ilham-zaqatala-zelzele

İlham Əliyevin tapşırıqları Zaqatalada qulaqardına vuruldu

ilham-zaqatala-zelzeleKəmaləddin Heydərovun göstərişlərini FHN-in işçiləri saya salmadı

«Nazir dedi ki, ev sökülüb yenidən tikilməlidir, komissiya «təmir oluna bilər» söylədi

Zəlzələ Zaqatalanın altını-üstünə çevirməsə də, insanların həyatını alt-üst edib. Camaatın nə günü var, nə güzəranı. Hamı səksəkə içindədir. Hökumət də hələ yardım etmək fikrində deyil. Ilham Əliyev, Kamalədin Heydərov rayona təşrif buyursalar da insanların dərdinə hələlik çarə tapan yoxdur. Bir-iki nəfər xoşhal olub. Onlar da ya bələdiyyənin, ya da icra nümayəndəsində işləyənlərin qohum-tanışlarıdır. Bir sözlə, qohumbazlıq zəlzələnin episentrində dağıntının fəlakəti qədər özünü göstərir.

Pusqu quranlar, yük maşınında yatanlar və…

Zaqatalanın Muxax, Zəyəm, Çobankol, Qımır, Bazar, Gözparaq, Yuxarı Çardaqlar, Aşağı Çardaqlar kəndlərindəki evlər dağıntılara məruz qalıb. Ən çox ziyan çəkən kənd Gözparaqdı, Muxax və Zəyəm sonrakı yerdə qərarlaşır.
Öncə Muxax və Zəyəmdəki hadisələrdən söz açaq. Hər iki kənddə bələdiyyənin yaxınlığında insanların gecələməsi üçün mağarlar verilir. 6 nəfər üçün nəzərdə tutulan mağarlar diqqət edilmədən kimə gəldi verilir. Mağara ehtiyacı olan kənarda qalır, bir azca evində çatı olan mağarda gecələyir. Yox, elə düşünməyin ki, az zərərçəkənə mağar düşmür. Düşür, sadəcə ədalətli şəkildə və hamıya…

Əgər kiminsə ailəsi 10 nəfərdən ibarətdirsə, ona da bir mağar düşür, üç nəfərə də.
Muxax kənd sakini Ismayıl Isayevin evi yararsız haldadır. Hazırda ailəsi ilə ata evində qalır. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib deyib ki, ev yenidən tikiləcək. Ancaq bunun nə zaman olacağını heç kim bilmir.

Bu kənddə vəziyyət çox acınacaqlıdır. Insanlar evində gecələməkdən qorxur, özlərinə mağar almaq istəsələr də verilmir. Daha doğrusu çatmır. Kənddə 1500-dən çox ev var. Ancaq 350 mağar gətirilib ki, onu da bölüşdürmək çətindi. Kimin imkanı, tanışı, qohumu varsa, asanlıqla əldə edə bilir.
Mağar əldə edə bilməyənlər həyətdə qalmalı olurlar. Bəziləri yük maşınlarında, bəziləri isə çəmənlikdə yorğan-döşək salaraq yatırlar. Elə yerlər var ki, iki-üç qonşu bir yerə toplaşıb növbə ilə, pusqu qura-qura günü-günə calayırlar.  

Muxaxda Ömərovlar ailəsinin durumu çox acınacaqlıdır. Faiq Ömərov yoldaşı və uşağı ilə həyətdə, anası və atası isə evdə gecələyir. Onlar mağarın nə olduğunu bilmir.
Yük maşınında yatan Əhməd Əliyevin ailəsi də hökumətdən heç bir yardım ala bilmir.
Zəlzələdən əziyyət çəkən bütün kəndlərə ərzaq göndərilsə də əksəriyyəti hələ heç nə dadmayıb. Ancaq ümid edirlər ki, tezliklə onlara da ərzaq paylanacaq.

