Heydər Əliyev deyir ki…

Dünən Heydər Əliyevin ad günü ilə bağlı silsilə tədbirlər çərçivəsində ən çox diqqətimi çəkən “ümummilli”nin deyimlərindən seçmələrin dərci oldu. Oxudum və düşündüm ki, görəsən, Ilham Əliyevin bu sözlərdən xəbəri varmı?
Heydər Əliyev deyir ki, “rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanətdir”.
Ilham Əliyev rüşvətxor və oğruları “Şərəf”ləndirmək, “Şöhrət”ləndirməklə, onlara gen-bol şərait yaratmaqla, atasının dediyi kimi, xalqa xəyanət etdiyini bilirmi?
Heydər Əliyev deyir ki, “heç bir ölkəni özünə düşmən hesab etməməlisən”.
Bəs, Ilham Əliyev niyə bütün Avropanı özünə düşmən elan edib? Adam atasının siyasi yolunu davam etdirirsə, bu nə müharibədir açıb dünyanın ən güclü dövlətlərinə?
Heydər Əliyev deyir ki, “tənqid həmişə işə kömək edir”.
Ilham Əliyevsə daxildə tənqid edənləri türmələrə soxur, xorla oxumayanların, yalaq və yaltaq olmayanların, sistemin girovuna çevrilməyənlərin, cinayətdən kənarda qalanların kökünü kəsir; xaricdən gələn tənqidlərin arxasında isə “düşmən barmağı” axtarır, bütün topu, topxanası ilə buna qarşı mübarizə aparır.
Heydər Əliyev deyir ki, “öz ana dilini bilməyən adam şikəstdir”.
Ilham Əliyev niyə şikəstlərlə işləyir? Azərbaycan dilində danışa bilməyən şikəst məmurları niyə başına yığıb? Yoxsa, bu sözlər onlara aid deyil? Onların ana dili başqa dildir?
Heydər Əliyev deyir ki, “ağıl olan yerdə zora ehtiyac yoxdur”.
Ilham Əliyevin gücə əl atmasının səbəbi nədir? Hakimiyyət bütün zor aparatından istifadə edib, azad fikirli, müstəqil büşüncəli insanları şərləməklə, zindanlara atmaqla, qanına qəltan etməklə nə demək istəyir? “Ümummilli”nin təbirincə, bu ki ağılsızlıq, düşüncəsizlikdir!
Heydər Əliyev deyir ki, “rüşvətxorluq bizi içimizdən yeyir?”.
Bu sözlərin üstündən nə qədər keçib? Bir sistemi ki, illərdir rüşvətxorluq içindən yeyə, onun içi qalarmı? Bu rüşvətxor, korrupsioner sistemin artıq quruca qabığının qaldığını bilmək çoxmu çətindir?
Heydər Əliyev deyir ki, “həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyil. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər”.
“Həqiqi mənəviyyatın” yalandan, riyadan, rüşvətdən, korrupsiyadan kənar olduğunu söyləməyə heç bir ehtiyac yoxdur, yəqin ki! Bu hesabla “milyonları, milyardları” olan rüşvətxor yaramazlar fərqindədilərmi ki, cəmiyyətdə “heç bir şey”dirlər?..
Heydər Əliyev deyir ki…
Çox sözlər deyib Heydər Əliyev, hər halda, böyük əksəriyyəti yaşam reallığının, təcrübənin nəticəsində meydana gəlib. O ayrı məsələ ki, bunları öz həyatında tətbiq edib, ya yox? Fakt ondan ibarətdir ki, deyib və özündən sonrakı “varislərinə” bu kəlamları ərmağan qoyub.
Bəs, Ilham Əliyev Heydər Əliyevin “hüquqi və mənəvi varisi”ydi? Bəs, YAP hakimiyyəti “Heydər Əliyev siyasi xəttinin davamçısı” hesab olunurdu?
Azərbaycan hakimiyyətində heç bir yolun, heç bir siyasi xəttin, heç bir hüquqi varisliyin olmadığını hamı çox yaxşı anlayır. Bu hakimiyyətin yeganə yolu, xətti, siyasəti, hədəfi varsa, o da talamaq, talamaq və bütün vasitələrdən istifadə etməklə talamaqdır. Amma “ümumilli”lərinin bir kəlamını YAP-çılara xatırlatmaq vacibdir.
YAP-çılar, Heydər Əliyev dahidirmi, müdrikdirmi, uzaqgörəndirmi, Vanqadırmı, Nastradamusdurmu?
Inandım sizə, inandım təbliğatınıza və Heydər Əliyevin dahiliyinə. Baxın, Heydər Əliyev deyir ki: “Heç kim əbədi qalib ola bilməz”.
Bu hakimiyyət də əbədi olaraq “qalib” və əbədi olaraq “sorğudan kənar” deyil – mən yox, o yekəlikdə Heydər Əliyeviniz deyir bunu. Heydər Əliyevə inanırsınızsa, onda rüşvətxoru qəhrəman səviyyəsinə yüksəltməklə xalqa xəyanətlərin bədəlinin ödəniləcəyinə; zora əl atanların ağılsızlığının üzə çıxacağına; bütün dünyanı özünə düşmən etməyin cəzasının yaşanacağına şübhə etməyin…