Rövnəq Abdullayev Liviya bazarına girir

SOCAR bu ölkədə yanacaqdoldurma stansiyası şəbəkəsinin açılması barədə yeni hökumətə təklif verib

Azərbaycan Dövlət Neft Şirkəti Liviyaya bu ölkədə SOCAR-ın brendi altında yanacaqdoldurma stansiyası (YDS) şəbəkəsinin açılmasını və neft emalı zavodunun inşasına investisiya qoyuluşunun həyata keçirilməsini təklif edir.
Bu məsələlər Tripolidə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürovla bu ölkənin neft və qaz naziri  Əbdürrəhman bin Yəzzənin görüşündə müzakirə edilib.
Azərbaycan XIN-in məlumatına görə, Azərbaycan tərəfindən Liviyada SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin tikilməsi, istər müştərək, istərsə də Azərbaycan tərəfinin investisiyaları hesabına Liviyada neftayırma zavodunun inşa edilməsi təklif edilib.
Həmçinin A.Şükürov iyunun 5-8-də Bakıda keçiriləcək 19-cu Beynəlxalq Neft-Qaz Sərgi və Konfransına Liviyanın neft və qaz nazirinin dəvət olunduğunu bildirib. Liviyalı nazir dəvətə görə təşəkkürünü bildirib və Liviya ilə Azərbaycan arasında neft-qaz sahəsində əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çəkərək iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb(Turan).