Kəmaləddin Heydərov bir söz dedi, işçiləri başqa söz…

Muxaxda ən çox zərərçəkən ünvan Ramiz Xəlilov küçəsindəki evlərdir. Buradakı bütün mənzillər, demək olar, tam yararsızdı.
Ramazan Ömərov mənzilinə girə bilmir. Mağar da ala bilməyib, nəticədə gecəni həyətdə qoyduğu çarpayıda ailəsi ilə keçirir. Onun evinə Kamaləddin Heydərov baş çəkib. Bu mənzildə yaşamağın qeyri-mümkünlüyünü dilə gətirən “fövqəlnazir”in gedişindən sonra FHN-in komissiyası təkrar baxış keçirərək “təmir olunsa, yaşamaq mümkündür” “diaqnoz”unu qoyub. Bir sözlə, nazirin elə öz işçiləri onun sözlərini qulaqardına vurub.

Muxaxda ən çox zərərçəkən ailələrdən biri də Mamıyevlər ailəsidir. Evin sahibi Zalxay Mamıyeva həyat yoldaşını itirib. Kiçik övladı orta məktəbdə oxuyur, böyüyü isə hərbi xidmətdə olarkən qəzaya düşüb, əlildi. Zalxay Mamıyeva deyir ki, onun evinə birinci dəfə baxış keçirəndə “yenidən tikiləcək” deyiblər, ikinci dəfə isə “təmir edilsə, yaşamaq mümkündür” söylənilib. O isə evinin yenidən tikilməsini tələb edir. Çünki onun yaşadığı mənzilin divarları hər an uça bilər. Daşlar yüz metr məsafədən görünə biləcək qədər uçqun vəziyyətdədir: “Oğlum əlildir. Zəlzələ baş verən gün o çox qorxdu. Indi onu şəhərdə yaşayan anamgilə aparmışam. O, daim nəzarətdə olmalıdır, dərmanları vaxtı-vaxtında qəbul etməlidir. Ancaq vəziyyətim acınacaqlı olduğundan ona heç cür kömək edə bilmirəm. Heç kim bizə kömək etmir. Gəlib baxıb gedirlər”.

Rüstəm Yusubov ailəsi ilə evinə girə bilmir. FHN-nin komissiyası onlara deyib ki, mənzilinizə girməyin, ancaq heç bir yardım da edilməyib.

Ilham Əliyevin gəlişi…

Zəlzələdən ən böyük ziyanı Gözparaq alıb. Bu kənddə bütün evlər yararsız haldadır. Elə bir ünvan tapmaq olmaz ki, orada dağıntı olmasın.

Allahverdi Musayevin iki mənzili tamamilə yararsız hala düşüb. FHN evinə baxış keçirib, hər iki mənzili yararsız hesab etsə də, birini yarımçıq tikili adlandırıb. Halbuki onun hər iki evi tam tikilidir. O, mağarı da çox çətinliklə əldə edib: Anamın 95 yaşı var. Kəndin ən yaşlı adamıdır. Xəstə anama belə hörmət etmirlər. Dava-dalaşla özümüzə mağar ala bildik”.

Ilham Əliyev Gözparaq kəndinə baş çəkib. Sakinlər qarşısında çıxış edib. Bildirib ki, kənddə bütün evlər yenidən və daha böyük tikiləcək. Məktəb inşa olunacaq və gözparaqlılara baxça da hədiyyə ediləcək. Ancaq evlərə baxış keçirənlər sadəcə “təmir olunacaq” deyirlər.
Kənd sakinləri deyirlər ki, qiyamət bundan sonra baş verəcək. Evlərin tikilməsi üçün ayrılan pullar yeyiləcək: “Sonda Ilham Əliyevə ”hər şey yaxşıdır” deyəcəklər”.

Ölkə başçısının Gözparaqa gəlişi zamanı sakinlərə ərzaq da paylanılıb. Bu kəndə böyük mağarlar veriblər. Hər bir mağarda ən azı 20 nəfər yaşayır. Bu 20 nəfərə Ilham Əliyev gələn gün bir kilo yarım mal əti, bir pomidor, 3 xiyar, 6 kartof, 5 yumurta, bir çörək, bir parça yağ, bir paket çay, duz, bir kilo qənd verilib. O gedəndən sonra ərzaq da kəsilib.

***

Hamı ümid edir ki, evi tikiləcək, ancaq heç kim inanmır. Zəlzələnin nəticələri aradan qaldırıldıqdan sonra görünür, hökumətin vəlvələsi başlayacaq…

Ramin DEKO
Bakı-Zaqatala-Bakı