Siyasi məhbuslardan tutmuş, media azadlığı, mülkiyyət haqları və korrupsiyaya qədər bütün problemlər göndəmə gətirildi
Ştefan Füle “Mesajımız aydındır” dedi
Avropa Komissiyası mayın 15-də Avropa Qonşuluq Siyasətinə dair illik sənədlər paketini açıqlayıb. Hesabatlara Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynaya dair dəyərləndirmələr və tövsiyələr, həmçinin Şərq Tərəfdaşlığı üçün yol xəritəsi daxildir.
Avropa Birliyi (AB) ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının müddəti (AQS FP) 2011-ci il dekabrın 31-də bitib. Tərəflər razılaşıblar ki, hazırda danışıqlar prosesində olan Assosiasiya Sazişi imzalananadək bu planı müddətsiz uzatsınlar.
2011-ci ildə Assosiasiya Sazişi üzrə danışıqlar asta sürətlə davam edib. Dərin və Hərtərəfli Azad Ticarət (DHAT) üzrə danışıqları başlamaq mümkün olmayıb, çünki Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü deyil. Bu üzvlük DHAT danışıqlarını başlamaq üçün ilkin şərtdir.
Bu ilin hesabatı və 2012-ci ildə AQS FP-nın davamlı icrası baxımından Azərbaycan dəvət olunur ki:
• Avropa Şurası Parlament Assambleyası ilə siyasi məhbuslar məsələsində tam əməkdaşlığı davam etdirsin.
• 2011-ci ilin dekabrında qəbul olunmuş İnsan Haqları Fəaliyyət Planını tezliklə yerinə yetirsin.
• Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin götürdüyü öhdəliklərə uyğun olaraq Madrid Prinsipləri üzrə razılığa gəlmək üçün cəhdləri sürətləndirsin.
• AB-nin nümayəndələrinin Dağlıq Qarabağ və ətraf regionlara şərtsiz çıxışını təmin etsin.
• Bakı və regionlarda söküntülər, əmlak mənimsəmələri və məcburi çıxarılmalara aid qanunların icrasında şəffaflıq təmin olunsun.
• Böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutan diffamasiya qanunu qəbul olunsun.
• Seçkilər, sərbəst toplaşma, birləşmə, media azadlıqlarına dair qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırsın və onların tam icrasını təmin etsin.
• Ədliyyə sisteminin bütün aspektlərində – istintaq, məhkəmə, hökm, saxlanma və apelyasiyada islahatları sürətləndirsin.
• İctimai maliyyə idarəçiliyində qabarıq problemləri, xüsusilə də büdcə məsələlərində şəffaflıq və hesabatlılıq məsələlərini həll etsin.
• Korrupsiya ilə mübarizədə ciddi tədbirləri qətiyyətlə icra etsin, biznes və investisiya mühiti yaxşılaşdırılsın, həmçinin inhisarçılığa köklənmiş iqtisadiyyatı azaltsın.
SİYASİ DİALOQ VƏ İSLAHAT
• Fəaliyyət Planı öhdəliklərinə əməl etmək üçün Azərbaycan mühüm işlər görməlidir. Həmin öhdəliklər seçki prosesləri, insan haqları və əsas azadlıqların daxil olduğu dərin və davamlı demokratiya, eləcə də ədliyyə sisteminin müstəqilliyini əhatə edir.
• Martda etiraz aksiyalarının, xüsusilə də aprelin 2-də aksiyanın sərt şəkildə boğulması göstərdi ki, demokratikləşmə və insan haqları sahəsində ciddi geriləmə var, AB-ə verilən, eləcə də Avropa Şurası və ATƏT-in öhdəliklərinə əməl olunmur.
• Azərbaycan 2011-ci ilin əvvəlində antikorrupsiya kampaniyasına başlayıb, ancaq kampaniyanın təsiri kiçik olub. Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, insan alveri və çirkli pulların yuyulması ilə mübarizədə irəliləyiş əldə olunub.
• Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ danışıqlarında real nəticə olmayıb. Təmas xəttində gərginlik artıb, atəşkəsə dair sazişin pozulması hallarının araşdırılmasında da ciddi irəliləyiş olmayıb.
MESAJIMIZ AYDINDIR
Avropa Komissiyasının bu sənədi ilə eyni vaxtda Avropa Birliyinin Genişlənmə üzrə komissarı Ştefan Fülenin də rəsmi Bakıya ünvanlanan çağırışı yayılıb. “Onlara mesajımız budur ki, biz işbirliyimizin çərçivəsini genişləndirib enerji məsələlərinə dair strateji tərəfdaşlığımızın sərhədlərindən kənara çıxarmaqda çox maraqlıyıq. Gəlin, enerji sahəsindəki əməkdaşlıqdan bir lokomotiv kimi istifadə edərək işbirliyimizi başqa sahələrə də genişləndirək. Gəlin, bu genişmiqyaslı yanaşmada insan haqları və s. əsas hüquq və azadlıqlarla bağlı məsələlərlə də məşğul olaq. Mesajımız aydındır: Avropa Birliyi ilə strateji tərəfdaşlığa nail olmağın yolu budur”, – deyə Fülenin çağırışında bildirilir.
Avropa Birliyi özünün cənubundakı və şərqindəki bir sıra ölkələrə, o cümlədən Azərbaycana daha sıx əməkdaşlıq təklif edib. Bu, əməkdaşlıq ya birliyə üzvlük, ya da onunla iqtisadi, siyasi sahədə sıx inteqrasiya ilə nəticələnə bilər. Birlik bundan ötrü həmin ölkələrdən insan haqları və iqtisadi sahədə islahatlar istəyir (“Azadlıq” radiosu).