Respublika Dama Federasiyası gender problemi yaradır

Federasiya əcnəbi ölkələrdə keçirilən yarışlarda qadın oyunçuların iştirakını əngəlləyir

Hər il 64 və 100 xanalı dama üzrə müxtəlif yaş qrupları arasında Respublika və Bakı çempionatları keçirilir. Ümidlər (5-10 yaş), kiçik kadetlər (11-13 yaş), kadetlər (14-16 yaş) və gənclər (17-19 yaş). Hər yaş üzrə qaliblər (qızlar və oğlanlar) Avropa və Dünya çempionatlarında Azərbaycanı təmsil etməlidirlər.
Yarışlara 8 qalib aparılmalı olsa da yalnız 3 və ya 4 oğlan aparılır. Əfsus ki, qızlar bu şansdan məhrumdur. Qızların xarici yarışlarda iştirakına yol verilməməsinin ciddi bəhanələri var. Bəhanə budur ki, “Qızlar oğlanlara nisbətən zəifdirlər və yaxşı nəticə göstərə bilmirlər”. Heç bir damaçı ilk dəfədən gözəl nəticə göstərə bilməz. Əgər bir oğlan damaçı Avropa və ya Dünya çempionatında ilk dəfə gözəl nəticə göstərə bilməsə də yenidən yarışlarda iştirakına şans verilir. Qızlara da şans verilməlidir ki, onlar da Azərbaycanı təmsil edə bilsinlər.
Bizim ölkəmizdə çox da inkişaf etməyən zehni idman növündən biri olan “dama” 10-11-ci əsrlərdə Cənubi Fransada yaranıb. Dama taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O, tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılıb.