Aydın Şükürov KXCP-də baş verənlərə aydınlıq gətirdi
Son günlər Klassik Xalq Cəbhəsi Partiyasında baş verənləri öyrənmək üçün problemlərin kökündə dayanan şəxslə – Aydın Şükürovla görüşüb söhbətləşdik.
KXCP-də nələr yaşanır və istefanın əsas səbəbi nədir?
– Istefamın başlıca səbəbi Mirmahmud bəyin böyük bir təşkilatı öz boyuna uyğunlaşdırması, öz ölçüsünə biçməsidir. Xatırlatmaq istəyirəm ki, Elçibəy dünyasını dəyişdikdən sonra AXCP iki yerə, Klassiklərə və Islahatçılara bölündü və bu bölünməyə görə Mirmahmud bəydən başqa hamı peşmandı. Böyük üstünlüklə bir tərəfdə qalan klassiklərin 2000-ci ildə keçirdiyi AXCP(K)-nin ilk Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü olmuşam. O vaxtdan bu vaxta qədər də AXCP(K) Ali Məclisinin üzvü, son vaxtlar eyni zamanda Mirmahmud Fəttayevin öz təklifi və sərəncamı ilə Sədrin müşaviri təyin olunmuşam. 2002-ci ildə AXCP ilə KXCP-nin birləşməsi istiqamətində aktiv fəaliyyət göstərmişəm. Lakin o vaxt bu birləşmə, hamıya məlum olduğu kimi, M.Fəttayevin şəxsi maraqlarına, cılız düşüncəsinə görə baş tutmayıb və Azərbaycanda ciddi milli qüvəllərin bir neçə yerə parçalanmasına səbəb olub…
Mirmahmud Fəttayevin “uğurlu” siyasəti nəticəsində bu günün reallığında AXCP cəmiyyətdə ciddi, dinamik, mübarizənin önündə olan bir təşkilat kimi görsənir. KXCP isə yolu bilinməyən, Elçibəy ideyalarından xəbərsiz olan, partiyadakı minlərlə dəyərli insanlarımızın iradəsini ifadə etməyi bacarmayan Mirmahmud Fəttayev kimi sədri olduğundan qeyri-ciddi təşkilat kimi görsənməkdədir.
– Partiyada nə vaxtdan vəziyyət gərginləşdi və istefanın son detalları nədən ibarət olub?
– 2010-cu ilin seçkilərindən sonra KXCP sədri M.Fəttayevin tutduğu siyasi kursla razılaşmamışam və ardıcıl olaraq partiyadaxili tədbirlərdə, sədrin müşaviri təyin olunduqdan sonra da Sədr aparatının iclaslarında, Idarə Heyətinin toplantılarında onun səhv siyasətini tənqid etmişəm. Ölkəmizin müxtəlif regionlarından olan, cəmiyyətimizdə kifayət qədər söz sahiblərinin cəmləşdiyi, Milli Məclis seçkilərində namizəd olmuş nüfuzlu insanlarımızın təsis etdiyi, o cümlədən KXCP üzvlərinin də iştirak etdiyi Ictimai Palataya qarşı apardığı kampaniyaya etiraz etmişəm. Lakin bunların hamısı qapalı baş verib. “Bizim yol” qəzetinin 15-17 yanvar tarixli sayında mənim IP-yə münasibətimlə bağlı fikirlərim dərc olunandan sonra Mirmahmud bəy mənə qarşı kampaniya başlatdırdı. Mənə təzyiq göstərmək məqsədi ilə rayon şöbəsinin sədrinə göstəriş verərək təcili rayon şöbəsinin məclisini çağırıb məsələmin məclisdə müzakirəsini tələb etdi…
– Bəs Idarə Heyətinin reaksiyası necə oldu?
– Idarə Heyətinin üzvləri ilə söhbət zamanı Mirmahmud bəyin mənə qarşı başlatdığı bu qeyri-etik kampaniyanı dayandırmaq tələbi ilə çıxış etmələrini istədim. Onlar da Mirmahmud bəyə bu məsələni deyərkən Mirmahmud bəy rayon şöbəsi haqqında “Onlar qələt eləyir Aydın bəy haqqında artıq-əskik danışırlar. Mən onların dərsini verərəm və buna kişi kimi söz verirəm” deyərək söz vermişdi. Lakin sözünün üstündə durmadı… Bundan sonra Mirmahmud bəyin KXCP-də yaratdığı dözülməz, qeyri-səmimi mühitdən iyrəndim və yaradılmasında iştirak etdiyim, ömrümün 23 ilini qoyduğum doğma təşkilatımı ürək ağrısı ilə tərk etmək qərarına gəldim.
– Idarə heyətinin üzvlərinin apardığı danışıqların nəticəsini gözləmədən istefa qərarı nədən oldu?
– Mirmahmud bəyin sona qədər hansı addımlar atacağını əvvəldən dostlara demişdim və bu belə də oldu. Bu adam Idarə Heyətinin üzvlərinə qarşı da hörmətsizlik edərək onlara ardıcıl yalan danışmaqla vaxt udmaq, məsələni KXCP-nin Ali Məclisində özü bildiyi kimi bitirmək istəyində olmuşdu. Eyni zamanda mənə qarşı antitəbliğat kampaniyasını da dayandırmadı. Bundan sonra tam əmin oldum ki, sədrin niyyəti nədir və bu adam düzələn deyil. Özək təşkilatının ümumi yığıncağını çağırıb məsələni müzakirəyə qoydum.
– Məsələdən özək təşkilatının məlumatı var idimi?
– Bizim özək təşkilatımız həmişə fəal olub. O cümlədən də partiyadaxili prosesləri izləyiblər və məlumatlıydılar. Toplantımızda çıxış edərək KXCP sədrinin apardığı siyasətin əsl mahiyyətini açıqlayaraq bildirdim ki, son zamanlar KXCP sədrinin apardığı siyasət Rəsulzadənin, Elçibəyin düşüncə sisteminə daban-dabana ziddir. Sədr Milli qüvvələr arasında milli şüurun formalaşmasının əleyhinədir və Əliyevlərdən də təhlükəli, dağıdıcı işlərlə məşğuldur. Çıxışımı yekunlaşdırdıqdan sonra bütün bunlara etirazımı vurğulayaraq, KXCP sıralarını tərk edib müstəqil fəaliyyət göstərəciyimi bəyan etdim. Müzakirələrdən sonra özək təşkilatı KXCP sədrinin tutduğu yanlış yola, partiyadaxili yürütdüyü antidemokratik siyasətə, avtoritar idarəetmə üsuluna etiraz olaraq bütövlükdə özək təşkilatını buraxıb KXCP sıralarını tərk etmək qərarı verdi.
Bundan sonra yenə də M.Fəttayev məsələnin yoluna qoyacağına Idarə Heyətinin üzvlərinə “kişi” kimi söz verdi. Danışıq belə olmuşdu ki, o mənə zəng etməliydi, görüşüb söhbətləşməliydik. Sona qədər zəng etmədi…
Sonda demək istəyirəm ki, mən heç vaxt o təşkilatı, təşkilatda olan namuslu vətənpərvər əqidədaşlarımı tərk etmək istəməzdim. Inanıram ki, cəbhəçilərimiz gec-tez Mirmahmud Fəttayevi ordan uzaqlaşdıracaq və təşkilatı xilas edəcəklər. Elçibəyin bir sözü ilə söhbətimizi yekunlaşdırım – “Siyasət mənim üçün Əxlaqdır!”.
Hikmət