Isveçin «Medievarlden» qəzeti «Azadlıq» qəzeti haqqında reportaj hazırlayıb. Həmin reportajı oxucuların diqqətinə çatdırırıq:
Diktaturaya hələ də müqavimət göstərən sonuncu qəzet
Mayın 26-da Azərbaycanda keçiriləcək musiqi yarışmasıyla əlaqədar Avropanın gözü bu ölkəyə dikilib. Burada beşulduzlu otellərin, möhtəşəm konsert salonlarının arxasında mətbuat və ifadə azadlığının güclü təzyiq altında olduğu bir ölkə gizlənib. Dünyanın bir sıra media orqanları hələ də Azərbaycaycandakı diktaturaya müqavimət göstərən qəzetin redaksiyasına baş çəkiblər. Bu qəzetin yerləşdiyi binaya baxanda qətiyyən deməzsən ki, Azərbaycanda azsaylı müstəqil və müxalifət qəzetlərindən biri burada yerləşir.
Binadakı mühafizəçi-polis saatına baxaraq, deyir ki, “Azadlıq” qəzetinin redaktorları redaksiyada bir qədər gec olurlar. Bir qədər sonra mən yenidən yaxınlaşıram və hiss edirəm ki, o, əsəbiləşdi. Mənə isə axşam saatlarında gəlməyi məsləhət görür. Sən demə, mənim görüşmək istədiyim adam isə həmin vaxt artıq redaksiyadaymış…
Söhbət qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevdən gedir. O, “Azadlıq”ın fəaliyyəti haqda danışır…
Hacıyev deyir ki, hazırda Azərbaycanda söz azadlığının durumu ağırdır və onun rəhbərlik elədiyi qəzet də ciddi təzyiqlər altındadır. Təxminən bir il əvvəl bu qəzetin əməkdaşı Seymur Həzi 6 nəfər maskalı şəxsin hücumuna məruz qalaraq döyülüb.
“Döyənlər ona deyiblər ki, ”ağıllı ol”. Görünür, ona görə ki, Seymur Azərbaycandakı rejimi tənqid edən məqalələr yazır…”, – deyə Hacıyev həmkarının başına gələnlər haqda danışır.
Bu ölkədə müstəqil jurnalistlərə qarşı hər hansı qanun pozuntusu baş versə, onlar hüquq-mühafizə orqanları, eləcə də məhkəmələrin obyektiv, hərtərəfli araşdırma aparacağına, günahkarların cəzalandırılacağına ümid edə bilməzlər: “Rejim iddia edir ki, baş vermiş cinayətlər araşdırılır. Lakin bir çox hallarda, bu işlər nəticəsiz qalır”.
“Azadlıq”a qarşı təzyiqlərin göstəricilərindən biri kimi, ən məşhur olay bu qəzetin baş redaktoru Qənimət Zahidin həbsidir. Qənimət Zahid 2007-ci ilin noyabrında saxta, əsassız ittihamlarla həbs olunub və bir də 2010-cu ilin martında azadlığa buraxılıb.
“Azadlığa çıxandan sonra da Qənimət Zahidin özünün və ailəsinin ünvanına hədə-qorxu xarakterli anonim zənglər gəlməyə başladı. Bu səbəbdən o, ailəsini daha təhlükəsiz yerə – Fransaya yerləşdirmək məcburiyyətində qaldı” – bunu da Hacıyev deyir.
Qənimət Zahid özü isə hazırda Türkiyədədir – oradan tele-veriliş hazırlayır.
Qəzetin redaksiyasında stolun üstündə qartal heykəli var. Onun üzərində azadlıqla bağlı klassik sitatlar yazılıb. Bu suveniri redaksiyaya başqa bir qəzetin baş redaktoru Eynulla Fətullayev həbsdə olarkən göndərib.
Eynulla Fətullayev, Qənimət Zahid, Seymur Həzi… Bunlar Azərbaycanda hazırkı rejimi tənqid etdiklərinə görə həbsxanaya salınan, digər formada təqib və təzyiqlərə məruz qalan çoxsaylı jurnalistlərin sadəcə, bir neçəsidir. Təkcə “Azadlıq”ın əməkdaşları sırasında daha iki nəfər oğurlanıb döyülən, iki nəfər də bıçaqlanan jurnalistlər var. Bıçaqlanan jurnalistlərdən biri Fransaya, digəri isə Hollandiyaya mühacirət etmək məcburiyyətində qalıb.
Yeri gəlmişkən, bu ölkədə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov da 2005-ci ilin martında qətlə yetirilib. O jurnal artıq fəaliyyət göstərmir.
Bütün bu və digər halları əks etdirən şəkillərə “Azadlıq”ın redaksiyasında fotolardan ibarət böyük plakata da baxmaq olar. Fotoşəkillərdəki jurnalistlərin əksəriyyətinin sifətində zorakılıq əlamətləri aşkar görünür.
“Eurovision”la əlaqədar Azərbaycana diqqət artıb. Bu ölkədə insan hüquq və azadlıqlarının pozulduğunu nəzərə alaraq, belə bir tədbirin keçirilməsini necə dəyərləndirmək olar? Bu suala Rahim Hacıyevin cavabı belə olur:
– Bu, bir tərəfdən ölkə üçün yaxşıdır. Çünki dünyada reklam olunuruq, insanlar bura gələrək, ölkə ilə tanış olurlar. Lakin pis tərəfi odur ki, bu müsabiqə həm də cinayətkar və korrupsiyalaşmış rejimə daha çox yeyinti imkanı yaradıb.
O, konkret misal da çəkir. Deyir ki, Azərbaycan “Eurovision”un təşkilinə ötən il yarışmanın keçirildiyi Almaniyadan təxminən on dəfə çox pul xərcləyib. Bundan başqa, yarışmanın xərclərini qarşılamaq üçün “Eurovision” fondu” adıyla sahibkarlardan, şirkətlərdən pul yığırlar.
Redaksiyada köhnə kompüterlərin arxasında əyləşmiş jurnalistlərin böyük həvəslə işlədiyini görürəm. Onlar nələr yaşamayıblar? Hələ-qorxu, döyülmə, həmkarlarına qarşı zorakılıqlar… Bəs onlar qorxmurlar?
“Bu, Azərbaycanda ən cəsarətli kollektivdir…” – deyə Rahim Hacıyev cavab verir.