Ankara valiliyi tədbirin əvvəlcədən elan olunmuş ünvanda keçilməsinə icazə verməyib
Bu gün və sabah Ankarada keçirilməsi nəzərdə tutulan Dünya Güney Azərbaycan Türklərinin I Forumunun əvvəlcədən nəzərdə tutulduğu yerdə keçirilməsinə icazə verilməyib. Bunu APA-ya Forumun Təşkilat Komitəsinin rəhbəri, Azərbaycan Kültür Dərnəyinin sədri Camal Məmmədxanoğlu deyib.
O bildirib ki, forumun Ankaradakı “Sürməli” oteldə keçirilməsi üçün əvvəlcədən razılıq əldə edilsə də, ötən gün Ankara valiliyi tədbirin təxirə salınması tələbi ilə təşkilatçılara məktub göndərib. Valilik tədbirin keçirilməsinə icazə verilməməsini təhlükəsizliyin təşkil olunmasında ortaya çıxa biləcək problemlərlə əlaqələndirib.
C. Məmmədxanoğlu deyib ki, bu məktubdan sonra tədbirin oteldə keçirilməsi mümkün olmayıb: “Lakin Dünya Güney Azərbaycan Türklərinin I Forumu təxirə salınmayıb. Biz hazırda forumun keçirilməsinə başlamışıq. Forumun işində 237 nəfər iştirak edir”.
O, forumun Güney Azərbaycan Milli Konseyinin yaradılması ideyasını müzakirə edəcəyini də bildirib.
C. Məmmədxanoğlu qeyd edib ki, forum başa çatdıqdan sonra təşkilatçılar forumun keçirilməsinə icazə verməyən Ankara valiliyini məhkəmə verəcəklər.
Ankaradakı “Sürməli” oteldən tədbirin ləğv edildiyi bildirilsə də, bunun səbəbi barədə açıqlama vermək istəməyiblər.