İsveçin ən tirajlı nəşrlərindən biri Azərbaycan hakimiyyətinin avtoritarlığından və pula hərisliyindən yazdı
«Azərbaycanda insanlar kasıb yaşayırlar, lakin bu, neft pullarından varlanan hakim Əliyev klanına aid deyil»
“Eurovision” yaxınlaşdıqca dünyanın ən nüfuzlu media orqanlarında musiqi yarışmasının keçiriləcəyi Azərbaycan, bu ölkədəki ictimai-siyasi durum barədə materiallar da artır. Bu məqalələrin demək olar ki, hamısında Azərbaycandakı diktatura rejimi sərt tənqid olunur. Bu qəbildən olan növbəti material Isveçin ən nüfuzlu media qurumlarından olan “Dagens Nyheter” qəzetində yer alıb. “Parıltılı şlyager məclisilə gizlədilən kasıblıq” başlıqlı məqalədə hakim ailənin zəngin həyat tərzi fonunda ölkə əhalisinin əksəriyyətinin kasıb yaşadığı vurğulanır.
Məqaləni təqdim edirik:
***
Iki həftə sonra Bakıda keçiriləcək şlyager məclisi pis reputasiyası olan bir ölkənin piar kampaniyasında kulminasiya nöqtəsidir…
“Eurovision” yarışması üçün “Cristall Hall” kompleksi inşa edilmişdir. “Dagens Nyheter”in müxbiri də bu salonu seyr edib.
Yarışmanın Təşkilat Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Ağası bizi əmin edir ki, işlər zamanında tamamlanacaq. Biz yeni tikilinin ətrafına səyahət edirik. Vaxtilə bura sovet dəniz donanmasının qalıqları ilə çirklənmiş ərazi idi. Sonradan orada Bayraq Meydanı inşa edildi. Bayraq meydanı tikilən zaman dünyanın ən hündür bayrağı burada idi…
Arenanın səhnəsinə daxil olmağa icazə vermirlər…
Kamran Ağası öyünür ki, bu, “Eurovision” tarixində ən yaddaqalan yarışma olacaq. Bu məsələdə o haqlıdır; onlar öz adlarını qorumaq üçün xəsislik etmirlər. Hakimiyyət korrupsiyaya uğramış diktatura rejiminə müasirlik aurası vermək üçün milyonlar xərcləyir. Bu mənada “Eurovision” musiqi yarışması onların istəklərinin qismən həyata keçməsinə kömək etmişdir. Necə ki, “Milan” isveçli Zlatanı (futbolçu Ibrahimoviç nəzərdə tutulur) komandaya cəlb edərək uğurlar qazandı, eləcə də bunlar ötən il Isveç-Britaniya duetindən istifadə etdilər. Nəticədə Ell&Niki qalib gəlir…
“Cristall Hall” Bakı ilə bağlı “Xəzərdə Dubay” anlayışını möhkəmləndirən sonuncu misaldır. Bu dəyişikliyi səciyyələndirən isə neft, qaz və möhkəmlənmiş ailə hakimiyyətidir.
22-26 mayda ölkədəki varlı Qərb musiqi həvəskarları yarışmaya ev sahibliyi edəcəklər. Onlar Avropasayağı geyinirlər. Bakının mərkəzində Qərbin brend mağazaları Şərq restoranları ilə birgə küçə boyu düzülmüşdür.
Hakim Əliyevlər ailəsi özlərində keçmişi və gələcəyi birləşdirirlər. Dövlət başçısı Ilham Əliyev hakimiyyəti atasından – KQB generalı, kommunist Heydər Əliyevdən miras alıb. Onun həyat yoldaşı Mehriban Əliyeva, qızları Arzu və Leyla ən yeni dəblə geyinirlər və Avropada da bu cür tanınırlar.
Ilham Əliyev avtoritar hakimiyyətini möhkəmləndirərkən, ailə üzvləri daha çox bizneslə məşğuldur. Leyla Əliyeva Moskvada rus və ingilis dillərində çap olunan “Baku” jurnalının təsisçisidir. Mehriban Əliyeva isə çoxsaylı digər işlərilə yanaşı, həm də “Eurovision”ın Təşkilat Komitəsinin rəhbəridir.
Azərbaycanda insanlar kasıb yaşayırlar. Bu ölkədə adambaşına düşən Ümumdaxili Məhsul Rusiyadakının yarısı, Isveçdəkinin isə onda biri qədərdir. Lakin bu, neft pullarından varlanan hakim Əliyev klanına aid deyil. Bu sinfin nümayəndələri qara “Lexus”ları dənizkənarı bulvarda saxladıqları halda, ölkədəki orta təbəqə hətta “Zara”, “Debenhams” kimi mağazalardan da geyinməkdə çətinlik çəkir.
Hakimiyyət parıltılı binaları göstərməkdə həvəslidir, lakin onların göstərmək istəmədiyi şeylər də var. Məsələn, Qarabağdan didərgin düşmüş qaçqınların durumunu, bu ölkədə azadlıqlara qoyulan məhdudiyyəti, kasıblığı göstərmək istəmir.
Bir müxalif jurnalistdən “Eurovision” haqda nə düşündüyünü soruşuram. Deyir ki, ölkəyə çoxlu adamın gəlməyini istəyir: “Gəlsinlər və problemləri görsünlər…”
Bu problemləri görmək üçün şəhərin mərkəzindən yarım saatlıq məsafədə aralanmaq, neft pullarının gedib çatmadığı yerlərə baş çəkmək gərəkdir…
Siyasət şöbəsi



