belə, Ilham Əliyev vəziyyəti elə həddə çatdırır ki, orada heç bir xoşgörüdən və geriyədönmədən söhbət getməsin.
Sonunu düşünən qəhrəman olmasa da…
Məşhur Abdullah Çatlının “Sonunu düşünən qəhrəman olmaz” deyimi mafiya hakimiyyətləri üçün əməlli-başlı kredoya çevrilib. Gözlərini yumub xalqları ilə savaşa girənlərin sonda xain damğası almaqdan başqa bir perspektivləri yoxdur. Qəzzafi və Mübarəki yerlə-yeksan edən tufan heç bir yelkəni olmayan qayıqcıqları sıradan çıxarmayacaqmı? Əlbəttə ki, cavab sadə və birdir. Amma proseslərin bir də digər ucunu gözdən keçirək. Ilham Əliyev və onun komandası prosesləri radikal müstəviyə çəkən həmkarlarının aqibətini görmürmü? Görürsə, o yola vurğunluq haradan yaranır? Yuxarıda deyildiyi kimi, yalnız zorla hər şeyin mümkün olduğuna inandıqlarından özlərini də zora təslim etmək üçün əllərindən gələni edirlər.
Beləliklə, Ilham Əliyevin bu addımları onu sürətlə daha gərgin günlərə aparır. Nəticə isə bəllidir. Gün vardı ki, müxalifət olmaq yasaq idi. Sonra evləri insanların başına uçuruldu, ardınca, məktəbli uşaqları vəhşiliklə qanına boyamağa başladı bu hakimiyyət… Məncə, bütün ideolojilər artıq əhəmiyyətini itirib, canlıların öz növünü və cinsini yaşatmaq uğrunda savaşı başlayıb.
Seymur Həzi