«Litva Arbitraj Məhəkəməsinin adından qətnamə çıxarmaq hüququm var»
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal Litvada arbitr seçilib. V.Mirkamalın sözlərinə görə, artıq onun Litva Arbitraj Məhəkəməsinin adından qətnamə çıxarmaq hüququ var. Buna qədər Gürcüstan, Polşa və Almaniya Arbitraj Məhəkəmələrinin də üzvü olduğunu deyən V.Mirkamal bu sistemin demokratiyanın əlamətlərindən olduğunu deyir:
“Demokratiyanın əlamətlərindən biri də ölkədə alternativ məhkəmə sisteminin mövcudluğudur. Bu, cür məhkəmələr Beynəlxalq Arbitraj Məhkəmələri sayılır və onlar demək olar ki, bütün Avropada var. Məsələn, xaricdən Azərbaycana gələn iş adamları, sərmayəçilər şikayətlərinə yerli məhkəmələrdə baxılmasını istəmirlər. Onlar şəffaf və ədalətli proseslərin keçiriləcəyi alternativ instansiya axtarırlar ki, orada öz ölkələrinin qanunları tətbiq edilsin. Belə bir sistem dünyada Beynəlxalq Arbitraj Məhkəməsi hesab olunur. Azərbaycanda bu məhkəmə 2003-cü ildə yaradılıb və onun 33 üzvü var. Indiyə qədər həmin məhkəmənin sədri mənəm. Bu müddət ərzində bizim xeyli beynəlxalq əlaqələrimiz olub”.
V.Mirkamal deyir ki, müvafiq konvensiyaya görə bütün dünya ölkələrindəki Arbitraj Məhkəmələri bu konvensiyanı imzalayan dövlətlərin ərazisində tanınır: “Bu konvensiyanı 141 dövlət imzalayıb. Hər hansı Arbitraj Məhkəməsinin qətnaməsi həmin 141 ölkədə də keçərlidir. Eyni zamanda bir məhkəmənin arbitri başqa ölkənin məhkəməsində də çıxış edə bilər”.
Gültəkin