“Texniki baxış” biznesi

Yeni qanun əhalinin rahatlığını əlindən alıb

«Avtomobilin formal texniki baxışı üçün sürücülər gecədən növbəyə durmalı olur»

Milli Məclisin yol hərəkət qaydalarına etdiyi dəyişikliklər sürücülərin işlərini xeyli ağırlaşdırıb. Hətta avtomobil sahibləri vəziyyəti dözülməz adlandırır. Parlamentdə qəbul edilən dəyişikliklərdən sonra Dövlət Yol Polisinin müvafiq təlimatlarına da dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, avtomobilini texniki baxışdan keçirmək istəyən sürücü bunu yaşadığı rayonda deyil, regional imtahan məntəqələrində həyata keçirməlidir. Respublikada 12 belə regional məntəqə var.
Demokratiyaya Yardım Ictimai Birliyinin sədri Emil Məmmədov yeni qaydaların sürücülər üçün ciddi problem yaratdığını deyir. Belə ki, əlavə yol qət etməli olan sürücülər vaxt və pul itkisi ilə üzləşməli olur.
E.Məmmədov texniki baxış zamanı məntəqələr qarşısında böyük növbələrin də yarandığını deyir: “Misal üçün, Şirvan şəhərində 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi Hacıqabul, Saatlı, Salyan, Sabirabad rayonlarına xidmət edir. Əslində məntəqə Hacıqabul rayonu ərazisində yerləşir. Neftçala şəhərindən ora gəlmək üçün sürücü 110 km bir tərəfə, 110 km də əksinə getməli olur. Saatlıdan, Sabirabaddan gələnlər də onun kimi. Ona görə də sürücülər izafi olaraq 15-20 manatlıq benzin yandırmalıdır. Bundan əlavə, 5 rayona xidmət edən məntəqənin qarşısında böyük növbələr yaranır. Qonşu rayonlardan adamlar gecə saat 1-2-dən gəlib növbə tuturlar ki, texniki baxışdan keçə bilsinlər. Həm vaxtları, həm pulları, həm əsəbləri, həm də enerjiləri gedir. Əslində texniki baxış da formal xarakter daşıyır”.
E.Məmmədovun sözlərinə görə, qanun vətəndaşların rahatlığına, rifahına hesablandığı halda, Azərbaycanda vəziyyət əksinədir. Qəbul edilən qanunlar, təlimatlar yalnız korrupsioner məmurların maraqlarına hesablanır.
E.Məmmədov Mülki Məcəlləyə edilən dəyişikliyin də əhali tərəfindən narazılıqla qarşılandığını qeyd etdi: “Milli Məclisdə Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən, oktyabrın 1-dən nəqliyyat vasitəsi ilə bağlı sərəncam vermək hüququ nəzərdə tutan etibarnamənin müddəti bir ilə qədər endiriləcək. Yəni etibarnamə alan şəxs hər il avtomobili aldığı adamı da götürüb notarial kontora gedib orda təzədən rüsum da, rüşvət də verməlidir. Əslində bu, vətəndaşların incidilməsinə və korrupsiyaya imkan verən dəyişikliklərdi. Bu da əhali arasında böyük narazılıqla qarşılanır”.

Fizzə