Elçin Behbudov Əli Kərimlinin qaynı ilə görüşüb

«Elnur Seyidov irəli sürülən ittiham üzrə özünü təqsirli saymır»

Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və hüquq müdafiəçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında monitorinq keçiriblər. Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, monitorinq zamanı təcridxanada saxlanılan şəxslərin qidalanması və onlara qarşı münasibətlə maraqlanıblar: “Bizə bildirdilər ki, təqsirləndirilən şəxslər təcridxanaya saxlanmaq üçün gətirilərkən, üstlərinə baxış keçirilir. Onlarda olan əşyalar götürülərək, protokollaşdırılır. Daha sonra isə həkim müayinəsindən keçirlər. Orada saxlanılan müddətdə isə gündə üç dəfə yeməklə, həftədə bir dəfə hamamla təmin olunurlar. Gün ərzində bir saat isə gəzintiyə çıxarılırlar”.
E.Behbudov təcridxanada saxlanılan 3 nəfərlə görüşüb ki, onlardan da biri AXCP sədri Əli Kərimlinin qaynı, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovdur: “Kompüter informasiyasına qanunsuz olaraq daxil olmaqda təqsirləndirilən Rəhman Musayev, qaçaqmalçılıqda təqsirləndirilən Namiq Səftərov və ”Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, dələduzluqda təqsirləndirilən Elnur Seyidovla görüşdüm. Heç birinin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Elnur Seyidov skleroz xəstəliyindən əziyyət çəkdiyini bildirdi. Orada olarkən Daxili Işlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlandım. Bildirdilər ki, vəziyyəti normaldır. Özünü təbii üsullarla müalicə edir. Heç kimlə görüşmək istəmir”.
“Azadlıq”a açıqlamasında E.Behbudov Elnur Seyidovla görüşü barədə bir qədər ətraflı məlumat verib. O bildirib ki, E.Seyidovdan həbsi, dindirilməsi və saxlanma zamanı hər hansı təzyiqə, qeyri-insani münasibətə məruz qalıb-qalmadığını soruşub: “Bu sualıma cavab olaraq bildirdi ki, dediyim mərhələlərdə hər hansı qeyri-insani davranışa məruz qalmayıb. Onu da bildirdi ki, irəli sürülən ittiham üzrə özünü təqsirli bilmir. Elnur Seyidovdan vəkilinin olub-olmadığını da soruşdum. Bir neçə vəkilinin olduğunu bildirdi. Xəstəliyinə gəlincə, mənə ancaq dağınıq sklerozdan əziyyət çəkdiyini bildirdi”.