Çörək və tamaşa

Hələ Qədim Romada quldarlıq quruluşu öz altun dövrünü yaşadığı bir zamanda əhalinin yaşam tərzinə nisbətdə mədəniyyətin bir çox sahələri, o cümlədən memarlıq və teatr sənəti xeyli dərəcədə inkişaf etmişdi. Romanın mərkəzi yerlərində o dövr üçün xüsusilə dəbdə olan böyük hamamlar tikilir, bazarlar salınır, geniş həcmli teatr binaları inşa olunurdu. 

Varlı və yoxsul olmasından asılı olmayaraq xalqın böyük əksəriyyəti teatrı sevirdi. Quldarlıq münasibətləri zəminində insanlar cismən, mənən əzilir, təhqir olunur, heyvanla bərabər tutulur, emalatxanalarda, körpülərin tikilməsində, yolların salınması və digər bu kimi işlərdə günlərlə işləmələrinə baxmayaraq, onlara gördükləri əməyin qarşısında ya olduqca cüzi əmək haqqı, ya da acından ölməyəcək qədər qida verilirdi. Bütün bunlara baxmayaraq, insanlar ədalətsiz krala inam bəsləyir, çörək və tamaşadan başqa heç bir şey istəmirdilər. Onlar hələ də ədalətsiz imperatorun islahatlara gedəcəyi qənaətində idilər. Kim bilir, bəlkə onlar ümid edirdilər ki, saray zümrəsi yeyib- doyandan sonra bəlkə onlara da bir gün ağladı. Bu, antik dövr Roması…
Axı dünya o vaxtdan çox dəyişdi… Mədəniyyətlər sintez təşkil etdi, yeni-yeni uyğarlıqlar meydana gəldi. Hələ sənaye və beyin inqilablarını demirik.
Müasir dünya… Müasir Azərbaycan… Sözün düzü, mən çox əndişəliyəm, bizim camaat deyəsən heç dəyişməyib, necə deyərlər, “köhnə hamam, köhnə tas”. Yenə qul bazarı var. Yenə də biz şəhərin göbəyində araba sürən insanlara, qucağındakı körpə ilə fahişəliyə sürüklənən qadınlara rast gəlirik.
Yenə insanlar sabahdan-axşama qədər işləyib, əmək haqlarını lazımı şəkildə ala bilmirlər, əməklərinin istismarı müqabilində haqları yeyilir, hüquqları tapdanır. Halbuki, Romada qullar işlədiyi zaman yenə az da olsa qida və paltar ala bilirdilər, bizim qullar heç onu da ala bilmir.
Yenə insanlar alçaldılır, təhqir olunur, zora məruz qalır. Cəmiyyətdə insanların bir-birinə münasibəti “cəngəllik qanunu” – “sən yeməsən, səni yeyəcəklər” ilə qiyaslanır.
Yenə ixtiyar sahibləri humanizdən, haqq-ədalət hissindən uzaqdırlar.
Ən əsası, yenə şou-əyləncə var.
Şou, əylənəcə kommunizm sisteminin xalqları təsir dairəsində saxlamaq üçün üçün illər boyu istifadə etdiyi ənənəvi təcrübələrindəndir, amma bunun baniləri belə bu praktikadan imtina edirlər. Çünki onun qurbanı elə ruslar özləri oldular.
Gecə-gündüz yüngül, bayağı verilişlər yayımlayan telekanallara bağlanmış olan məmləkət insanı mənəvi iflasa uğramaqdadır. Həyatın nəbzini çal-çağırda tutmağımızın məntiqi nəticəsidir ki, şəxsi qeyrətimizlə fərqdə milli qeyrətimiz sıfrın altına düşüb. Biz dünyaya bu cür zehniyyətlə necə inteqrasiya edə bilərik ki? Bir vaxtlar bütün teleknallar yalandan “Qarabağ”, “Qarabağ” deyə qulağımızı dəng etmişdi. Hələ indi də. Sonradan şou tipli verilişlər ortaya çıxdı, hamımızı optimist etdilər, nikbin notlarla Qarabağ nəğmələri oxuduq, bayramlarda cəmləndik, dəmləndik. Indi isə (yəni üçüncü mərhələdə) gündəlik qəza xəbərləri, boşanma, bıçaqlanma hadisələri eşidirik. Bu tip xəbərlər eşitmək məişətimizə elə adi şey kimi daxil olub ki, gündə belə xəbər eşitməyəndə adam efirdə boşluq hiss edir.
Hamı müğənni, hamı şair, bəstəkar olmaq istəyir, hamı efirə, ekrana can atır, hamı televiziya aparıcısı olmaq istəyir. Sanki bütün mərəzimizi musiqi çözəcək, mahnı çözəcək. Şüurlu şəkildə aparılan bu kampaniyalarla heysiyyətimizi zədələyirlər. Bu isə öz-özlüyündə ölkənin, millətin, xalqın gələcək taleyini sual altına qoyur.
QUL OLMAYIN, HÜR OLUN!

Tacəddin Lətifli