Həzarat, noolub, nə baş verib? Noolsun Ilqar Muradov adlı müğənni YAP-a üzv olanda? Nə yapışmısınız yazığın yaxasından?
Adam siyasətdən heç zad bilmirmiş, YAP-ın Məramnamə və Nizamnaməsini oxumayıbmış, ümumiyyətlə, Azərbaycan siyasətində kimlərin olmasından, nələrin baş verməsindən xəbərsizmiş. Nə olsun?
Döşəyirlər yazığın qabırğasına, Ilqar Muradovun mətbuata verdiyi səmimi etiraflarını əllərində bayraq edib, YAP-ı elədən-elə, belədən-belə sürüyürlər. Az qala “siyasətdən heç nə anlamayan, bəlkə də ömründə bircə dəfə vətəndaş kimi səsvermə hüququndan istifadə etməmiş bir müğənnini sıralarına qəbul etməklə YAP özünü biabır etdi” məntiqi mətbuatı başına alıb.
Əzizlərim, burda təəccüblənəsi nə var, axı! Adi məntiqlə düşünün: YAP-a Ilqar Muradov yox, bəs, kim üzv olmalıdır? YAP-a siyasətdən başı çıxan adam lazımdırmı? Axı, YAP nə vaxtdan siyasətlə məşğul olur? Sizcə, siyasətlə məşğul olan bir qurumun orqanı o yekəlikdə Almaniyaya müharibə elan edər? Sizcə, siyasət haqqında anlayışı olan bir təşkilat bütün dünyaya qarşı cəbhə açıb, “əcəb eləyirəm” məntiqi ilə dövlət idarə etməyə qalxar? Sizcə, siyasətlə məşğul olan, siyasi həyatda uzun müddət qalmaq istəyən bir təşkilat bu boyda talançılığı dəstəkləyər?
YAP-a ona görə üzv olmurlar ki, Məramnamə oxusunlar, Nizamnamədən xəbər tutsunlar… Yeri gəlmişkən, YAP Nizamnaməsindən xəbəriniz varmı?
Vallahi-billahi, dünyanın ən demokratik dövlətlərinin siyasi partiyalarının nizamnaməsi YAP Nizamnaməsinin yanında heç nədir. O qədər gözəl yazılıb, elə incə mətləblər nəzərdə tutulub ki, adamın tükləri biz-biz durur. Indi deyirsiniz, hər adam YAP-a üzv olanda o Nizamnamədən xəbər tutsun və rəhbərlikdən partiya üzvü kimi səlahiyyətlərini tələb eləsin? YAP üzvünə YAP Nizamnaməsinin verdiyi səlahiyyətlərdən YAP-çılar istifadə eləsə, ölkənin belə idarəçiliyi əldən çıxar ki!
YAP-ın formalaşdırdığı hakimiyyət xalqın savadsızlığının, hüququnu bilməməyinin qayğısına şəxsən qalır. Baxın universitetlərə: ildən-ilə semestr imtahanlarının qiymətini qaldırmaqla savadsızlığın daha geniş formalarını icad edirlər; baxın orta məktəblərə: birinci sinifdən başlayaraq uşaqları təhsilə yox, rüşvətə, pula öyrədirlər.
Niyə? Ona görə ki, yeni nəsil köhnə sovet təfəkküründən xilas olmamalıdır, hüququnu bilməməlidir, zəlil, qorxaq, yaltaq kimi böyüməlidir. Belələrini idarə etmək, qul kimi işlətmək asan və rahat olur, axı!
Hakimiyyətdə qalmağın bu cür fundamental əsaslarını YAP sarsıtmalıdırmı? 560 min üzvünü savadlandırmaqla özünə gözgörəti problemmi yaratmalıdır? Onillər öncə formalaşdırdığı, cəmiyyətə yeritdiyi, inkişaf etdirdiyi “savadsızlıq və kütbeyinlik” strategiyasından üz çevirməklə tarixəmi gömülməlidir?
Əzizlərim, bir partiyanın funksioneri ki, əzələləriylə düşünmək səviyyəsində inkişaf etmiş Siyavuş Novruzov ola; bir partiyanın Idarə Heyətinin üzvü ki, “XX əsr” sözünü “xı xı əsr” kimi oxuyan Vasif Talıbov ola… Bunun üzvü kim olmalıdır? Normal siyasi savada və intellektə sahib YAP üzvü Vasif Talıbovun rəhbərlikdə təmsil olunmasını qəbul edərmi?
Bir partiyanın əsas simaları haqqında ki, bütün dünyada “oğru” yazalar və onun oğurluqlarını sübut edələr, əvəzində isə həmin adamlar heç bir utanc hissi keçirmədən yenə də xalq arasına çıxıb danışmağa dil tapalar, bu siyasi təşkilata Nizamnaməni və Məramnaməni bilən, açıq fikirli, dünyagörüşlü, çevik ağıllı üzv, ya vətəndaş gərəkdirmi?
Bakı zibilxanaları və kosmos
Tanınmış ekoloqlardan olan Telman Zeynalov mətbuata açıqlama verib. Ki, Bakıda nə qədər zibilxana varsa, hamısının yerini kosmosdan çəkməklə müəyyənləşdirmişəm.
Ay Telman müəllim, Bakıdakı zibilxanaları müəyyənləşdirmək üçün ta niyə o qədər əziyyət çəkirdiniz? Bakı elə başdan-başa zibilxanadır da – maşallah olmasın, qazılan, dağıdılan, yarımçıq qoyulan “tikinti-quruculuq” işlərinin sayəsində son illər həm də “xarabaxanaya” çevrilib…

YAP-a kim üzv olmalıdır ki?
•


