Bu yaşımda anladığım bir şey də var ki, güllərin düşər-düşməzliyi olur. Biz öz həyatmızda bir dəfə gül yağışını görmüşük. Bu, 20 Yanvarda olub. Həmin vaxt qərənfillərin də bəxti gətirmədi, onlar birdəfəlik yas gülünə çevrildilər… Kaş güllər həmişə şad günlərin bəzəyi olsun. Arzum budur!
Indilikdə isə çoxəsrlik arzumuz çin oldu. Indi Bakıda da “seyrə balonlarla çıxmaq” (Ə.Sabir) mümkündür. Lakin məsəl var, deyirlər ki, yuxarıdan baxıb fikir edincə, bir az aşağıdan baxıb şükr etmək daha yaxşıdır. Fəqət, elə burada ağlıma bir fikir gəlir: əcəba, bu ölkədə şükranlıq üçün bir əsas qalıbmı?..
Bayram üçün düz 116 ton gül alındı. Mən bunun manatla ifadəsini tapmaqda acizəm. Lakin ağlıma gəlir ki, bunun manatla ifadəsi, yəqin ki, zəlzələdən əziyyət çəkən bir rayona – Zaqatalaya ayrılmış 20 milyon manatdan və ya Taqanroq şəhərində müharibə abidəsinin bərpası üçün ayrılan 2 milyon manatdan az olmaz.
Bu yerdə yadıma başqa şey düşür. Mən başqa, xalis gül bayramı haqqında da eşitmişəm. Bildiyimə görə, ingilislər B.Dizraelinin doğum gününü xüsusilə qeyd etməyi sevirlər. Həmin gün hamı öz pəncərəsinə çiçəklər düzür, daha xarici ölkələrdən 100 tonlarla gül-çiçək alınmır. Insanlar özləri bunu edirlər və bunun üçün hansısa təmənna ummurlar. Mənə elə gəlir ki, əsl gül bayramı bu cür olmalıdır. Bunlar isə ha çalışırlar, özlərinin “bayram” statusu verdikləri tədbirləri kütləviləşdirə bilmirlər. Hətta “müqəddəs Valentin günü”nə maraq daha böyükdür, nəinki YAP-ın təsis etdiyi bayramlara.
Əsl bayram illərin və əsrlərin sınağından keçməlidi. Indiki təbliğatın əsl faciəsi, qüsuru bilirsinizmi nədədir? Hakim partiya çalışır ki, Heydər Əliyevə və onunla bağlı tarixlərə “ümummilli” status versin. Bəli, rəsmən belə bir status verilib. Lakin o, uzunömürlü olacaqmı?
Heydər Əliyev niyə ümummilli lider ola bilmədi?
H.Əliyev ümummilli lider ola bildimi? Ola bilmədi. Bəlkə də bunun üçün ona şans verilmişdi, onun imkanları vardı. Amma o, bunu realizə edə bilmədi və yaxud da istəmədi. Ümummilli lider olmaq üçün o, öz yaxınlarının və partiyasının maraqlarının fövqündə durmalı idi. Amma illərlə onun və onun kimi liderlərin şüuruna hakim olmuş “biz və onlar” düşüncəsi ona bir kəsimin maraqları fövqünə qalxmağa imkan vermədi. Hətta bu kəsim kifayət qədər böyük olsa da…
Struktur planda götürəndə H.Əliyev üçün heç bir şey dəyişməmişdi – kommunist partiyasının əvəzində YAP yaranmışdı və o, yenə də tək partiyaya rəhbərlik edir, onun maraqlarını təmin edir, o biri partiyaları görmürdü. Onun siyasi stilində bir “sinifçilik” ştampı vardı – o, daim kimisə nədəsə ittiham etməli idi və bunu edirdi.
Nə qədər qəribə olsa da, indi “xalq düşmənləri”nə həsr olunmuş silsilə tele-verilişlər, çıxışlar bir az azalıb. Zira, bir vaxt belə verilişlərin əlindən dinclik və rahatlıq yox idi. Ölkənin siyasi və ictimai strukturu prezidentə ümummilli maraqlar istiqamətinə yönəlməyə və öz yaxın siyasi ətrafından asılı olmamağa imkan verir. Bəs o, nə etdi? Bütün hakimiyyəti, onun üç qolunu bir partiyanın sərəncamına verdi. Mən əminəm ki, əgər seçkilər saxtalaşdırılmasaydı, normal bir parlament, məhkəmə və bələdiyyə sistemi qurulsaydı, o, yenə də prezident kimi qalardı. Çünki bunun üçün onun potensialı vardı. Sadəcə, o, özünün və ətrafının özəl siyasi məqsədlərini dəyişməli, korrupsiyasız və azad bir ölkənin qurulması üçün çalışmalı idi. Lakin o, bunları etmədi və təsadüfi deyil ki, vaxtilə onun hakimiyyətə gəlməsində müxtəlif rollar oynamış insanlar (onların arasında böyük vəzifələr tutmuş şəxslər də az deyildi…) sonradan özlərini aldadılmış hesab etdilər, ondan və onun partiyasından ayrılaraq bu hakimiyyətin ciddi opponentlərinə çevrildilər.
Bunlar hələ görünənlərdir. Nə qədər insan – 1993-cü ildə ona səs verənlər sonradan peşmançılıq hissi keçirdi və səhvlərini 1998-ci ildə keçirilən növbəti prezident seçkisində düzəltmək istədi. Lakin artıq gec idi, ölkəyə Mərkəzi Komitənin keçmiş birinci katibi, Siyasi Büronun üzvü qayıtmışdı. Bəli, artıq gec idi…

Güllər həmişə düşərli olurmu?
•


