“Kinematoqrafçılar Ittifaqını qəsdən sıxışdırırlar”

Eldəniz Quliyev: «Dövlətin bu quruma yardım ayırmaması da Rüstəm Ibrahimbəyov amilinə görədir»

Kinematoqrafçılar Ittifaqını uzun illərdir yerləşdiyi Hökumət Evindən çıxarırlar. Rəsmi səbəb qurumun son üç ildə yığılıb-qalmış 40-45 min manatlıq icarə haqqını ödəyə bilməməsidir. Qeyri-rəsmi səbəbin isə Ittifaqın sədri Rüstəm Ibrahimbəyovla bağlı olduğu istina olunmur.
Elə Kinematoqrafçılar Ittifaqının birinci katibi, xalq artisti Rasim Balayev də mətbuata açıqlamasında bu versiyanı birmənalı inkar etməyib. Lakin R.Balayev onu da əlavə edib ki, bir R.Ibrahimbəyova görə qurumun 300 üzvünü cəzalandırmaq düzgün deyil: “Əgər borcu ödəyə bilməsək, nə olacağını bilmirəm. Real vəziyyət ondan ibarətdir ki, bizə borcumuzu ödəməli olduğumuz haqda rəsmi məktub yazıblar. Məktub xəbərdarlıq xarakteri daşıyır və orada qeyd olunub ki, borcu ödəyə bilmirsinizsə, binanı tərk edin”.
Rasim Balayev onu da bildirib ki, son illər dövlət bütün yaradıcı təşkilatlara yardım edib, amma Kinematoqrafçılar Ittifaqı bu yardımdan kənarda qalıb: “Bunun nəticəsində icarə haqqını ödəyə bilməmişik və borc yığılıb. Vaxtilə ”Azərbaycan” kinoteatrı bizim balansımızda idi, oradan müəyyən pul gəlirdi, təşkilatı saxlayırdıq. Sovet dövründə isə Moskvandan pul gəlirdi. Bütün bunların hesabına ittifaqı saxlayırdıq. Sonra vəziyyət elə oldu ki, bizə yardım etmədilər, “Azərbaycan” kinoteatrını da Kinematoqrafçılar Ittifaqından aldılar. Ona görə bu qədər borcumuz yaranıb. Bütün yaradıcı təşkilatların – Bəstəkarlar Ittifaqı, Yazıçılar Birliyi, Rəssamlar Ittifaqı, Teatr Xadimləri Ittifaqının və başqalarının balansında binası var. Kiraydə olan yeganə təşkilat bizim ittifaqdır”.
Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev isə bu məsələdə birmənalı olaraq siyasi çaların olduğunu deyir. Onun sözlərinə görə, dövlətin Kinematoqrafçılar Ittifaqını bu cür sıxışdırması və ona yardım ayırmaması Rüstəm Ibrahimbəyov amili ilə bağlıdır: “Rüstəmin siyasi fəallığı, ədalətli mövqeyi, ziyalı təşəbbüskarlığı kino işçilərinin, ilk növbədə Kinematoqrafçılar Ittifaqının bəlasına çevrilib. Bu hökumət nə elədiyini bilmir, bağışlanmaz ideoloji səhvlərə yol verir. Anlamırlar ki, milli kino Azərbaycan mənəviyyatının tərkib hissəsidir. Əgər kinov məhv olarsa, mənəviyyatımız da axsayacaq. Azərbaycanda çox hüquqlar pozulur, çox azadlıqlar məhdudlaşdırılır. Ölkədə qanun şah olmayanda həmişə belə olur”.

Gültəkin