Toyu olacaq gün torpağa tapşırıldı (FOTOLAR)

5-samaxi-selOvculuda sel aparan gəncin həyat hekayəsi “Azadlıq”da

Bilalın atası Ağamustafa Alməmmədov: «Erməni ilə üzbəüz məkandan sağ çıxdı, bir dolunun qurbanı oldu»

O, bəylik kostyumunu geyinməyə hazırlaşdığı gün qara torpağa əmanət olundu. Ağ-əlvan məclisə qara pencək geyinməli idi, ancaq ağ geyinib məclisi qara etdi. Söhbət Ovculu kəndinin sakini, 22 yaşlı Bilal Alməmmədovdan gedir. Bilal o gün – mayın 8-də qəsəbəyə dolu yağan zaman Qanlı Dərə adlı yerdə qoyun-quzunu otarırdı. Ailəsi isə əmisinin evində toya tədarük görürdü… Hər yer qaranlıq, hər yer sükut içindədir. Kənddə səs-səmir belə yoxdu. Heç kim bu olaya inanmır, ya da özünü inandırmaq istəmir.

Toya hazırlıq gedərkən…

Alməmmmədovlar ailəsində dörd uşaq dünyaya gəlib. Evin sonbeşiyi olan Bilal Şamaxı Sənaye Kollecinin ikinci kursunda qiyabi təhsil alırdı. Ondan böyük olan iki qardaşı zabitdi. Evin böyüyü Ilkin Gəncədə, Bəkir isə Naxçıvanda hərbi hissələrin birində xidmət edir.
Mərhumun atası hadisə gününü belə təsvir edir. Deyir ki, mayın 8-də möhkəm dolu yağdı. Vəziyyət o qədər acınacaqlı imiş ki, hər yanı sel aparacağını zənn edirmişlər. Qardaşı Həbibin evində oğlunun toyuna hazırlıq görürdü. Ağamustafa sonbeşiyinə qardaşı qızını almışdı: “Gördüm ki, dolu dayanmadan yağır, təxminən bir saat yağdı. Bilala zəng etdim ki, hardasan. Dedi ki, Qanlı Dərədəyəm. Tez evə gəlməsini söylədim. Cavabı bu oldu ki, ”qoyun-quzunu götürüb gəlirəm”. Üstündən bir az keçdi. Ikinci dəfə ona zəng edəndə, telefonuna zəng çatmadı. Məndən başqa dost-tanışlar da, qohum-əqrəba da zəng vurdu. Nəticə olmadı. Çox narahat idim. Dolu dayanan kimi çəkməmi geyinib Qanlı Dərəyə doğru getdim. Uzaqdan bir qaraltı gördüm. Elə bildim Bilaldı. Nə qədər səslədim cavab vermədi. Yaxına getdim, mənə sarı gələn adamın Bilal olmadığını gördüm. Ondan oğlumu görüb-görmədiyimi soruşdum. Dedi ki, Bilalı görməyib, ancaq qoyun-quzu dağın o tayındadır. Getdim o deyən yerdə qoyun-quzunu tapdım, ancaq Bilalı tapa bilmədim. Naməlum nömrədən əl telefonuma zəng gəldi. Dedilər ki, kəndə qayıt. O dəqiqə ürəyim sancdı, nəsə olduğunu düşündüm. Kəndə doğru yön aldım, evə çatanda isə həyat yoldaşım qapının önündə məndən Bilalı soruşdu. Birdə gördüm ki, oğlumun meyitini gətirirlər”.
Ağamustafa kişi deyir ki, sel oğlunu Qanlı Dərənin yaxınlığından evlərinin qarşısındakı nohura qədər gətirib: “Evimizin qarşısındakı nohurda su turbası selin meyiti aparmasına mane olub. Yoldan ötənlər turbanın yanında qaraltı bir şey görüblər. Yaxına gələndə meyit olduğunu anlayıblar. Üz-başı palçıq olduğundan kim olduğunu ayırd edə bilmədikləri üçün qonşu kəndə aprıblar. Orada Bilalı tanıyandan sonra meyiti evimizə gətirdilər”.

