Misir Mərdanov məktəb təmiri adı altında bina tikdirir

Nazir Bakının baş planında saxtakarlıq etdirib, 2005-ci ildə zəbt edə bilmədiyi əraziyə sahib çıxmaq istəyir

Bakı şəhəri 4-cü mikrorayon Cavadxan küçəsi 19 saylı binanın sakinləri redaksiyamıza müraciət edərək təhsil naziri Misir Mərdanovun onlara məxsus qarajları və bağ sahələrini zəbt etmək üzrə olduğunu bildiriblər. Sakinlərin verdiyi məlumata görə, nazir 5 saylı məktəbin təmiri adı altında 1 hektara yaxın sahəni hasara alaraq orada bina tikdirmək arzusundadır. Məsələni yerində araşdırmaq üçün adı çəkilən ünvanda olduq.
2 qat hasarlı məktəb
Cavadxan küçəsində yerləşən 5 saylı orta məktəbdə təmir işləri gedirdi. Məktəbin ətrafında hasar olmasına baxmayaraq yeni hasarın çəkildiyi diqqətimizi cəlb etdi. Yeni hasar  məktəb ərazisindən 30 metr irəlidə, düz yolun kənarı ilə çəkilir. Divar üçün qazılan təməl isə, kanalizasiya və su xətlərinin üzərinə düşür. 30 ildən artıq məhəllədə yaşayan sakinlər bizə bildirdilər ki, məktəb inşa ediləndən ərazisi hasara alınıb: “2005-ci ildən bu yana məktəbin ərazisini genişləndirmək istəyirlər. Lakin bu genişlənmənin məktəbə dəxli yoxdur. Əgər ərazi məktəb üçün genişlənirdisə, onda birinci hasarı niyə sökmürlər?”.
Baş planda saxtakarlıq edilib
Məhəllə sakinləri bildirdilər ki, 2005-ci ildə məktəbin təmiri adı altında ərazini zəbt etməyə cəhd edilib: “2005-ci ildə polisin gücü ilə qarajlarımızı və bağ sahələrini sökmək istədilər. Burada ciddi qarşıdurma oldu. Sonda bizə dedilər ki, hasarı çəkək, baölarınıza və qarajlara dəyməyəcəyik. Biz razılaşdıq. 2-ci hasar çəkildi. Lakin məktəbin öz hasarına dəymədilər. Yenidən bizə zor tətbiq  etdilər. Mətbuat, eləcədə ”Azadlıq” qəzeti bizim şikayətlərimizi dərc etdi. Biz Bakının Baş Planını əldə etdik. Sübut olundu ki, qarajlar və bağlar məktəb ərazisində yerləşmir. O zaman bu məsələyə görə rayon təhsil şöbəsinin müdirini işdən azad etdilər”. Sakinlərin sözlərinə görə, indi Bakının Baş Planında saxtakarlıq edilib: “Indi isə məktəbin Arif adlı iş icraçısı bizə baş plandan çıxarış göstərir ki, guya qarajlar və bağlar məktəbin ərazisindədir. Bizə 1992-ci ildə Baş Plandan çıxarış vermişdilər. Həmin çıxarış bizdə durur. Öz məqsədləri üçün saxtakarlıq edirlər. Məktəbin təmiri adı altında Cavadxan küçəsi biyunca 107 metr uzunluğunda 30 metr enindəki ərazi zəbt edilir. Bizdə olan məlumata görə, bu ərazidə nazir Misir Mərdanov bina inşa etdirmək istəyir. 2005-ci ildə yarımçıq qalan işi davam etdirmək arzusuna düşüb”. Sakinlər onu da vurğuladılar ki, nazir M.Mərdanov təhsil ocaqlarının ərazisində əvvəllər də bina inşa etdirib: “Mədəni Maarif Texnikumunun həyətində 16 mərtəbəli bina inşa edilib. Inanmayanlar gedib baxsın”.
“Professorun əmlakını dağıdırlarsa…”
Bizimlə söhbət edən Qəzənfər Əliyev bildirdi ki, qarajlar qanuni inşa edilib: “Burada 3 qaraj tikilib. Hər üçünün qanuni sənədləri tərtib edilib. Biz hər il dövlətə torpaq vergisi, işıq pulu ödəmişik. Qarajlar üçün kupçalarımız da var. Indi məktəbin müdiriyyəti bizdən tələb edir ki, qarajlarımızı 3 gün ərzində boşaldaq. Niyə görə boşaltmalıyıq?”. Həmsöhbətimiz onu da bildirdi ki, qarajlardan birinin sahibi professor Ərəstun Baxşəliyevdir: “Ərəstun müəllim Azərbaycan elmində rolu, yeri olan bir alimdir. Əgər saxtakarlıqla professorun əmlakını dağıdırlarsa, bu ölkənin gələcəyi yoxdur”. Q.Əliyev bizə illər ərzində qaraj üçün ödədiyi dövlət rusumlarının qəbzlərini də təqdim etdi. Bəxtiyar Abidov adlı sakin isə  məktəblə binalarının arasında olan boş sahədə bağ saldıqlarını söylədi: “20 ildən artıqdır ki, burada bağ salmışıq. Ağacları suvarmaq üçün işlətdiyimiz suya görə krantlara sayğac qoyublar. Hər ay su pulu ödəmişik. Torpaq pulu vermişik. Biz qanusuz iş görmüşdüksə, niyə dövlət orqanları bizdən vergi yığırdı? Burada 4-5 binanın uşaqları bu bağçalarda istirahət edir, oynayır. Yaşlı adamlarıq, günümüzü burada keçiririk. Bilirsiz, Bakıda ağac becərmək çox çətindir. Indi də illər boyu zəhmətlə becərdiyimiz ağacları qırmaq istəyirlər”. Sakinlər eyni zamanda məsələ ilə bağlı dövlət başçısına müraciət etdiklərini bildirdilər.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə etdiyimiz zənglərə cavab verilmədi. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.