Siyasəti incəsənət hesab etmək olsa…

Yazılası mövzu çoxdur, adam bilmir, nədən başlasın. Əvvəlcə onu deyim ki, hər gün qəzetlərin üçüncü səhifəsinin yuxarı küncünə, bayramlarda isə tele-ekranların sağ küncünə baxanda dilxor oluruq. Hə, qəzetlərə baxanda ona görə dilxor oluruq ki, orada bizim məhbus dostlarımızın şəkilləri əks olunub və biz onların azadlığa çıxması üçün dəridən-qabıqdan çıxsaq da o insanlar hələ də məhbəs həyatı yaşayır. Tele-ekranlarsa bizi ona görə dilxor edir ki, dəxli oldu, olmadı, bütün bayramlarda yapçılar liderlərinin şəklini ekranın sağ küncündə yerləşdirirlər. Bizim buna təsir imkanımız yoxdur, sadəcə biz kanalı dəyişib xarici kanallara baxmaqla bundan canımızı qurtara bilərik. Bu da üzücü bir reallıqdır. Sovetlər vaxtı insanlar buna 70 il dözdülər. Hərçənd belə ideoloji tapıntı peşəkar sovet təbliğatçılarının da ağlına gəlməmişdi. Bu nəsə yeni bir şeydir. Təbii ki, analoqları var və onun haradan götürüldüyünü də tapmaq mümkündür. Amma faydasız məşğuliyyətdir, çünki bütün despot rejimlər belə vizual görüntülərdən və adamı dilxor edən siyasi eptitetlərdən gen-bol istifadə edirlər. Ona görə də qiymətli vaxtımızı belə araşdırmalara həsr etməyək.
Ermnistanın əhalisi belə çoxdur?
Ermənistanda da seçki oldu. Necə keçirildi, nə baş verdi, hamınız bilirsiniz! Əslində orada da bizdə olduğu kimi seçki-filan olmur, düzüb-qoşurlar və bununla da iş bitir. Məni başqa məsələ maraqlandırır. Birincisi, Ermənistan  parlamentinin 131 üzvü var, bu, bizimkindən bir neçə nəfər çoxdur. Ikincisi o ölkədə deputatların 90 nəfəri partiya siyahıları ilə seçilir. Indi məni bir detal maraqlandırır. Bizim əhalimiz Ermənistanınkından bir neçə dəfə çoxdur və bununla hamınız razılaşarsınız. Bəs niyə deputatlarımızın sayı azdır? Bu, bir məsələ. Onlar deputatların əsas hissəsini partiya siyahıları ilə seçirlər, bunu artıq qeyd etdim. Belə çıxır ki, Ermənistanda çox güclü partiyalar var, amma bizdə belə partiyalar yoxdur, çünki proporsional sistemi ləğv edəndə əsas arqument bu olmuşdu ki, partiyalar zəifdir. Indi bütün bunları necə anlayaq və nə tədbir tökək? Bilmirəm. Əgər bilsəydim, yazardım…
Siyasi komiks bitdimi?
Mən Rusiyadakı hadisələrə siyasi komiks kim baxıram. Yerlər yenə dəyişdi, Medvedev baş nazir, Putin prezident oldu. Rusiyanın siyasi mühiti həmişə özəllikləri ilə fərqlənib. Rus çarları öz saraylarında nələr etməyiblər? Mənim bu məsələni xüsusi qabartmaq fikrim yoxdur, çünki hamı bunları bilir. Bunu mütləq monarxiyanın təzahürü kimi də yozmaq olardı, amma bu monraxiya tək Rusiyada olmayıb. Indi Medvedevi K.Çernenko ilə müqayisə edirlər. Mən isə onunla çar Pavel arasında bir oxşarlıq görürəm. Siyasi analitiklərdən biri maraqlı fikir deyib: “…Medvedev özünə diqqət tələb etdikcə daha gülünc və yazıq vəziyyətə düşürdü”. Mən bununla tam razıyam. Hətta düşünürəm ki, o  adam baş nazir olandan sonra səlahiyyətləri prezidentliyi dövründəkindən çox olacaq. Siyasətdə hakimiyyətdə qalmaq həmişə bacarıq sayılır. O aspektdən yanaşanda Medvedevə də bacarıqlı adam demək olar. Amma bir incəsənət mövqeyindən yanaşanda (siyasəti incəsənət hesab etmək etiraz doğurmasa) bu, o qədər də xoş ovqat yaratmır. Bəli, bizim hakimiyyətdə elə adamlar var ki, həm sovet vaxtında, həm də indi böyük postlar tutublar, indi hər şeyləri var, həyatları firavandır, hətta alimlik dərəcələri də alıblar. Amma heç kim onlara əsl siyasətçi kimi baxmır, onların adı gələndə kimsə ürəkdən qibtə hissi keçirmir…
Kiçik sözardı
Fikirləşmişdim ki, bir-iki söz də Fransadan yazım. Amma elə bir şey yoxdu və sadəcə diqqəti çəkən seçkiyə hörmətdir. Hə, hətta N.Sarkozi özündə güc tapıb “oyun qaydaları”na tabe oldu, öz rəqibini təbrik etdi. Dünyanın bütün normal ölkələrində belədir. Harada belə deyil? Rusiyada və bir də onun hələ də qəyyumluq etdiyi ölkələrdə! Bu ölkələrdə seçki əsl faciəyə çevrilir, rəqib siyastəçilər nəinki biri-birini təbrik etmir, hətta seçkinin nəticələrini tanımır, biri-birini az qala top atəşinə tuturlar. Doğrudan elə yaxşı deyiblər ki, ruslar Antarktidanı kəfş ediblər və orada heç kim yaşamır…