Hakimiyyət etimad limitini tükəndirib

Britaniyanın Xarici Siyasət Mərkəzinin hökumətə mesajı bunu bir daha təsdiqləyir

Azərbaycan hökumətini sərt tənqid edən Böyük Britaniyanın Xarici Siyasət Mərkəzinin dövlətin siyasətinin müəyyən edilməsində müstəsna rol oynadığı barədə məlumat vermişdik.
Xatırladaq ki, bu beyin mərkəzi Britaniyada böyük nüfuz sahibidir və ölkənin xarici siyasətinin müəyyənləşməsində mühüm rol oynayır. Bu mərkəzlə Britaniyanın keçmiş baş naziri Toni Bleyer, Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov, keçmiş xarici işlər naziri Devid Milibend və Britaniyanın hazırkı baş naziri Devid Kemeron əməkdaşlıq edir. Bəs belə bir mərkəzin hökuməti sərt tənqid etməsi nəyin mesajıdır?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, hökumətin diplomatik danışıq tərzini aşan ritorika ilə tənqid olunması artıq bir növ ənənəyə çevrilib. Bunun da əsas səbəbi beynəlxalq səviyyədə səslənən təzyiqləri nəinki nəzərə almaması, hətta bir çox hallarda insan haqlarını kobud şəkildə pozmasıdır. Amma hazırda dünyada baş verən proseslərin fonunda hakimiyyətin islah olunması ilə bağlı fikrin tam darmadağın olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, daha sərt və diplomatik dildən kənar birmənalı ifadələrlə hakimiyyət tənqid olunur: “Hakimiyyət hesab edə bilər ki, bu, sadəcə olaraq bəyanatdır. Ancaq unutmaq lazım deyil ki, bütün bu tənqidlər ona gətirib çıxarır ki, Aəzərbaycan bu gün dünya miqyasında təcrid olunur. Bu isə öz növbəsində hakimiyyətin xeyrinə lobbiçilik imkanlarının tükənməsi deməkdir”.
F.Qəhrəmanlının sözlərinə görə, 2013-cü il prezident seçkiləri onunla nəticələnəcək ki, hakimiyyət seçkini saxtalaşdıracağı təqdirdə beynəlxalq aləmdən demokratik proseslərə dəstək ifadə olunacaq. F.Qəhrəmanlı vaxtilə Ukraynada oxşar hadisələrin yaşandığını bildirdi: “Hakimiyyət seçkini saxtalaşdırmağa əl atsa, seçkinin nəticələri tanınmayacaq, beynəlxalq birlikdən sərt tənqid gələcək. Bu isə rejimin sonuna təsir göstərən mühüm faktor olacaq. Ona görə Azərbaycan hökuməti özünü inandırıb ki, bu tənqidlərə münasibət göstərmədən davam etmək olar. Amma bu, hakimiyyəti uçuruma aparan siyasətdir. Dünyanın elə bir nüfuzlu media orqanını tapmaq olmaz ki, Azərbaycandakı mövcud durumu gündəmə gətirməsin. Deməli, artıq demokratiya Azərbaycana münasibətdə əsas həlledici məsələyə çevrilib. Bu sahədə dəyişikliklərin olmaması dünya birliyi ilə Azərbaycan hakimiyyəti arasında uçurumu dərinləşdirəcək və iqtidar üçün ciddi problemlərin yaranmasına səbəb olacaq”.

Xəyal