Bəy olacağına inanmırmış

Bilal Alməmmədov 1991-ci ilin fevralın 1-də elə yaşadığı kənddə dünyaya göz açıb. Ali məktəbə hazırlaşan Bilal universitetə girə bilmədiyi üçün sənədlərini kollecə verir. Elə həmin il də qəbul olub, əsgərliyə gedir. Hərbi xidməti Goranboy rayonun Tapqaraqoyunlu kəndində keçirir. Erməni ilə sərhəd olan bu ərazidə, demək olar, hər gün atışma olur. Yaxınları Bilalın hərbi xidmətdə olduğu anları belə canlandırırlar: “Hər gün atışma olurdu. Gözümüzü televizordan çəkə bilmirdik. Xəbər eşidən kimi o dəqiqə Bilala zəng edirdik. Səsini eşidəndən sonra rahatlaşırdıq. O cür yerdən sağ-salamat gəldi, bir dolunun qurbanı oldu. Qismət Allahdandır, yəqin ki, taleyi bura qədər imiş”.
“Bilal çox zarafatcıl idi. Hamıyla deyib gülürdü. Heç kim ondan küsməzdi. Kənddə bir adamın ondan narazılığı olmazdı”, – deyir qohumları.
Əmisi Tofiq həm də Bilalın kirvəsi idi. Tofiq deyir ki, qardaşı oğlu hər gün bəylik kostyumunu geyinirdi: “Kostyumu geyinib, yaraşıb-yaraşmadığını evdəkilərdən soruşurdu. Tez-tez də sual edirdi ki, ”mən bəy olacam?”. Elə bil Allahdan ona nida gəlmişdi. Özü də bəylik taxtına çıxacağına inamırdı”.

Boş qalan otaq

Bilal əmisinin ad günündə ona baş çəkməyə gedibmiş: “Mənlə görüşdü, dedi ki, oğlundan narahat olma, ona qardaş olacam. Mərdan mənim tək oğlumdu. Bilal ona arxa-dayaq idi. Həmişə, hər an yanında idi. Allah rəhmət eləsin, o dünyasını versin, onu doğma övladlarım qədər sevirdim”.
Tofiq Bakıda yaşayır. Qardaşı oğlunun və qardaşı qızının toyunda iştirak etmək üçün iş yerindən bir həftəlik icazə alıb. Toy olmayacaq, ancaq o elə bir həftə də kənddə qalmalı olacaq.
Alməmmədovlar nəsli son bir ildə çox itkilər verib. Bilalın ölümü artıq beşinci köçdü.

Albomdan Bilalın şəkillərini götürmək üçün ev sahibindən xahiş edirik. Xahişimiz yerinə yetirilir, ancaq bu işi görəcək adama bərk-bərk tapşırırlar ki, şəkilləri gətirən zaman anasının xəbəri olmasın: “Anası hər dəfə Bilal sözünü eşidəndə halı xarab olur. Şəkillərini görsə, yenə özündən gedəcək”.
Şəkilləri gətirən adam albomu açan kimi evdəki səs mağara daxil olur. Ata, qardaşlar, əmi, dayı hamı göz yaşlarına saxlaya bilmir.
Şəkillərin bir-ikisini seçib geri qaytarırıq. Anası ilə söhbət etmək istəyimizi heç cürə dilə gətirə bilmirik. Buna nə bizim cəsarətimiz çatır, nə də anaya bu sözləri deyə biləcək kimsə də ürək var.
Bilalın bəylik otağına da girə bilmirik. Deyirlər ki, anası bizi görsə, çox pis olacaq: “Otaq təzə təmirdən çıxıb. Ora bir gün sonra cer-cehiz yığılmalı idi. Kimsə ora girməyə ürək eləmir”.

***

Bilalın ölümü təkcə kənddə deyil, bütün rayonda əks-səda verib. Rayon bu acı xəbərdən təəssüflənir, kənd isə heyrət içindədir.
Bütün kənd toya hazırlaşırdı. Elə bil hamının toyu idi, indi isə hamının yasıdı.
22 yaşlı bir gəncin həyat hekayəsi beləcə yekunlaşdı. Mayın 9-da onun üçün toy mağarı əvəzinə yas mağarı quruldu…

Ramin DEKO
Bakı-Şamaxı- Ovculu-Bakı