“France-Presse”, “Reuters”, “BBC”, “France 24”, “Der Standart”, “Die Welt” İctimai Palatanın aksiyasından operativ reportaj yayımladı
Ictimai Palatanın ötən gün Bakının mərkəzində keçirdiyi etiraz aksiyası dünya mediasının diqqətində olub. “Eurovision” musiqi yarışmasını izləmək üçün ölkəmizə ezam olunan xarici jurnalistlər Ictimai Palatanın etiraz aksiyasını izləyib.
Aksiya bitəndən qısa müddət sonra “AFP”, “Reuters” kimi nüfuzlu xəbər agentlikləri, “BBC” media korporasiyasının xəbər xidməti piketdən məlumatlar yayıblar. Aksiya barədə operativ məlumat ingilisdilli “The Voice of Russia” radiosunda da səsləndirilib.
Almaniyanın “Die Welt” qəzetinin online versiyasında aksiya barədə məlumat və şəkillər yerləşdirilib. Aksiya zamanı səsləndirilən şüarlar, polislərin etirazçılara zor tətbiq etməsi xəbərdə xüsusi vurğulanıb.
Bundan başqa, Fransanın “France 24″ kanalı da ”AFP” xəbər agentliyinə istinadən aksiyadan məlumat verib. Xəbərdə qeyd olunub ki, “Eurovision” yarışmasına hazırlaşan ölkədə insanların dinc aksiya keçirmək imkanları zorakı üsullarla məhdudlaşdırılır.
“Eurovision” öncəsi vəziyyət daha da pisləşib”
Bakıdakı etiraz aksiyası Avstriya mediasının da diqqətindən kənarda qalmayıb. “Der Standart” qəzetinin internet səhifəsində Bakıdakı aksiya ilə bağlı xəbər bu başlıqla verilib: “Eurovision” finalı öncəsi polis etirazların qarşısını alır”.
Məlumatda qeyd olunub ki, Bakıda polis müxalifətin etiraz aksiyasının qarşısını zorakılıqla alıb. “Azadlıq!” şüarı səsləndirən aksiyaçılar polis zorakılığına məruz qalıblar.
Polis etirazçıları avtobuslara doldurub.
“Der Standart” Müsavat başqanı Isa Qəmbərə istinadən yazır ki, ən azı, 10 nəfər etirazçı saxlanılıb.
“Müxalifət ”Eurovision” öncəsi dünya ictimaiyyətinin diqqətini Azərbaycanda insan hüquqlarının durumuna cəlb etmək istəyir. Beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda insan hüquqlarının sistemli şəkildə pozulduğunu bəyan edir. Ilham Əliyevin “dəmir əli” ilə idarə olunan ölkədə insan haqlarının vəziyyəti yarışma öncəsi daha da pisləşib”, – deyə “Der Standart” qeyd edib.
Bakıdakı etiraz aksiyası haqda xəbər verən Avstriyanın digər qəzeti “Die Presse” də Azərbaycanda vətəndaşların sərbəst toplaşma azadlığının məhdudlaşdırıldığını vurğulayır.
“Die Presse” həmçinin Azərbaycanda korrupsiyanın səviyyəsinə də toxunub: “Hazırda Avropa Insan Haqları Məhkəməsində Azərbaycana qarşı 1700 şikayət ərizəsi var. ”Sərhədsiz reportyorlar” təşkilatının hesabatında Azərbaycan söz və ifadə azadlığının durumuna görə 152-ci yerdə – Iraq və Əfqanıstanla yanaşı dayanır. “Transparency International”ın hesabatında da Azərbaycan 183 ölkə arasında 143-cü yeri tutur. Amma Azərbaycanın qonşusu Gürcüstan bu siyahıda 64-cüdür”.
Informasiya şöbəsi