atv-loqo-yeni

ATV İbrahimovlardan alındı

atv-loqo-yeni“Azad Azərbaycan”dakı məcburi dəyişikliyin səbəbi nədir?

İstanbuldan təcili çağırılan Tağı İbrahimova bir günün içində telekanalı tərk etmək əmr olunub

Azad Azərbaycan Televiziyası (ATV) Ibrahimov qardaşlarından alınıb. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, televiziyanın onlardan alınması Ibrahimovlar üçün gözlənilməz olub. Bu qərarın hansı səviyyədə qəbul olunduğunu isə onun kifayət qədər təcili yerinə yetirilməsi göstərir. Mənbənin dediyinə görə, ATV-nin prezidenti Tağı Ibrahimov Istanbuldan təcili Bakıya çağırılıb və gecə ilə ona televiziyanı təhvil verməli olduğu deyilib. Bildirilib ki, o və qardaşı Natiq Ibrahimov kabinetlərini təcili boşlatmalıdırlar.
Dünən səhər Ibrahimov qardaşları kollektivi yığaraq onlarla vidalaşıb. Məlumatla əlaqədar Tağı Ibrahimovla əlaqə saxlaya bilməsək də, qardaşı Natiq Ibrahimovla danışa bildik. Natiq Ibrahimov “Azadlıq”a açıqlamasında məlumatı şaiyə adlandırsa da, Lent.az-a bu barədə belə deyib: “Bilmirəm kim gəlir, amma biz getdik…”
Məlumatlara görə, Tağı Ibrahimovun yerinə Vüqar Qaradağlı təyin olunub. Vüqar Qaradağlı əvvəllər “Bizim əsr” və “Naş vek” qəzetlərinin baş redaktoru olub. “Radio Lider”in, “Lider” televiziyasının daxil olduqları “Media-Holdinq”in baş direktoru işləyib. “Mərkəz” qəzetinin baş redaktoru olub. Vüqar Qaradağlı Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib.
“Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçiləri mənim ailə üzvlərimdir”. Bunu isə APA-ya açıqlamasında Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov “Azad Azərbaycan” Teleradio Şirkətində (ATV) baş vermiş kadr dəyişikliyinə münasibət bildirərkən deyib.
Nazim Ibrahimovun sözlərinə görə, telekanalın təsisçiləri ilə orada çalışan komanda arasında televiziya yayımçılığına dair uzun müddətdir, davam edən müəyyən fikir ayrılığı olub: “Sonda təsisçilər tərəfindən komandanın yenilənməsi ilə bağlı qərar qəbul olundu. Hesab edirəm ki, yeni komanda Azərbaycan tamaşaçısının zövqünə uyğun, daha keyfiyyətli kanal quracaq. Bu dəyişiklik telekanalın inkişafına xidmət edəcək”. Ibrahimovun bu açıqlaması bir qədər dolaşıqdır. Çünki baş verənlər göstərir ki, komanda yenilənməyib, əksinə, telekanalın Nazim Ibrahimovun ailə üzvləri olan telekanalın təsisçiləri Tağı Ibrahimovla Natiq Ibrahimov ATV-ni tərk edib. Komitə sədrinin belə dolaşıq açıqlama verməsi ATV ətrafında baş verənlərlə bağlı bəzi mülahizələrə səbəb olub. Ehtimal olunur ki, artıq Ibrahimovlar hakimiyyətdə mövqelərini itiriblər. Əgər belədirsə ATV-nin alınmasından sonra onların nəzarətində olan biznes sahələrinə də əl qoyulacağını düşünmək olar.
Başqa bir ehtimal isə məsələnin hakimiyyət daxili proseslərlə əlaqədar ola biləcəyi barədədir. Söhbət ondan gedir ki, hazırda iqtidar daxilində vəziyyət o qədər də ürəkaçan deyil. Hakimiyyətdaxili qruplar arasında ziddiyyətlər kəskinləşib. Görünür, bütün bunlar birinci şəxsi ciddi narahat edir. Bu baxımdan təcili tədbirlər görməyə başlanıb. Bu sırada iri oliqarxların əlindəki media quruluşlarının alınması xüsusi yer tutur. Bir müddət əvvəl də xəbər yayılmışdı ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan KIV-lərə əl qoyulub. Bu olay Paşayevlərin adı ilə bağlanırdı.
ATV-yə Vuqar Qaradağlının rəhbər gətirilməsi bu kanalı da Paşayevlərin nəzarətə götürdüyünü düşünməyə əsas verir.  Yuxarıda qeyd etdik ki, Vüqar Qaradağlı “Radio Lider”in, “Lider” televiziyasının daxil olduqları “Media-Holdinq”in rəhbəri olub. “Lider” televiziyası və radiosunun təsisçiləri isə Ilham Əliyevin ailə üzvləridir.
Yeri gəlmişkən, ATV yalnız Ibrahimovlara məxsus deyil. Bu kanalın səhmlərinin bir hissəsi Ibrahimovlara, bir hissəsi Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin xanımına, bir hissəsi də PA-nın şöbə müdiri Əli Həsənovun xanımına məxsus olub. Avropa Şurasının israrları nəticəsində Ədliyyə Nazirliyi bu faktı açıqlamalı olmuşdu. ATV yeni binaya köçəndən sonra təsisçi məsələsində də dəyişiklik baş verdi və telekanala nəzarət daha çox Ibrahimovların əlinə keçdi. Güman ki, qısa müddətdə Ibrahimovlardan təsisçilik hüququ da alınacaq.
Sonda bir məqamı vurğulayaq ki, ATV-nin Ibrahimovlardan alınması Azərbaycanda demokratiyanın mövcudluğu və bütün hüquqların qorunduğunu iddia edənlərə bir cavab oldu. Elə bu mövzuda həvəslə danışmağı xoşlayan Ibrahimovlar da  Azərbaycanın cəngəllik qanunları ilə idarə edildiyinin bir daha şahidi oldular.

Informasiya şöbəsi