Dünən Ağır cinayətlərə dair Işlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının məhkəməsinə hazırlıq iclası keçirilib. Bu haqda “Turan”a Ə.Zeynallının vəkili Elçin Sadıqov bildirib.
Vəkil məhkəmə qarşısında çoxsaylı vəsatətlər qaldırıb. Belə ki, müdafiə tərəfi məhkəmənin tərkibinə etiraz edib, cinayət işi əsassız olduğu üçün yenidən istintaqa qaytarılması tələb olunub, həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsi qaldırılıb. Bütün vəsatətlər rədd edilib və hakim məhkəmə baxışını mayın 18-nə təyin edib. Qeyd edək ki, “Xural” qəzeti 2001-ci ildən çap edilir. Qəzet iqtidar mənsublarına daim tənqidi mövqe tutub. Bu mövqeyinə görə də Ə.Zeynallı 2011-ci ilin oktyabrında həbsə alınıb. YAP-çı deputat Gülər Əhmədovanın Ə.Zeynallının rüşvət tələb etməsi haqda hüquq-mühafizə orqanlarına ifadəsindən sonra redaktor həbsə alınıb. Ona hədə-qorxu ilə rüşvət tələb etmək ittihamı irəli sürülüb. Amma bu ittiham özünü doğrultmayıb. Məhkəmə qərarını icra etməkdən yayınma ittihamı da elan edilib. Buna qəzetdə dərc edilən məqalə ilə bağlı PA rəhbəri Ramiz Mehdiyevin, KIV-lərə dəstək Fondunun başçısı Vüqar Səfərli və “Iki Sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadənin qaldırdığı məhkəmə iddiası səbəb olub. Sonradan bu ittihamdan nə üçünsə R.Mehdiyevin adı çıxarılıb. Bundan əlavə, Ə.Zeynallıya qarşı vergidən yayınma ittihamı da elan edilib. Beynəlxalq qurumlar bu həbslə bağlı yaydıqları bəyanatlarda həbsin siyasi motivli olduğunu göstərərək, Ə.Zeynallını vicdan məhbusu kimi tanıdıqlarını deyiblər(Turan).
Əvəz Zeynallının məhkəməsi başladı
•