«İri nominallı əskinazların dövriyyəyə buraxılmasının ciddi fəsadları olacaq»
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov daha böyük nominalda əsginasların buraxılmasının gözlənildiyini deyib. Bunlar 150, 200 və 500 nominallı əsginaslar ola bilər. Əskinazların buraxılmasının konkret müddəti bəlli olmasa da, hazırda bununla bağlı layihə-dizayn işləri aparılır.
Yeni əskinazların dövriyyəyə buraxılmasına ehtiyac varmı? Eyni zamanda bunun hansı müsbət və mənfi tərəfləri ola ilər?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu yeni əskinazların dövriyyəyə buraxılmasına ehtiyac olmadığını deyir. Çünki dünyada hegemon dövlət olan ABŞ-da dövriyyədə olan pul kütləsi ümumdaxili məhsuldan çox olsa da, ən böyük pul əskinazı 100 dollardır. Bu da hesablamada heç bir problem yaratmır. Azərbaycanda pul kütləsinin təxminən 52%-nin banklarda cəmləşdiyini deyən ekspertin sözlərinə görə, belə əməliyyatların əsas məqsədlərindən biri hesablaşmaları sadələşdirməkdir. Amma Azərbaycanda bu kimi təşəbbüsü birmənalı qiymətləndirmək mümkün deyil. Çünki bunun müsbət və mənfi tərəfləri də var. Müsbət tərəfi ondan ibarətdir ki, iri miqdarda hesablaşlamalarda sadələşməyə gətirib çıxara bilər. Eyni zamanda nominal əskinazların yüksək olması çap xərclərinin azalmasına gətirib çıxar bilər.
Mənfi tərəflərinə gəldikdə isə, ilk növbədə pulun dəyərsizləşməsi prosesi sürətlənəcək. Həmçinin yeni əskinazlar dövriyyəyə buraxılanda saxta pulların da dövriyyəyə çıxması ehtimalı artır.
Ekspert iri əskinazların xırdalanması zamanı da çətinliklərin yarana biləcəyini deyir. Bu, əsasən əmək haqları və pensiyaların bankomatlardan alınması zamanı baş verəcək.
Ekspertin sözlərinə görə, yeni əskinazların dövriyyəyə buraxılması xırda pulların dövriyyədən çıxmasını sürətləndirə bilər.
Fizzə