britaniya-bayraq

Britaniyadan Azərbaycana qarşı sanksiya tələbi

britaniya-bayraqXarici Siyasət Mərkəzi hakimiyyətə və beynəlxalq birliyə ciddi şərtlər irəli sürdü

“Azərbaycan hökuməti son 10 ildə ölkədə demokratik yox, məhdud modernləşmə siyasəti aparıb”. Bu barədə Böyük Britaniyadakı Xarici Siyasət Mərkəzinin yaydığı hesabatda bildirilir. Hesabatda qeyd olunur ki, ölkə iqtisadiyyatı genişlənsə də siyasi motivli həbslər davam etdiyindən ölkədə siyasi azadlıq, ədalətli seçki və mətbuat azadlığı sahəsində vəziyyət pisləşib (“Azadlıq” radiosu).
Hesabat müəllifləri xəbərdarlıq edir ki, artıq ölkədə neft bumu arxada qalıb və Azərbaycan hökuməti əldə etdiyi vəsaiti ağılla xərcləməli, korrupsiya və səriştəsizliyə qarşı mübarizəyə sərf etməlidir, əks halda ictimaiyyətin böyük təzyiqi ilə üzləşəcək.

Azərbaycan diqqət mərkəzində

“Azərbaycan diqqət mərkəzində” adlanan hesabatda Azərbaycanın demokratik inkişaf, qanunun aliliyi, media azadlığı, mülkiyyət hüquqları və digər əsas idarəçilik və insan haqları sahələrində problemləri dərindən təhlil edilib. Həmçinin beynəlxalq münasibətlərin, iqtisadiyyatın, həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin ölkədəki vəziyyətə təsiri araşdırılıb.
Hesabatda vurğulanır ki, Böyük Britaniya, Avropa Birliyi və Qərb Azərbaycanda iştirakı enerji diplomatiyası ilə kifayətlənməməli, islahatlar üçün daha güclü təzyiq etməlidirlər.
Sənəddə belə bir fikir irəli sürülür ki, Azərbaycan hökuməti demokratik yox, məhdud modernləşdirmə siyasəti yürüdür. Bəzi qanunvericilik və dövlət prosesləri yaxşılaşdırılsa da, Azərbaycanda hakimiyyətin təbiəti plüralist deyil, insan haqlarına dair bəzi əsas sahələrdə və idarəçilikdə vəziyyət pisləşir. Buna görə də hesabatda Azərbaycan hökumətinə bir sıra tövsiyələr irəli sürülür.

Siyasi məhbuslar buraxılsın, mitinqlərə şərait yaradılsın

– Parlament seçkilərində namizədlik üçün 450 imza tələbi azaldılsın və seçkilərdə saxtakarlığa son qoyulsun;
– 2011-ci ilin anti-korrupsiya kampaniyası canlandırılsın, monitorinq gücləndirilsin, dövlət kontraktları açıq tenderə çıxarılsın, bazarlara siyasi nəzarət aradan qaldırılsın. Vergi yoxlamalarında sui-istifadə halları aradan qaldırılsın;
– Məhkəmə-Hüquq Şurasına icra strukturlarının təsirini azaltmaq üçün islahatlar aparılsın, cinayət işlərində bəraət şansını artırmaq üçün ittihama meyllilik azaldılsın, siyasi işlərə, hökmlərə, cəzalara son qoyulsun;
– Müdafiə vəkilləri üçün təhsil, ixtisasartırma və təlim şəraiti, onların müştərilərə çıxışı, məhkəmənin təyin etdiyi müdafiə vəkilləri, siyasi işlərdə təqsirləndirilənlərlə davranış yaxşılaşdırılsın;
– Bütün siyasi məhbuslar buraxılsın, AŞ PA-nın xüsusi məruzəçisinin ölkəyə çıxışına icazə verilsin;
– Siyasi etirazların hədəf auditoriyasına yaxın yerlərdə keçirilməsi üçün Bakının mərkəzində yeni məkanlar təsdiqlənsin. Qanuni piketlər və digər siyasi fəaliyyətə polis müdaxiləsinə son qoyulsun;
– QHT-lərin qeydiyyatına dair qərarlar üçün hüquqi çərçivə müəyyən olunsun, onların qeydiyyata alınması, yaxud imtina olunmasının aydın prosedurları müəyyən edilsin. Beynəlxalq QHT-lərə bürokratik təhdid və aşırı məhdudiyyətlərə son qoyulsun;

