Anası Şirinbacı xala: «İlqar neçə gün idi ki, izlənilirdi»
Rzayevlər ailəsi: «İlqarın cibindən, pəncərəmizin qarşısından özlərinə sərf edən hansı əşya çıxıbsa, onu ölkə başçısı hədiyyə edib»
Onlar sona qədər vuruşdular, evləri əllərindən alınsa da geri çəkilmədilər. Hakimiyyətin “Qış bulvarı” adı altında sökdürdüyü ərazilərdən çıxan sonuncu sakin idilər, axırda polis gücünə ata-baba mülklərindən didərgin salındılar. Ilham Əliyevin “1500 manatlıq ədalətli kompensasiyası” ilə barışmayan Rzayevlər ailəsi hazırda Binəqədi rayonunda kirayədə qalır. Öz qanuni haqlarını tələb etmək üçün Avropa Məhkəməsinə üz tutacaqlar. Ailə iki-üç il başqa-başqa ünvanlarda kirayədə qalmağa razıdır, təki haqq nazil olsun.
Mayın 11-də ailənin kiçik oğlu Ilqar Rzayev həbs olundu. Həbsin təfərrüatlarını öyrənmək üçün Binəqədiyə yollandıq.
Şəhərin mərkəzindən xeyli uzaqda, aya 150 manata ev tutan Rzayevlərin kirayə qaldığı mənzilə ayaq qoyan kimi qarşımıza Rəsulzadənin portreti çıxdı. Hətta küçədən keçənlər belə o şəkli görə bilərlər. Mirzağa Əliyev küçəsindəki evlərindən zorla çıxarılanda əşyalarla yanaşı bu portreti özləri ilə götürüblər. Bir sözlə, Rəsulzadə bu ailənin əbədi dostudur.
Narkotika ananın otağından “çıxdı“
Bizi, iqtidarlı-müxalifətli, hamının tanıdığı məşhur Şirinbacı Rzayeva qarşılayır. Əvvəllər necə görmüşdüksə, indi də elə idi. Oğlunun həbsi belə onun vücudunu əyməyib. Onlara qarşı həmişə repressiv aparatın işlədiyini deyən Şirinbacı xala bildirir ki, heç kəs onu yolundan döndərə bilməz: “Elə bir ailədə böyümüşəm ki, məni heç kim sındıra bilməz. Öldürə bilərlər, ancaq susdurmaq mümkün deyil. Yalnız Allah məni sındıra bilər”.
Şirinbacı xala oğlunun həbsi günü baş verənləri belə təsvir edir: “Ilqar metronun ”Memar Əcəmi” stansiyasının yaxınlığında evlərin alğı-satqı mərkəzində kompyuter işində çalışır. Həyat yoldaşı rusdu. Bizi evimizdən çıxarandan sonra yoldaşı buradakı haqsızlığa dözməyib ölkəni tərk etdi. Ilqar da Ali Məhkəmənin qərarından sonra ailəsinin yanına gedəcəkdi. Mayın 11-də oğlum Əli Rza Muxtar evə zəng vurub dedi ki, Ilqara zəng çatmır. Işdən ona sənəd veriblər ki, surətini çıxarsın, ancaq ondan səs-səmir yoxdur. Bir az narahat oldum, bir neçə dəfə zəng etdim, telefonu bağlı oldu. Dözməyib iş yeri ilə əlaqə saxladım, dedilər ki, sənəd vermişik, gəlib çıxmayıb”.
Şirinbacı xala deyir ki, axşam saat 17 radələrində evlərinə 50-yə yaxın mülki geyimli gəlib: “Evin sahibini soruşdular, dedim ki, kirayədə qalırıq. Onlardan dəfələrlə özlərini təqdim etməyi xahiş etdim. Heç nə demədilər. Birdə gördum soxuldular evə. Heç bir söz demədən otaqları bir-bir gəzdilər. Elə bildim ki, Hacıbala Abutalıbovun adamlarıdır, evə baxmaq istəyirlər. Düşündüm ki, bizimlə razılığa gəlmək istəyirlər. Ailəmizdən kim hansı otaqda yaşayır, onu öyrənməyə başladılar. Mən özüm də bilmədən otağımın Ilqarın olduğunu dedim. Ilqarın adını eşidən kimi o dəqiqə içəri keçdilər. Pəncərənin ağzında var-gəl edib, iki dənə bükülü ”tapdılar”. Tez ağ kağıza nəsə yazdılar. Mənim də adımı qeyd etdilər və imza atdım. Heç nə bilmədim. Yalnız adım olan yerə qol çəkdim. Sonra mənə dedilər ki, Ilqarı narkotik üstə həbs ediblər. Bu sözləri eşidən kimi güldüm. Əgər oğlum həqiqətən narkomandırsa, çörəyim burnundan gəlsin, yox, şər atırlarsa, Allah onlara bildirsin. Oğlumun cibindən narkotik çıxsa, mən başımı kəsərəm. Onlara elə tərbiyə verməmişəm ki, nankor olsunlar”.
“Geri çəkilən deyilik!”
