Putin MDB liderlərindən nə tələb edəcək?

Fuad Qəhrəmanlı: «Rusiya qlobal siyasətdə qütb olmaq istəsə də, yalnız hərbi və siyasi diqtə imkanları hesabına Moskva buna nail ola bilməz»

Rusiyanın yeni prezidenti Vladimir Putin xarici siyasətlə bağlı ilkin iddialarını artıq irəli sürməkdədir. Mayın 15-də Moskvada MDB-nin qeyri-formal sammitinin Putin tərəfindən təşkili də bunu bir daha sübut edir. Ekspertlər Putinin səlahiyyətlərinin icrasına başlayan kimi MDB-nin sammitini çağırmasını təkcə onun birliyə daxil olan respublikaların prezidentləri ilə görüşmək niyyəti ilə bağlamırlar. Bu, Azərbaycan da daxil olmaqla, bir sıra keçmiş sovet respublikalarının gələcək taleyini müəyyən edəcək proseslərin başlamasından xəbər verir. Belə ki, səlahiyyətlərinin icrasına başlayan kimi Putinin imzaladığı ilk fərman Rusiyanın MDB ölkələrini öz orbitində daha sıx birləşdirmək vəzifəsini nəzərdə tuturdu. Fərmanda deyilirdi ki, Rusiyanın xarici siyasətinin ən başlıca istiqaməti məhz MDB respublikaları ilə ikitərəfli və çoxtərəfli inteqrasiya proseslərini dərinləşdirmək olacaq.
Bu zaman bir sıra suallar meydana çıxır. Ilk sual Rusiyanın Azərbaycanı tam formada özünə tabe etməsinin nə dərəcədə mümkün olması ilə bağlıdır. Digər tərəfdən, Rusiyanın bu fəaliyyəti bir müddət əvvəl Novruz Məmmədovun açıqlamasını istər-istəməz yada salır. N.Məmmədov bildirmişdi ki, Azərbaycan Qərbyönlü kursdan imtina edərək başqa bloklara qoşula bilər. Sonuncu qaranlıq məqam isə bu kimi ideyalara Rusiyanın hazırkı potensialının nə dərəcədə imkan verdiyi ilə bağlıdır.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, Putin hakimiyyətə qaytdıqdan sonra Rusiyanın xarici siyasət kursunda sərtləşmənin olacağı, köhnə ambisiyaların önə çıxacağı gözlənilən idi. F.Qəhrəmanlının fikrincə, açıq şəkildə görünür ki, Rusiya postsovet məkanını özünün təsir dairəsi kimi rəsmiləşdirməyə çalışır. Bu baxımdan Rusiyanın MDB-nin formal təsisatdan çıxaraq, Rusiyanın geosiyasi maraqlarını təmin edəcək təşkilata çevirmək cəhdi buna xidmət edir: “Rusiya iradəsini və maraqlarını bu qurum çərçivəsində MDB dövlətlərinə qəbul elətdirmək istəyir. Rusiya artıq qlobal siyasətdə qütb olmaq arzusundadır. Amma bu real deyil. Çünki yalnız hərbi və siyasi diqtə imkanlarını əldə etməklə Rusiya geniş mənada siyasi qütbə çevrilə bilməz. Buna dövlətin sahib olduğu iqtisadi resurslar və texnologiya Qərblə rəqabətdə olduqca geri qalır. Medvedev prezident olduğu dönəmdə bu barədə yazmışdı. O zaman Medvedev yazılarında Rusiyanın modernləşdirilməsinin vacib olduğunu ifadə etmişdi”.
Putinin bu gün ortaya qoyduğu ideyanın daha çox siyasi və hərbi xarakter daşıdığını deyən F.Qəhrəmanlı vurğuladı ki, bu addımların atılması Rusiya ilə Qərb arasında münasibətləri gərginləşdirəcək. Qərbin Mərkəzi Asiya və Cənubi Qafqazdakı enerji maraqlarının təhlükəyə düşməsi kimi dəyərləndiriləcək və Rusiyaya qarşı əks addımlar atılacaq. Azərbaycanın bu məsələlərə yanaşmasına gəlincə, F.Qəhrəmanlının qənaətincə, Azərbaycan baş verənlərdən narahatlıq keçirir: “Çünki burada söhbət birbaşa olaraq Rusiyanın təsir dairəsinə daxil olmaqdan gedir ki, hazırkı hakimiyyət də buna bir o qədər həvəsli deyil. Sadəcə olaraq Azərbaycan Putinin bu ideyalarından yararlanaraq Qərbi şantaj etməyə çalışır. Iqtidar bəyan edir ki, Qərbdən demokratiya ilə bağlı təzyiqlər kəsilməzsə, hakimiyyəti qorumaq üçün hazırkı rejim Rusiyanın təsir dairəsinə girəcəyi anonsunu verir. Bu zaman isə Azərbaycan Rusiyanın canişinliyi statusunda regionda Kremlin himayəsini qazanmış olacaq. Hakimiyyət buna meyilli olmasa da Qərbdən gələn təzyiqlərin fonunda bu variantı seçə bilər. Əslində Novruz Məmmədovun söylədikləri bunun anonsu idi”.
F.Qəhrəmanlının sözlərinə görə, Azərbaycan hakimiyyəti bu gün islahatlara getməməklə dünya ilə ölkəni hansı qarşıdurmaya gətirirsə, Rusiyaya da meyilənmə kursunu götürməklə daha bir yanlışa yol verə bilər. Bu isə Qərblə münasibətləri daha da sərtləşdirəcək ki, nəticədə Azərbaycan Rusiya ilə Qərbin qarşıdurmasındakı mənfi elementlərin bir hissəsini öz üzərinə götürmüş olacaq.

Xəyal