Müstəqil jurnalistlərə, bloggerlərə qarşı təhdidlər dayandırılsın

– Rəqəmsal yayıma keçid imkanından istifadə edərək müstəqil kanalların Azərbaycanda yayımına şərait yaradılsın. Azərbaycan kanallarına beynəlxalq verilişləri təkrar yaymağa icazə verilsin və ya “Azad Avropa”/”Azadlıq” radiosu, BBC və “Amerikanın Səsi”-nin milli tezliklərdə yayımı bərpa edilsin;
– Milli Teleradio Yayım Şurası, Mətbuat Şurası və Ictimai Televiziyanın strukturları və fəaliyyəti elə islah olunsun ki, onlar hökumətdən asılı olmasınlar. Müstəqil nəşrlər və jurnalistlər üçün iqtisadi imkanlar yaxşılaşdırılsın. Mətbuat Şurasının qara siyahısının dərci və müstəqil qəzet satanlara təzyiqlər dayandırılsın;
– Müstəqil jurnalistlərin, bloggerlərin və fəallara qarşı siyasi motivli təhdid və təqiblər dayandırılsın, onlara qarşı “xuliqanlıq” kimi qeyri-müəyyən və uydurma ittihamlara son qoyulsun;
– Internetə geniş zolaqlı çıxış ciddi şəkildə artırılsın. Bloggerlərin hədəfə alınmasına, şəxsi e-mail hesablarına və sosial şəbəkələrdə tənqidlərin monitorinqinə son qoyulsun;
– Qadınlar və cinsi azlıqlar üçün bərabərliyin təminatı sürətləndirilsin, din azadlığına bürokratik məhdudiyyətlər ləğv olunsun;
– Dövlət ehtiyacları üçün torpaqların alınması qanunu çərçivəsində hüquqi təminatlar gücləndirilsin, mülkiyyətin qanunsuz mənimsənilməsi və evindən məcburi çıxarılmaya son qoyulsun. Ədalətsiz kompensasiya sistemində islahatlar aparılsın;

Səhiyyə və təhsilə diqqət artırılmalıdır

– Ombudsman Institutunun müstəqilliyi artırılsın, Milli Insan Haqları Fəaliyyət Planı yerinə yetirilsin;
– Münaqişə irsindən avtoritar nəzarəti gücləndirmək vasitəsi kimi istifadəyə, sülhyaratma cəhdlərinə maneələrə son qoyulsun;
– Ümumdünya Ticarət Təşkilatına qoşulma cəhdləri bərpa olunsun, rəqabəti artırmaq üçün Avropa Birliyinin Dərin və Hərtərəfli Azad Ticarət Sazişi üzrə iş aparılsın;
– Dövlət Neft Fondunda tədbirli və uzunmüddətli idarəçilik təmin olunsun;
– Maaşların artırılması və proqramların tam maliyyələşməsi üçün səhiyyə və təhsil sahəsinə investisiyalar artırılsın. Miqrasiyanın qarşısını almaq üçün iş yerləri yaradılsın.

2014-ə qədər AŞ PA öhdəlikləri icra olunsun

Bundan başqa, sənəddə Azərbaycan hökumətinin yuxarıda göstərilən məsələlər üzrə islahatlar aparmasının təmin edilməsi, hökumətin idarəçilik və insan haqlarına dair, xüsusilə də Avropa Şurası və Avropa Birliyi qarşısında beynəlxalq öhdəliklərinə əməl etməsinə nəzarət olunması istənilib.
– Avropa Birliyi özünün razılaşdırdığı insan haqları öhdəliklərinə nəzarəti və həmin öhdəliklərin müdafiəsini gücləndirsin. Azərbaycanın mülki cəmiyyətinə maliyyə və texniki yardım artırılsın;
– Azərbaycanın 2014-cü ildə Avropa Şurasına sədrliyi ərəfəsində insan haqları sahəsində konkret irəliləyişlər etməsi tələb edilsin, yoxsa institusional sanksiyalar qoyulsun;
– Minsk prosesi canlandırılsın, Azərbaycanın məcburi köçkün problemi barədə məlumatlılığı və problemə dəstəyi artırılsın;
– Azərbaycanda gələcəkdə keçiriləcək beynəlxalq siyasi, iqtisadi, idman və mədəniyyət tədbirlərindən siyasi islahatlara çağırış üçün istifadə olunsun. Islahatlar aparılmasa, Azərbaycanın Olimpiya oyunları, yaxud Avropa Çempionatına ev sahibliyinə uyğun gəlib-gəlməməsinə baxılsın.

Britaniya hökumətinin hesablaşdığı mərkəz

Sonda Britaniyadakı Xarici Siyasət Mərkəzi və onun fəaliyyəti barədə qısa məlumat vermək istərdik. Onu da qeyd edək ki, bu beyin mərkəzi Britaniyada böyük nüfuz sahibidir və ölkənin xarici siyasətinin müəyyənləşməsində mühüm rol oynayır. Bu mərkəzlə Britaniyanın keçmiş baş naziri Toni Bleyer, Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov, keçmiş xarici işlər naziri Devid Milibend və Britaniyanın hazırkı baş naziri Devid Kemeron əməkdaşlıq edir.
Xəyal