Şirinbacı xalanın sözlərinə görə, mülki geyimlilər onların evlərinə soxulan zaman vicdan məhbusu Elnur Məcidlinin divarda asılmış şəklini telefonla çəkib sonra qopardıblar: “Şəkli cırmaq istəyəndə qoymadıq. Narkotikanı pəncərəməzin önünə onlar qoyublar. Birincisi, səhərçağı gəlinim evi təmizləyəndə pəncərənin qarşısında heç bir bükülüyə rast gəlməyib. Ikincisi də, Ilqar narkotikdən istifadə edirdisə, onu niyə mənim otağımda gizlədirdi? Mən səhvən polislərə dedim ki, Ilqar mənim otağımda yatır, əslində onun otağı başqadı. Əgər desəydim Ilqarın otağı Əli Rzanın 9 yaşlı oğlu Süleymanın otağıdır, yəqin ki, narkotiki ordan ”tapacaqdılar”. Bunlar insanları sadəcə öz əxlaqlarına uyğun şəkildə həbs edirlər”.
Şirinbacı xala söhbəti daha sərt şəkildə yekunlaşdırdı: “Oğlumun cibinə və pəncərəmizin qarşısına narkotiki Ilham Əliyevin tapşırığı ilə atıblar. Sifariş ən yuxarı səviyyədən gəlib”.
Əli Rza Muxtar qardaşının həbsinin ailəsinin mübarizəsinə heç bir təsir göstərməyəcəyini deyir: “Biz geri çəkilən deyilik. Üstümüzə, kimliyindən asılı olamayaraq, kim gəlirsə, ona qarşı vuruşuruq, hətta o geri çəkilsə belə, xeyri yoxdu. Sona qədər vuruşacağıq. Qardaşımın cibindən, pəncərəmizin qarşısından özlərinə sərf edən hansı əşya çıxıbsa, onu Ilqara Ilham Əliyev hədiyyə edib”.
Əli Rza Muxtarın sözlərinə görə, Ilqar neçə gün imiş ki, izlənilirmiş: “Anamın Ictimai Palatanın 22 aprel mitinqindəki çıxışından sonra səhəri bizi evimizdən çıxartdılar. Hər gün Ilqarın iş yerində naməlum adamlar gəlirmiş, ancaq o buna fikir vermirdi. Evimizdən zorla çıxmağımızla bağlı ABŞ-ın, Ingiltərənin ən məşhur mediasına müsahibəsində də anam deyib ki, hakimiyyət xalqı düşünmür, onlara yalnız camaatın mülkü lazımdı. Onun bu çıxışı bütün polislərin qarşısında olub”.
“Hər yerdə sözümüzü demişik”
Ilqar müxalifətin mitinqlərində həmişə fəal olub. Təkcə qardaşım yox, mən də, anam da, hər yerdə sözümüzü demişik. Mayın 1-də, mayın 10-da etiraz aksiyalarında iştirak etdik. Hakimiyyət gül bayramına milyonlarla manat pul xərcləyir, ancaq insanları evindən çıxardanda bazar qiymətlərinə uyğun pul vermək istəmir. Bizə normal pul versəydi, niyə etiraz edirdik? Bunlar istəyirlər ki, ölkədə haqqını tələb edən olmasın. Biz onlardan ata-baba mülkümüzə görə pul tələb edirik. Ancaq müxalifətçi olduğumuzdan, haqqımızı tələb etdiyimizdən razı deyillər. Bizim istədiklərimizlə razı olmadıqları kimi, biz də onların əməllərindən narazıyıq”, – deyir Əli Rza Muxtar.
Sülh və Demokratiya Institutu (SDI) Ilqar Rzayevin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda vətəndaşların mülkiyyət hüquqlarının qorunması məsələsində Rzayevlər ailəsinin fəaliyyəti qeyd olunur. SDI Rzayevlərin mənzilində qanunsuz axtarış aparıldığını bildirib: “Həmin vaxt evdə Şirinbacı Rzayeva və azyaşlı uşaqlar olub. Onlar silahlı adamların evə girməsindən qorxaraq ağlayıblar. Evə daxil olanlar nəsə axtarmağa başlayıblar və sonra guya narkotik maddə tapdıqlarını bildriblər”.
Bəyanatda qeyd edilir ki, axtarış üçün prokurorluqdan sənəd təqdim etmədən silahlı adamların evə daxil olması qanunsuzdur və cəzalanmalı aksiyadır. DIN və Baş Prokurorluq bunu ciddi araşdırmalıdır.
***
Bu, Rzayevlər ailəsidi. Həmişəki kimi yenə od “püskürdü”lər. Onların evinə gedəndə susqunluq olacağını düşünmürdük. Əmin idik ki, danışacaqlar, həm də sərt. Heç kimdən və heç nədən qorxmurlar. Kimsənin də onları sındıracağına zərrə qədər də inanmırlar. Şirinbacı xala gözəl dedi: “Onları yalnız Allah sındıra bilər, yaratdıqları yox”.
Allah amanında, deyib, ayrılırıq…
Ramin DEKO