Sarkozi köhnə peşəsinə qayıdır

Seçkiləri uduzan Fransa prezidenti bundan sonra vəkillik edəcək

Fransada bazar günü keçirilən seçkilərdə prezident postunu qoruya bilməyən və son dəfə hökumətin toplantısını keçirən Nikola Sarkozi köhnə peşəsinə qayıtmaq-vəkillik etməyə- barədə qərar verib. “Seçkilərdə məğlub olarsam siyasətdən gedəcəyəm” deyən Sarkozinin nə edəcəyi maraqla gözlənilirdi. İlk günlər onun siyasətdən tamamilə uzaqlaşmayacağı və Paris bələdiyyəsinin rəhbərliyinə namizədliyini irəli sürəcəyi iddia olunurdu.

Ancaq Sarkozinin mətbuat katibi Frank Luvye onun vəzifəsini tərk etdikdən qısa müddət sonra vəkilliyə başlayacağını bildirib.
Bununla yanaşı Avropa Parlamentinin “Yaşıllar” partiyasından olan fransız deputatı Daniel Kon-Bendit “TF1” televiziyasına açıqlamasında Sarkozini iş adamı kimi görmək istədiyini söyləyib. Onun sözlərinə görə, Sarkozi də Almaniyanın keçmiş kansleri Herar Şröder kimi bir qaz və ya nüvə enerji şirkətinin məsləhətçisi ola bilər.

azadliq.info